Ana dili xalqımızın mənəvi beşiyidir ŞƏRH

Ana dili xalqımızın mənəvi beşiyidir ŞƏRH

1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Ana dilimiz bizim milli varlığımızdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.

XX əsrin əvvəllərində söz ustadlarımız – Firudin bəy Köçərli, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov ana dili uğrunda qələm çalıb qətiyyətlə, əzmlə döyüşdülər. Ötən əsrin ortalarında yazıçı Mirzə İbrahimov ana dili uğrunda vətəndaşlıq mövqeyi göstərdi, nəticədə vəzifəsini itirsə də, yolundan, haqlı tələbindən dönmədi. XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək, dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Ulu öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir bənd daxil edildi. 18 iyun 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verildi. Həmin tarixi fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola nəzər salındı.

2001-ci ilin avqust ayında isə ümummilli liderin ana dilinə bəslədiyi məhəbbətin daha bir təzahürü özünü göstərdi. Azərbaycan dilini dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirərək 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Ulu öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün dəyərlidir: “Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz”.

Bu gün qürur və fəxrlə bildiririk ki, Cənab Prezident İlham Əliyev də ana dilimizin keşiyində dayanan, onun mühafizəsi yolunda qətiyyət göstərən dövlət başçısı kimi milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir. Ziyalılar, alimlər, yazıçı və şairlər, eləcə də sadə insanlarla keçirdiyi görüşlər zamanı dəfələrlə Azərbaycan dilinə olan sevgisinin ifadəsi kimi yumşaq, səlis, təmiz və aydın nitqi ilə nümunə göstərib. Cənab Prezident şəhərimizdə dəfələrlə olub. Belə tarixi səfərlərdən birində mən də onunla həmsöhbət olmaq xoşbəxtliyinə nail olmuşam. Və Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan dilinə necə böyük hörmət və məhəbbətlə, qayğıyla yanaşması, bu dilin zənginliyindən istifadə etməsinin canlı şahidi olmuşam. Əgər hər birimizin ana dili onun mənəviyyatının güzgüsü və ruhunun qidası rolunu mükəmməl oynaya bilsə, onda milli adət-ənənələrinə sadiq olan xalqlar sırasında bizim də yerimiz, mövqeyimiz seçilib, fərqlənər. Mənə elə gəlir ki, məhz söz insan varlığının ətri, rayihəsidir. Gəlin dilimizi qoruyaq! Daim sevək, ona qanımızla, canımızla sadiq olaq!

Könül İbrahimova

YAP Yasamal rayon AMEA Fiziologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə