“Kadr islahatlarında əsas faktor vətəndaş amilidir” - DEPUTATIN ŞƏRHİ
"Azərbaycan Prezidentinin yeni təyin edilmiş icra başçılarını qəbulu zamanı səsləndirdiyi fikirlər ölkəmizdə islahatların davamlı xarakter daşıdığına bir işarə idi. Qəbulda eyni zamanda, idarəetmədə və kadr seçimində yenilənmənin səbəbləri açıqlandı, icra strukturları üçün prioritetlər diqqətə çatdırıldı. O da vurğulandı ki, Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Prezident bütün kadrlardan, eyni zamanda yeni təyin olunanlardan şəhərlərin, rayon və kəndlərin problemləri ilə ciddi məşğul olmalarını tövsiyyə etdi, həmçinin bir tələb kimi qarşıya qoyuldu. Əslində kadr islahatlarında əsas faktor vətəndaş amilidir, onların problemlərinin həlli məsələsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, son illər bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri aparılıb: “Böyük infrastruktur layihələri reallaşdırılıb, uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Azərbaycanda bütün istiqamətlərdə inkişaf nəzərə çarpır. Aparılan islahatların əsas istiqamətlərindən biri də kadr bazasını təkmilləşdirmək və gənclərə etimad göstərməkdir. Bunu Prezident İlham Əliyevin Lerik, Masallı və Göygöl rayonlarının icra hakimiyyətlərinin başçısının təyinatından da görmək mümkün idi. Prezident İlham Əliyev yeni təyin edilən icra başçılarını qəbul edərkən onların diqqətinə bir daha çatdırdı ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə salmaq yolverilməzdir. Əks təqdirdə həmin məmurlar və onları bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdıracaq. O cümlədən statusundan və vəzifəsindən asılı olmayaraq hər bir kəs insanlarla təmasda olmalı, onların problemləri, qayğıları ilə maraqlanmalı, köməklik etməlidir. Xüsusilə də, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və iştirakçılarına xüsusi diqqət göstərilməlidir. Prezidentin dediyi kimi, hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Əgər Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva vətən uğrunda canını, sağlamlığını itirən insanların ailələrini, özlərini diqqət və qayğı ilə əhatə edir, o zaman hər bir dövlət məmurunun, vəzifəli şəxsin, hətta hər bir vətəndaşın borcudur ki, bu məsələyə çox həssas yanaşsın. Biz bu qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Bizim uğurlu inkişafımıza kiminsə kölgə salmasına, kiminsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qurmasına imkan yaradılmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB