Müasir dövrdə qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada gedən neqativ proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
İkinci Qarabağ Müharibəsi Ermənistanın 30 ilə yaxın sürən işğalına son qoyaraq Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi vəziyyətin formalaşmasına səbəb olmuşdur. Ermənistanın işğalçı siyasəti son on illiklərdə onun iqtisadi siyasətinin formalaşmasına əsaslı şəkildə təsir etmiş və onun demək olar ki, tamamilə iqtisadi blokadaya düşməsinə, xarici iqtisadi əlaqələri inkişaf etdirmək imkanlarının əsaslı şəkildə azalmasına səbəb olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi regionda əməkdaşlıq imkanlarının tam olaraq istifadəsinə imkan yaratmasa da regionun digər ölkələri birlikdə bir çox enerji və nəqliyyat layihələrini icra etmiş və Cənubi Qafqazın dünya iqtisadiyyatında mövqeyini möhkəmləndirmişdir. İşğaçılıq siyasəti səbəbindən isə Ermənistan bu layihələrdən kənmarda qalmış və onlardan faydalanmaq imkanlarını itirmişdir.
Azərbaycan Qafqazda kifayət qədər güc sahibi olan bir dövlət olaraq eyni zamanda regionda siyasi – iqtisadi sabitlik üçün çalışır. Dövlətimizin əsas məqsədi qonşu ölkələr ilə sülh şəraitində yaşamaq, dostluq əlaqələri qurmaq və qarşılıqlı iqtisadi inkişafı təmin etməkdir. Əfsuslar olsun ki, Ermənistan müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir və yekun sülh sazişinin imzalanmasını yubadır. Bu isə ölkə başçısının dediyi kimi bir nöqtəyə qədər davam edəcək.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycanda heç bir irqi – dini ayrı seçgilik yoxdur və dövlət hər kəsin haqlarını qorumağı təmin edir.
“Biz MBT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyri-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm” – İlham Əliyev
Əgər Ermənistan hökuməti və xalqı zərərli milliyətçilik ideyalarına dayanan yanaşmalarından əl çəkərək iqtisadi inkişaf üçün yaranmış imkanlardan istifadə etsə o zaman indiyə qədər mövcud olan bir çox iqtisadi problemlərdən azad ola biləcəkdir. Ermənistanda bir çox qüvvələr, xüsusilə də milliyətçilər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının Ermənistanın milli maraqlarına xidmət etmədiyini iddia edərək onun Türkiyə və Azərbaycandan asılı qalacağı fikrini irəli sürürlər. Regional əməkdaşlığa qarşı yönəlmiş belə yanaşma isə Ermənistana ancaq zərər verə bilər. Regionda əlaqələrin bərpasının yaratdığı qeyd etdiyimiz üstünlüklər Ermənistanın iqtisadi inkişafı üçün hazırkı mərhələ də yeganə çıxış yolu kimi görünür. Ona görə də müharibənin yeni bitdiyi dövrdə belə fikirlər səsləndirilsə də sonunda Ermənistanda olacaq istənilən hakimiyyət anlayacaqdır ki, iqtisadiyyatı inkişaf etdirmək üçün regional əməkdaşlıqdan başqa yol yoxdur.
Zahid Cəfərov
YAP Yasamal rayon Z.Xəlilov küç.23 ünvanlı (BDU)
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB