Azərbaycanın başlatdığı enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir ŞƏRH
18 iyul 2022-ci il tarixində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana rəsmi səfərə gəlmiş və cənab Prezident İlham Əliyevlə görüşmüşdür. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Ölkəmizlə Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu ilk sənəd deyil, müxtəlif vaxtlarda da sazişlər imzalanmışdır. Ölkəmiz Avropa İttifaqı ilə əlaqələrini bu günədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir.
Ölkə başçısı cənab Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir: “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdik və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.
7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda xüsusilə Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. İmzalanan sənəddə bir neçə sahədə əməkdaşlığın həyata keçirilməsi bildirilir. Enerji sahəsində milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması; Texniki əməkdaşlıq və təcrübə mübadiləsi; Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi; Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması adlı bəndlər memorandumda yer alıb.
13 yanvar 2011-ci il tarixində Bakı şəhərində Avropa İttifaqı ilə Cənub Qaz Dəhlizi üzrə birgə Bəyannamə imzalanmışdır. Cənub Qaz Dəhlizi Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlərindəndir. Bəyannamədə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə olaraq qiymətləndirilir. Ölkəmizin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. 29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Bu açılış Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsasını qoydu. “Şahdəniz” yatağından çıxarılan qaz Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 km-lik “Cənub Qaz Dəhlizi” üç kəmərdən ibarətdir. Bu kəmərlər – CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP və TAP-dan ibarətdir. Cənub Qaz Dəhlizinin icrasında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir.Ölkədə bərpaolunan enerjinin istehsalı sahəsində Avropa İttifaqı tərəfindən artıq yüksək qiymətləndirilmiş, külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə artıq başlanılmışdır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ərazilərində külək və Günəş enerjisinin potensialı 9200, Xəzər dənizində isə külək enerjisi 157 qeqavata bərabərdir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.
Nigar İmaməliyeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB