Cəmil Həsənli də belə getdi: Əli Kərimlinin bayramıdır

Cəmil Həsənli də belə getdi: Əli Kərimlinin bayramıdır

Londonda yaşayan “Milli Şura”nın sədri vəzifəsindən gedir

Elmi həyatında deyə bilmərik, amma siyasi həyatında heç bir uğur qazana bilməyən, siyasi həyatının son dövrlərini düşdüyü biabırçı vəziyyətləri ilə üz-üzə qalan, nəticədə gec də olsa istefa qərarı verən Cəmil Həsənlinin həmin addımından ən çox sevinən bəlkə də AXCP sədri Əli Kərimlidir, çünki o adıçəkilən ölü qurumun birbaşa sədri olmasa da onu kənardan idarə edirdi, indi isə bilavasitə sədrlik etmək şansı ortaya düşüb. Amma…

Amma mümkündür ki, ölü qurum olmasına rəğmən, xaricdən sifarişlər qəbul edib babat maliyyə qazanan “Milli Şura”da sədrlik kreslosu uğrunda savaş da elan edilsin. Ən azından, koordinasiya şurasının üzvləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu dırnaqrarası post uğrunda gizli cəbhə açacaqlar. Belə ki, “Milli Şura” daxilində də müəyyən qruplaşmaların mövcud olması kimsəyə sirr deyil. Fəqət, Əli Kərimli kimi təhlükəli fərdlə daxili savaş aparmaq da gözə alınmalıdır. Onun hər an arxadan xain zərbəsi endirməsi mümkünlüyü kifayət qədər çoxdur.

Professorun üst-üstə düşməyən ifadələri…

İndi isə gəlin Cəmil Həsənlinin istefa qərarı ilə bağlı “BBC Azərbaycan”a verdiyi müsahibəsinin ən nəzərə çarpan ifadələrin analizini aparaq. Onun dediyinə görə, artıq istefa haqqında təklifini verib. Maraqlıdır, Cəmil Həsənli qərarını konkrertləşdirməyib ki? Özünü siyasət aləmində hiss edən istənilən şəxs atacağı addımını konkrertləşdirməlidir və bununla bağlı qəti qərarını verməlidir və həmin reallıq siyasi aksiomadır. Amma görün o nə deyir? Deyir ki, istefası ilə bağlı təklifini verib (???).

Daha sonra deyir ki, 8 ildir təşkilata rəhbərlik edib. Ötən 8 ildə onun rəhbərliyinin hansı tərəfi yadda qalıb? Yadda qalan “Milli Şura”nın parçalanması, istefa dalğaları və qarğış-nifrinlər… O, bununlamı fəxr edir əcəba?

Əlavə edir ki, “İnsanları nəyəsə çağırırsansa, özün prosesin önündə olmalısan. Londonda, Parisdə, Vaşinqtonda oturub riskli bir cəmiyyətdə insanları etiraza çağırmağın əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki...”

Cəmil Həsənlinin birdən-birə yadına düşüb ki, həyatda “mənəviyyat” deyilən bir məsələ də var imiş və xaricdə oturub insanları küçələrə səsləmək, sabitliyi pozmağa yönəlmiş çağırışlar etmək heç də yaxşı iş deyilmiş və s...

Yaşının bu vaxtında onsuz da yetərli qədər biabır olub...

Elə isə Cəmil Həsənli Londonda oturub videogörüntülər vasitəsi ilə çənə vuranda niyə bu barədə düşünmürdü? Sərf etmirdi? Yaxud, hazırda Avropada oturub siyasi laqqırtılarla erməni lobbisindən pul qazananlara niyə səslənmir ki, illərdir apardıqları bu “mübarizə” əhəmiyyətsiz bir zaddır və özlərini boş yerə həlak etməsinlər?

Ancaq axırda bir ifadəsini düzgün buyurub, deyib ki, “hər yerdən, o cümlədən də bu dünyadan gərək vaxtında gedəsən. Aktiv siyasətdə və “Milli Şura”nın rəhbərliyində qalmağı düşünürəm”.

Lakin daha yaxşı olardı ki, Cəmil bəy ümumiyyətlə, sədrlikdən deyil, birdəfəlik “Milli Şura” üzvlüyündən də getsin, yaşının bu vaxtında onsuz da yetərli qədər biabır olub, bundan sonrakı biabırçılıqları da üzvü olduğu qurumda yaşamaq onun üçün dəhşətli hallar yaşada bilərdi. Nə qədər gec deyil, tez oradan canını qurtarsın.

Bizə isə hazırda Əli Kərimlinin dirijor çubuğu ilə idarə edilən bir lazımsız qurumun daxilində sonrakı proseslərdə nələrin baş verəcəyini izləmək qalır, görək sonra nə olacaq. Hələlik isə AXCP sədri bayram edir...

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, yaxınlarına doğru-dürüst sahib çıxa bilməyən birinin siyasi səhnədə uğur qazanması zatən əvvəlcədən bəlli görünürdü...

Bütün xəbərlər Facebook səhifəmizdə