“Bu gün Azərbaycan mediası özünəməxsus inkişaf yolu ilə irəliləyir. Müasir dövrün tələblərinə, oxucu auditoriyasının seçim imkanlarına uyğunlaşmaq üçün ənənəvi və yeni medianın təmərküzləşməsi prosesi gedir. Media sürətlə inkişaf edən informasiya texnologiyalarının onun qarşısında yaratdığı imkanlardan maksimum yararlanmağa çalışır”. Bunu “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti, rəhbərliyi medianın inkişafı, jurnalistlərin, media subyektlərinin sosial-iqtisadi dayanaqlığının təminində daim KİV-in yanındadır: “Bu prosesdə həm ənənəvi, həm də yeni medianın eyni dərəcədə ayaqlaşması, birlikdə irəliləməsi, peşəkarlığın artırılması dövlət səviyyəsində ardıcıl qərarların verildiyinin şahidi oluruq. Bu işdə MEDİA-nın İnkişafı Agentliyinin rolunu xüsusi qeyd etməliyik. Məhz bu qurum vasitəsi ilə dövlətin mediaya dəstək siyasəti tam şəffaf və ardıcıllıqla reallaşdırılır. Bir çox yeni layihələrə imza atılır, jurnalistlərin ixtisaslaşması, peşəkarlığının artırılması istiqamətində mütəmadi təlimlər təşkil olunur, müsabiqələr keçirilir. Çap mediasına və onların saytlarına maliyyə yardımlarının göstərilməsi, ənənəvi medianın müasir tələblərə cavab verməsi məqsədi ilə e-köşk, metriks kimi ölkəmizdə yenilik sayıla biləcək layihələri xüsusilə vurğulamaq istərdim. Bu il həm də media üçün yeni qanun layihəsinin qəbulu ilə yadda qaldı”. Sevinc Seyidova onu da bildirdi ki, bu qanun layihəsi mediamızın gələcək yol xəritəsi olmaqla yanaşı, həm də KİV-in fəaliyyətinin daha sistemli olmasına şərait yaradır: “Jurnalist etikası və peşəkarlığı ön planda tutulur. Jurnalistlərin güzəştli ipoteka kreditləri verilən xüsusi kateqoriyaya aid edilməsi, çap mediasına dəstək üçün kağız məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi haqqında qərarlar da xüsusi qeyd edilməlidir. İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizin, xalqımızın milli maraqlarının müdafiəsi, problemlərin dəqiq, qərəzsiz və peşəkarcasına işıqlandırılması, vətəndaşların maarifləndirilməsi kimi öz üzərinə düşən funksiyaları layiqincə yerinə yetirəcək. Fürsətdən istifadə edib 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə bütün həmkarlarımızı təbrik edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB