"Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar"
Həsən bəy Zərdabi
Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim Nəsən bəy Zərdabi bütün həyatını xalqının maariflənməsinə, onun elmi biliklərə yiyələnməsinə həsr etmişdir. O, Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır və bunu qəzetin nəşrində görürdü. "Bizim Cəmiyyəti Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq münkün deyildir. Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır !". Beləliklə, o bu məqsədinə çatmaq üçün isararlı olaraq mücadilə edir. Təbii ki, Həsən bəy Zərdabinin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə idi. Hər addımında vətənpərvərlik özünün biruzə verirdi. Əlbəttə ki, mətbuatın olması o dövr üçün zəruri idi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü.
ANADİLLİ MƏTBUATIN NƏŞRİ ZƏRURƏT İDİ
Məlumat üçün bildirək ki, XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud olsa da, Azərbaycanda bu sahədə hələ bir yenilik yox idi. Baş verən dövrün ictimai-siyasi hadisələri milli mətbuatımızın yaranmasını zəruri edirdi. Azərbaycanda milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. O dövrün yazılı mənbələrinə istinadən deyə bilərik ki, təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.
1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitən "Əkinçi"qəzetinin ilk sayının buraxıldığı 22 iyul Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur.
"XALQIN HƏR BİR DƏRDİ VƏ XAHİŞİ O QƏZETDƏ ÇAP OLUNSUN Kİ, O QƏZETƏ BAXAN XALQI AYNADA GÖRƏN KİMİ GÖRSÜN"
Əlbəttə ki, çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Qəzetin nəşrinə icazə alma 7 il çəkdi. Zərdabinin rəsmi orqanlara ilk müraciəti isə 1873-cü ilin aprel ayında oldu. Qəzetin belə adlandırılması isə çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. "Əkinçi"nin ilk nömrəsində Zərdabi "Daxiliyyə", "Əkin və ziraət", "Elmi xəbərlər", "Tazə xəbərlər" bölmələrini olacağının yazırdı. Həsən bəy Zərdabi yazırdı:"Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun" və ya "Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün".
MÜTƏRƏQQİ İDEYALARIN CARÇISI VƏ TRİBUNASI
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın təməlinin qoyulması Azərbaycan və eləcə də, bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyətin yaranmasına səbəb oldu. 1875-ci il iyulun 22-də milli mətbuatımızın bünövrəsi "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Əkinçi Azərbaycan dilində yayımlanan ilk qəzet olaraq ayda iki dəfə 300-400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Bu böyük zəhmət hesabına baş gəlmişdir. Dövrünün təqiblərinə baxmayaraq, dözüm gətirdi "Əkinçi" qəzeti. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz iş görür.
"AZƏRBAYCAN YAZISINI DÜZGÜN OLMAYAN İFADƏLƏRDƏN TƏMİZLƏMƏYƏ ÇALIŞMALI, BU DİLDƏ YAZAN BÜTÜN ADAMLAR ÜÇÜN NÜMUNƏ OLMALIDIR"
Mənbələrə diqqət yetirsək görərik ki, "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı. Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir. "Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrilir. Həsən bəy Zərdabi qəzet oxuyanların sayını artırmaq məqsədi ilə onları pulsuz olaraq yayırdı.
M.F.Axundov geniş oxucu kütləsi üçün buraxılan mətbuat orqanının şriftlərinin gözəl, dilinin, üslubunun, orfoqrafiyasının tam düzgün olmalıdır, deyə Həsən bəyə yazırdı: "Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır".
"Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. Bu qəzet cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı. XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan "Maarif" və "Qırmızı günəş", 1923-cü ildən çıxan "Gənc pioner", 1927-ci ildən çıxan "Pioner" jurnalları, "Azərbaycan pioneri" qəzeti və s. mətbuat orqanlarını qeyd etməliyik. 1923-cü il ildə Bakıda "Şərq qadını" nəşr olunub. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb.1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Sonrakı illərdə "Ədəbiyyat", "Azərbaycan pioneri", "Kirpi" jurnalı, "Bakı" və s. qəzetləri meydana gəlmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB