"Xəritələrin Azərbaycana vaxtında təhvil verilməsi üçün..." - POLİTOLOQ AÇIQLADI

"Xəritələrin Azərbaycana vaxtında təhvil verilməsi üçün..." - POLİTOLOQ AÇIQLADI

"Minalar Birinci Qarabağ müharibəsindən sonra basdırılıb. Buna görə də mina xəritələrinin böyük əksəriyyəti Ermənistanda olmaqla yanaşı, həmçinin Rusiyadadır". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycana mina xəritələrinin düzgün şəkildə verilməməsinin bir neçə səbəbi var: "Birincisi burada görünür ki, pərdə arxasında Rusiyanın bu məsələdə razılığı yoxdur və Ermənistan bu prosesi uzadır. İkincisi, Ermənistan bundan bir növ fürsət kimi istifadə etməyə çalışır. Üçüncüsü Ermənistan bu mina xəritələri ilə müəyyən güzəştlər əldə etmək istəyir.

Düşünürəm ki, minalanmış ərazilərin xəritələrinin verilməməsi həmçinin 10 noyabr üçtərəfli bəyannamənin müddəalarının pozulması deməkdir. Düzdür, keçən yay bununla bağlı müəyyən cəhdlər edildi. Ermənistan Azərbaycana onların hərbi terrorçuların qaytarılması qarşılığında bir neçə qeyri-dəqiq və qeyri-müəyyən xəritələr təqdim etdi. Həmin xəritələr heç də minalanmış ərazilərin xəritəsi deyildi. Xəritələrdə sadəcə 20% doğruluq vardı. Burada Rusiyanın əsas məqsədi öz maraqlarını qorumaqdır. Yəni mina xəritələrini saxlamaqla prosesi uzadır, Ermənistan isə bəzi güzəştlər istəyir.

Əlbəttə ki, Azərbaycan öz gücünə bu əraziləri minalardan təmizləyir. Düşünürəm ki, Füzuli və Cəbrayıl, Kəlbəcər bölgəsində hələ ki basdırılmış minalar var. Xəritələrin Azərbaycana vaxtında təhvil verilməsi üçün Azərbaycan Ermənistandan daha Rusiyaya bu məsələdə təzyiq etməlidir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə