Şuşa Beynəlxalq Media Forumuna ev sahibliyi edir TƏHLİL

Şuşa Beynəlxalq Media Forumuna ev sahibliyi edir TƏHLİL

Prezident İlham Əliyev: "Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır"

Qarabağın incisi Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilir. Musiqi beşiyi olan Şuşa işğaldan azad olunandan sonra bir neçə tədbirlərə ev sahibliyi edərək, qoynundan Azərbaycanla bağlı olan həqiqətləri dünya ictimaiyyətinə çatdırır, bir mesaj verir. "Qafqazın Konservatoriyası", Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa torpağına ayaq basan hər kəsdə bu torpağa məhəbbət yaranır. Burada "Xarıbülbül" musiqi festivalı və Vaqif Poeziya Günləri bərpa edildi. Zəfər Qurultayı keçirildi. Daha sonra bir-birinin ardınca beynəlxalq tədbirlərə ev sahibliyi edərək, tarixi salnaməsinə unudulmaz günləri həkk etdi. Azərbaycanın ictimai-siyasi, mədəni həyatının təntənəsinə çevrilən Şuşada hələ neçə-neçə tədbirlər baş tutacaqdır. Bu gün şəhid jurnalistlərimizin də ruhu şaddır ki, qanları axıdılan torpaqlarımız azad nəfəs alır. Onların vətənində, azad Şuşada dünya ölkələrinin mətbuat nümayəndələri toplaşıb.
Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir.

"XIX ƏSRİN İKİNCİ YARISINDAN SONRAKI DÖVRDƏ İŞIQ ÜZÜ GÖRƏN ÇOXSAYLI NƏŞRLƏR TARİXİMİZİN GÜZGÜSÜ OLMUŞ…"

1875-ci ilin 22 iyul tarixində təməli qoyulan milli mətbuatımız Azərbaycanın ictimai-mədəni həyatında böyk əks-səda doğurdu. Milli mətbuatımızın təməlini qoyan "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr olundu və beləliklə, 147 illik tarixi yolda Azərbaycan mətbuatı öz sözünü demiş oldu. Qəzetin naşiri, redaktoru, korrektoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Belə bir dövrdə qəzetin təməlini qoymaq böyük ziyalılıq, vətənpərvərlik tələb edirdi: iki ali dəyəri özündə birləşdirən Həsən bəy Zərdabi əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atmış oldu. Əlbəttə ki, hünər, cəsarət tələb edən bir zamanda təqibləri gözünə almayan ziyalının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Bu adlar sırasında imzası Azərbaycan ictimai-mədəni mühitinə yaxşı tanış olan insanlar - Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi simalar var idi. Dövrünün görkəmli maarifçiləri olan bu və ya digər şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Bir tribunaya çevrilən "Əkinçi" qəzetində elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar yer alırdı. Canlı xalq dilinə əsaslanan qəzet sadə və anlaşıqlı bir dildə oxucularının görüşünə gəlirdi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz işlər görürdü. Azərbaycan Prezidenti İlham Əliyev Prezident İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada keçirilən "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumunun iştirakçılarına müraciətində qeyd etdiyi kimi, Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir: "XIX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir".
Məlum olduğu kimi, qəzetin cəmi 56 sayı işıq üzü gördü və qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyan "Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. İlk cığır açan "Əkinçi"dən sonra 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə, o, çapını dayandırır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı işıq üzü görür. XX əsrdə isə, Azərbaycan dilində çıxan qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri danılmazdır. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolunu qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.

"REDAKSİYALARIN MÜSTƏQİLLİYİNİN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ HƏYATA KEÇİRİLƏN SİSTEMLİ TƏDBİRLƏR NƏTİCƏSİNDƏ AZƏRBAYCAN MEDİASI SÜRƏTLİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYMUŞDUR"

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Dövlət başçısının müraciətində qeyd olunduğu kimi, "XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur."
Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. "Jurnalistlərin dostu" adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

SÖZ VƏ MƏTBUAT AZADLIĞININ İNKİŞAFI DEMOKRATİKLƏŞMƏ PROSESİNİN VACİB AMİLİDİR

Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb və rəqabət qabiliyyətini yüksəldib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətdir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etmiş oldu. "Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir, - deyə Cənab Prezident bildirib.

"KÜTLƏVİ DEZİNFORMASİYA HÜCUMLARININ QARŞISININ ALINMASINDA, CƏMİYYƏTİMİZİN OPERATİV VƏ DÜZGÜN MƏLUMATLANDIRILMASINDA BÖYÜK ROL OYNAMIŞDIR"

Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi, mətbuatımız öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. "Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir, - bildirən dövlət başçısı qeyd edib ki, Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır:"Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər".
Müraciətdə o da qeyd olunur ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

AZƏRBAYCAN JURNALİSTLƏRİ ERMƏNİSTANIN 30 İLƏ YAXIN DAVAM EDƏN İŞĞALINDAN SONRA ÖZ PEŞƏ BAYRAMLARINI ŞUŞA ŞƏHƏRİNDƏ QEYD EDİRLƏR

Azərbaycan dövləti tərəfindən hər zaman azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.
Əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək də vəzifələri sırasına daxil edilib.
Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Bu gün artıq mətbuatımızın 147-ci ildönümünü qeyd edirik. Mətbuat Günü təkcə jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var.
"Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər" – deyən Cənab Prezident Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbirin zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacağını bildirib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə