Türk dövlətləri xüsusi xidmət orqanları: hansı dairələr niyə narahat olurlar? ANALİTİK+AKTUAL
Yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına qarşı yaranacaq istənilən təhdidlərin dərhal aradan qaldırılması üçün birgə fəaliyyət planları icra ediləcək
Sirr deyil ki, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən sonra Azərbaycanın hərbi-siyasi, eləcə də iqtisadi qüdrətinin sübutu qonşu ölkələrdəki bir sıra qaranlıq dairələri ciddi şəkildə təlaşlandırmaqdadır. Rəsmi Bakının regiona yeni siyasi-iqtisadi mənzərə verməsi, habelə regional və geostrateji mühitdə diktə funksiyasını reallaşdırması da belə qənaətə gəlməyə zəmin yaradır ki, bizi istəməyən qüvvələr əllərində olan bütün imkanlarından maksimal qaydada istifadə etməklə inkişafa mane olmağa, sədd və baryerlər qoymağa cəhdlər göstərirlər. Bunun üçün isə kapitulyant Ermənistandakı revanşistlərdən, habelə bu ölkənin hakimiyyətdaxili strukturlarında yerləşmiş xarici agentlərdən istifadə edilməkdədir.
Ancaq belə faktlar yalnız Ermənistanla yekunlaşmır, eləcə də digər qonşu ölkələrdəki qaranlıq, yaxud yeraltı siyasi dairələrdən də müəyyən təhlükə siqnallarının verilməsi dəfələrlə sübuta yetirilib. Təəssüf ki, ölkədaxili xəyanətkar qüvvələr də ya Beşinci kolon, ya da müxalifətçilik adı altında müxtəlif sifarişləri icra etməklə anti-Azərbaycan xarakterli qüvvələrin ayaq açmaları üçün zəminlər hazırlayırlar. Belə olan halda isə məhz dövlətimizin təhlükəsizliyi ön mövzulardan birinə çevrilir və təhlükələrin qarşısının alınması istiqamətində ardıcıl işlərin aparılması zərurəti artır. Xüsusilə, müharibəsonrası mühitdə həmin zərurət özünü daha çox göstərməyə başlayıb.
Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər
Bu arada, iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında irəli sürülən fikirlər də diqqət çəkməkdədir. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev tədbirdə iştirak etməsi ilə yanaşı, haqqında bəhs etdiyimiz mövzuya toxunaraq bir sıra məqamları açıqlayıb.

Onun sözlərinə görə, bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər. Konfransda çıxış edən general-polkovnik qeyd edib ki, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaradır. Məhz bu təhlükələr nəzərə alınmaqla Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə görə, yarana biləcək istənilən təhlükələrə qarşı birgə mübarizə vasitələrinin tətbiqi vacib amillərdən birinə çevrilir
Daha bir fakt budur ki, bu gün dünyada yalnız Azərbaycan və Türkiyə kimi güclü dövlətlərə qarşı deyil, eləcə də digər türk dövlətlərini bir araya gətirən ümumtürkçülük siyasətinə qarşı da aşkar qısqanclıq, hətta ara-sıra açıq düşmənçilik mövqeləri sərgilənməkdədir.

Və bu xüsusda o da əbəs deyil ki, yarana biləcək istənilən təhlükələrə qarşı birgə mübarizə vasitələrinin də tətbiqi vacib amillərdən birinə çevrilir. Bu baxımdan, DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türk Dövlətləri Təşkilatına qoşulması ilə bağlı təşəbbüsü də mühümlük təşkil edir. Habelə, təşkilatın adının dəyişdirilərək “Türk dövlətləri xüsusi xidmət orqanları” adlanmasına dair təklifin də irəli sürülməsi kifayət qədər əhəmiyyətli faktor kimi qiymətləndirilə bilər. Məhz yuxarıda qeyd edilən fikirlərlə yanaşı, DTX rəisinin dünyada cərəyan edən qlobal kataklizmlərin və proseslərin regionumuzun təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirməklə türkdilli dövlətlərin birgə fəaliyyətinə yenidən baxılması vacibliyinə toxunması digər türkdilli ölkələr tərəfindən məmnuniyyətlə qarşılanıb.
Türk dövlətlərin birgə fəaliyyət göstərmələri tələbi artır
Əli Nağıyev beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, ekstremizm və radikalizmin yeni təzahürlərinin meydana çıxmasının, müharibə və münaqişələr nəticəsində müvafiq ölkələrdən qaçqın axınının həmin insanlar arasında olan radikalyönümlü şəxslərin ölkələrarası hərəkət imkanlarının genişlənməsinə şərait yaratmasının xüsusi narahatlıq doğurduğunu bildirib. Eyni zamanda, göstərilən məsələlərlə əlaqədar, türkdilli dövlətlərin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlıq münasibətlərinin maksimum dərəcədə sıx qurulmasının, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da effektiv təşkil edilməsinin, birgə səylərin bundan sonra da əzmlə davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Beləliklə, bu mötəbər Konfrasdan daha hansı nəticələri çıxara bilərik? Fakt budur ki, Azərbaycan türkdilli ölkələr sırasında qardaş Türkiyə ilə regional və strateji əməkdaşlıq etməsinə görə ilk sırada yer alır və həmin əməkdaşlıq sferasının genişləndirilməsi söz yox ki, xarici təhdidlərdən doğa biləcək təhlükəsizlik tədbirlərinin də miqyasının böyüməsinə zəminlər yaradır. Bunun üçün isə yalnız regional deyil, həm də regiondan kənar olan Türk dövlətlərin birgə fəaliyyət göstərmələri tələbi artır. Sözügedən Konfrans isə bu tələblərin icra olunması üçün ən rahat və keyfiyyətli platforma kimi dəyərləndirilə bilər. “Türk dövlətləri xüsusi xidmət orqanları” ideyasının da irəli sürülməsi həmin gerçəkliyi ehtiva etməkdədir və artıq əminliklə deyə bilərik ki, yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına qarşı yaranacaq istənilən təhdidlərin dərhal aradan qaldırılması üçün birgə fəaliyyət planları icra ediləcək. İlk növbədə isə regiondakı qonşular da anlamalıdırlar ki, revanşizm meyillərinin artırılması, yaxud digər təhlükə toxumlarının səpilməsi cəhdləri həmin dairələrin özlərinə ciddi və sarsıdıcı zərbələr endirəcək. Artıq Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə öz uğurlu fəaliyyətini mövcud potensialı ilə isbatlayıb. İnanırıq ki, həmin reallıq yeni və daha geniş sferanı əhatə etməsi ilə fəaliyyətə başlayan “Türk dövlətləri xüsusi xidmət orqanları” kontekstində özünü daha geniş spektorda təsdiq edəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB