Azərbaycan beynəlxalq nüfuzunun artması fonunda regionda əlaqələrin stabilləşməsinin tərəfdarıdır ŞƏRH
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Giriş nitqində ölkə başçısı Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla münasibətlərinin, Ermənistanla əlaqələrin son vəziyyətini geniş təhlil etdi. Avropa İttifaqı ilə fəal əməkdaşlıq yeni xarakter almışdır. Dünyada gedən proseslər dövlətlərin enerji təhlükəsizliyi məsələsini ön plana çəkib. Cənab Prezident İlham Əliyev çıxışında yeni sənədlərin imzalanacağı mesajını verdi. Avropa İttifaqı ilə əlaqələrin belə bir müstəvidə qurulması regionda söz sahibi olan Azərbaycan Respublikasının nüfuzunu daha da artırır. Türk Dövlətləri Təşkilatı ilə əlaqələri qiymətləndirən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin qurulmasını “bizim üçün prioritet məsələlərdən biridir”- deyərək dəyərləndirdi.
Məlumdur ki, Brüssel görüşü zamanı Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üçün aprelin sonunadək işçi komissiyanın yaradılması ilə bağlı razılıq əldə edilmişdi. Azərbaycan tərəfi əldə edilmiş razılığa uyğun olaraq komissiyanın tərkibini müəyyənləşdirsə də, Ermənistan hansısa texniki səbəbləri əsas gətirərək razılaşdırılmış müddətdə komissiyanın tərkibini formalaşdırmadı. Lakin müşavirədə Prezident İlham Əliyev bu mühüm məsələ ilə bağlı müsbət məqamları açıqlamışdır. Məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışdığı halda Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Tərəflər arasında birinci görüşün keçirilməsi Azərbaycanın 10 noyabr Bəyannaməsindən irəli gələn müddəalara son dərəcə ciddi yanaşmasının göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında müsbət məqamlarla yanaşı mənfi hallar təhlil edildi:
- Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir;
- Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmir;
- Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur;
- Ermənistan rəhbərliyi yenə də status haqqında danışmağa başlayıb.
Vətən müharibəsindən 1 il 8 ay keçməsinə baxmayaraq yuxarıda sadalanan problemlərin fonunda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən rəsmən qəbul edilib.
Prezident İlham Əliyevin sülh naminə təşəbbüsləri bütün tərəf müqabilləri ilə müzakirələr zamanı təqdir olunur. Azərbaycan dövlətinin təklif etdiyi beş prinsip Türkiyə ilə, Rusiya ilə, İranla, eləcə də Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları ilə müzakirə edilmiş və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılmışdır.
Zəngəzur dəhlizinin yaradılması istiqamətində də Azərbaycan dövləti israrlı siyasət aparır. Belə ki, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə maneə deyildir. Eləcə də Qarabağda quruculuq işləri sürətlə davam edir. Bu işdə Azərbaycan dövlətinin yalnız öz resurslarına və gücünə əsaslanması reallıqdır. “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik.” – deyən Prezident İlham Əliyev xalqın böyük ümidlərini doğruldur.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB