İdarəetmədə islahatlar xalqın ümumi istəyinə xidmət edir ŞƏRH

İdarəetmədə islahatlar xalqın ümumi istəyinə xidmət edir ŞƏRH

Hər bir ölkənin inkişafında idarəçilik sistemində təkmilləşmə əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın bu sahədə təcrübəsi nümunə göstərilir. Daim yeniliyə, təkmilləşməyə meyilli olan və bunu atdığı addımları ilə təsdiqləyən ölkəmizin zamanın tələbi ilə idarəetmədə apardığı islahatlar davamlılığı ilə diqqət çəkir. Reallıq budur ki, ölkə iqtisadiyyatının inkişafında, sosial islahatların həyata keçirilməsində kadr islahatlarının rolu böyükdür. Bu baxımdan respublikada dövlət idarəçiliyi sistemi xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınmaqla təkmilləşdirilir, hədəflərə, müasir dövrün çağırışlarına uyğun addımlar atılır. Son dövrlərdə ölkənin dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara xüsusi etimad göstərilməsi təqdirəlayiq hal, gələcəyimizə təminatdır. Ölkəmizdə gənclər siyasətinin əsas prinsiplərindən olan yeni nəslin nümayəndələrinin dövlət idarəçiliyində irəli çəkilməsi ənənəsi hazırda daha intensiv, bütün sahələr üzrə davam etdirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Təcrübə göstərir ki, yeni nəslə etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da vacibdir. Gənclərin rəhbər vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi köhnə stereotiplərdən uzaqlaşmaq, zamanın tələblərinə yeni yanaşma baxımından da əhəmiyyətlidir. Bu cür inkişaf isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Bu, bir reallıqdır ki, texnologiyalar əsri adlandırılan, elmin tərəqqi etdiyi müasir dövrümüzdə gənclər insanları möcüzələri ilə heyrətləndirən yeni texnologiyaları daha çox və tez mənimsəyirlər. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verir. Buna görə də son illərdə aparılan kadr islahatlarının tərkib hissəsi olan gənclərin idarəetmə strukturunda, hökumət işlərində irəli çəkilməsi ənənəsi özünü doğruldur və davam etdirilir. Bu baxımdan dövlətin idarə olunması siyasətinə diqqətlə yanaşan, siyasi iradə göstərən Prezident İlham Əliyevin yeni vəzifələrə təyin olunan kadrlarla görüşlərində əsas tələbi birmənalıdır: «Xalqın maraqlarına uyğun fəaliyyət göstərmək, insanların istək və tələblərini yerindəcə həll etmək, ədalət prinsiplərinə riayət etmək, dövlətin mənafeyini , şəffaflığı qorumaq, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparmaq. «Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz» söyləyən Prezident İlham Əliyevin gənclərə tövsiyəsi dəyişilməzdir.

İyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha idarəetmədə aparılan islahatların uğurlu nəticələrindən bəhs edərək bildirmişdir: «Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir».

Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarına işlərində uğurlar arzulamaqla onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etdi: «Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi, işləyəcəksiniz».
Göründüyü kimi, kadrların təyinatında operativlik, obyektivlik insanların vəzifələrinə məsuliyyəti, iş qabiliyyəti, dövlətçiliyə sədaqəti, vətənpərvərliyi xüsusi önə çəkilir. Dövlət başçısı İlham Əliyevin kadr islahatları, məmurlara etdiyi xəbərdarlıqlar, qarşıdakı dövrün hədəfləri bu ümumiləşdirməni aparmağa əsas verir ki, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq. Yeni təyinatlardan vəzifə məsuliyyətlərinə vicdanla yanaşmağı tələb edən Prezident İlham Əliyevin tövsiyəsi, tələbi xalqla birgə çalışmaq bacarıqlarını işləri ilə təsdiqləmək, onlara göstərilən etimadı vəzifə borclarını yerinə yetirməklə, doğrultmaqdır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunun artırılmasını şərtləndirir.

Vidadi Nəzərov,

YAP Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə