Azərbaycan dili, dünyada 50 milyondan artıq azərbaycanlının şərəflə danışdığı, qədim olduğu qədər, inkişaf etmiş və zənginləşmiş ədəbi dillərdən biridir. Azərbaycan dilinin mövcud olmasında alim, mütəfəkkir və dahi şəxsiyyətlərlə yanaşı, xalqın ana dilinə bağlılığı önəmli amillərdən olmuşdur. Zaman-zaman ana dilimizin müxtəlif xarici təsirlərə məruz qalmasına, əlifbanın bir neçə dəfə xalqın iradəsindən kənar dəyişdirilməsinə baxmayaraq, Azərbaycan xalqı öz dilini qoruyub saxlamış və bu günkü səviyyəyədək inkişaf etdirmişdir.Bu ədəbi dilin eyni zamanda dövlət dili olması, həmin dildə danışan Azərbaycan xalqı üçün asan başa gəlməmişdir.
20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ana dilimizin dövlət dili statusu alması üçün şərait yaranmışdır. AXC hökuməti dövründə dil siyasəti diqqətdən kənarda qalmamış, ana dilimiz dövlət dili elan edilmişdir. Təəssüf doğuran hal isə odur ki, qəbul edilən qərarda ana dilimiz “türk dili” kimi adlandırılmışdır.Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin Azərbaycana gəlişi ilə ana dilimiz dövlət dili statusunu itirmək məcburiyyətində qalmışdır.Sovet hakimiyyəti illərində ilk dəfə 1956-cı ildə, Kontitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilmiş, lakin rus dili rəsmi dil kimi hegamonluğunu saxlamışdır. Bütün rəsmi tədbirlər rus dilində aparılırdı.Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə gəlişi, ana dilimizin milli-mənəvi dəyərinin bərpası üçün mübarizənin güclənməsinə təkan verdi. Ulu öndər Azərbaycan dilinin dövlət idarəçiliyində tətbiqi, ana dilində dərslik istehsalının artırılması istiqamətində mühüm addımlar atdı.Görülmüş tədbirlə və aparılmış işlərin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR-in Kontitusiyasında rus dili ilə yanaşı Azərbaycan dili rəsmi dil statusu əldə etdi.Azərbaycanda milli azadlıq hərəkatı zamanı ana dilinin nüfuzu güclənməyə başladı. Lakin dil siyasətində aparılan radikal tədbirlər ana dilimizi yenidən təhlükə altında qoya bilərdi.Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və istəyi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra, onun rəhbərliyi və mütəxəssislərin iştirakı ilə aparılan müzakirələr dil siyasətimizdə olan problemlərin həlli istiqamətində səmərəsini verdi.Nəhayət, 1995-ci ildə Referendum yolu ilə qabul edilən Konstitusiyamızda Azərbaycan dili dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi və ana dilimiz dövlət dili kimi hüquqi statusuna sahib oldu.
Akif Əliyev
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB