15 gündə yol infrastrukturu ilə bağlı 3 sərəncam TƏHLİL

15 gündə yol infrastrukturu ilə bağlı 3 sərəncam TƏHLİL

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Bəli, abad yol məxsus olduğu ölkənin əsasən iqtisadi vəziyyətinin göstəricisidirsə, digər tərəfdən isə insan amilinə verilən dəyərin, bütün bunların fonunda isə mədəni cəmiyyətin, gözəl həyatın göstəricisidir.

Əsası ulu öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələr kimi, yol infrastrukturunu da daim diqqət mərkəzində saxlayır. Bütün bunların nəticəsidir ki, ötən 18 ildə paytaxt Bakıdan bütün regionlara şaxələnən yollar beynəlxalq standartlara cavab verən səviyyədə yeniləşdirilmişdir. Müstqəillik illərində ölkəmizdə tək şəhərlər deyil, ucqar kənd yolları da yenilikdən pay almış, insanların rahatlığı, təhlükəsizliyi təmin olunmuşdur. Azərbaycan bu gün avtomobil yollarının keyfiyyətinə görə MDB ölkələri arasında birinci yerdədir.

3 istiqamətdə yeni yollar tikiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 4 iyul 2022-ci il, “Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 5 iyul 2022-ci il, “Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 8 iyul 2022-ci il tarixli sərəncamları ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi üçün imzalanan növbəti dəyərli rəsmi sənədlərdir. Bu sərəncamların icrası üçün 11, 4 milyon manat vəsait ayrılmışdır ki, bununla kilometrlərlə avtomobil yolu beynəlxalq standartlara uyğun, müasir şəkildə tikiləcək və vətəndaşların istifadəsinə veriləcəkdir. Həm paytaxt Bakının, həm də regionlarımızın yollarının müasirləşdirilməsini proritet məsələ kimi diqqətdə saxlayan dövlətimizin başçısı tərəfindən iyul ayının birinci yarısında avtomobil yollarının tikintisi ilə bağlı imzalamış üç sərəncamla tikilməsi nəzərdə tutulan yollar ölkəmizin çox əhəmiyyətli avtomobil yollarını əhatə edir.

İkinci Vətən Müharibəsinin bitməsindən iki ilə yaxın bir vaxt keçir. Müharibə bitəndən dərhal sonra işğaldan azad edilmiş rayonlarımızda quruculuq, bərpa işləri başlanıb. Bu gün dövlətimiz sosial-iqtisadi gücü Qarabağa istiqamətləndirib. Düşmən bu torpaqlarda daşı daş üzərində qoymayıb. 30 il yurd-yuvasından didərgin düşmüş, qaçqın, köçkün həyatı yaşayan insanların ata-baba torpaqlarına qayıtmaları üçün azad torpaqlarımız abadlaşdırılmalı, insanların orada yaşaması üçün quruculuq işləri həyata keçirilməli idi.Baxmayaraq ki, indi bütün güc işğaldan azad edilmiş torpaqlara yönəldilib, ölkəmizin paytaxtında və regionlarında tez-tez yeni obyektlərin, tikililərin, istirahət mərkəzlərinin, parkların istifadəyə verilməsi xəbərini alırıq. Bu işlərin azad olunmuş torpaqlarda aparılan böyük miqyaslı tədbirlərlə paralel aparılması isə ölkəmizin iqtisadi gücünün göstəricisidir.

30 il əvvəlki, 30 il sonrakı yollar

Belə bir deyim var: görünən kəndə nə bələdçi? Bu deyimlə yola çıxıb onu yollara da şamil etməklə deyə bilərik ki, görünən yol özü haqqında özü məlumat verir, ona bələdçi lazım deyil.

Yəqin ki, ölkəmizin 30 il əvvəlki, yəni müstəqilliyimizdən öncəki yollarını xatırlayanlar olar. Şəhərli-kəndli avtomobil, kəndarası yolların miskinliyi insanların rahatlığını əllərindən almışdı. Bundan kənd yerlərində yaşayanlar daha çox əziyyət çəkirdilər. Şəhərlərə gedən yollara yenə də kəndlərlə müqayisədə bir qədər yaxşı demək olardı. Lakin rayonlararası, kəndlərarası yollar demək olar ki, bərbad vəziyyətdə idi. Onların abadlaşdırılması haqqında isə düşünən yox idi.İnsanlar yarım saatlıq yolu saat yarıma qət etməli olurdular. Kəndlərdən rayon, şəhər mərkəzlərinə getmək bu qədər vaxta başa gəlirdi. Bu da əhalinin vaxt itkisinə səbəb olurdu. Həmin ərazilərdə yaşayan sakinlərin bir gün vaxtını alırdı. Hələ xəstə insanların xəstəxanalara çatdırılması daha çətin idi. Dəfələrə şahidi olmuşuq ki, yolların bərbadlığı üzündən insanlar həyatla vidalaşıblar. Onları vaxtında xəstəxanaya çatdırmaq mümkün olmurdu.

Statistikaya nəzər yetirsək, o illərdə yol qəzalarının miqyası ilə də tanış olmaq bilərik. Payız-qış aylarında yağışlı-qarlı bərbad yollar daha təhlükəli olurdu. Bu səbəbdən də yol qəzaları tez-tez baş verirdi.

Kəndiçi yolların vəziyyəti isə daha dözülməz idi. Elə ki yaz, payız fəsli oldu, yağışlar yağmağa başladı, palçıqlı yollar insanları əldən salırdı. Bu yollarla iş yerinə, mağazaya, baxçaya, məktəbə yollanmaq böyük çətinlik yaradırdı. Hələ uşaqların vəziyyəti daha dözülməz idi. Çünki onların gücü çatmırdı ki, palçıq tutmuş ayaqlarını qaldırıb addım atsınlar. Evlərindən müəyyən qədər məsafədə yerləşən məktəblərə uşaqlar belə çətinliklə gedib-gəlirdilər. İşıqlandırılması olmayan belə yollarda gecələr hərəkət etmək həm təhlükəli, həm də çətin idi. Bu səbəbdən də insanlar işlərini elə planlaşdırırdılar ki, axşam toran vaxtından sonra küçəyə çıxmasınlar.

Bir rayondan digər rayona, bir kənddən digər kəndə uzanan yollar da bərbadlıqda heç də kəndiçi yollardan geri qalmırdı. Bərbad yollar həm bir neçə saat çox vaxt sərfinə, həm də yolçuların yorğunluğuna səbəb olurdu.

Müstəqilliyimiz əldə olunandan sonra tənəzzülə uğramış iqtisadiyyatımız dirçəldikcə bütün sahələr kimi, yol infrastrukturu da ildən-ilə yenilənməyə başladı. Planlı şəkildə həyata keçirilən yol tikintisi bu gün müasirliyi ilə göz oxşayır. Həinki şəhərlərimizə, ucqar kəndlərimizə belə hamar, asfaltlı yollar uzanır. Bu yollar insanların vaxt itkisini də aradan qaldırıb. Onlar istədikləri yerə rahat şəkildə gedib-gələ bilirlər. Bəzən qış aylarında kəndlərimizdə olarkən uşaqların məktəbə gediş-gəlişini gördükcə o illərin əziyyətlərini yada salır və bugünkü inkişafımızla, dövlətimizin vətəndaşına münasibəti ilə qürur duyuruq. Bu gün paytaxt Bakıdan hansı regiona üz tutursan tut, səni mənzil başına abad yollar aparır. Bu yollarda nə vaxt itirirsən, nə də ki yorulursan. Çünki bu yollar müstəqillik illərində bir neçə dəfə təmir olunub, indi isə beynəlxalq standartlara uyğunlaşdırılır.

“Zəfər yolu”- 30 ilin yolu

Bu yolu biz qətrə-qətrə düşməndən azad etdik, metr-metr abadlaşdırdıq. Bu yol 30 il idi ki, düşüncələrimizdə xəyali bir yol idi, sonda gerçəyə çevrildi. Biz 30 il idi ki, Qarabağa, işğal olunmuş rayonlarımıza gedən yollardan xəbərsiz idik. 30 il idi ki, bizi o torpaqlara aparan yollar yağı tapdağı altında idi. Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı, dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində 2020-ci ilin payızında cəmi 44 gündə İkinci Vətən Müharibəsi ilə torpaqlarımızı düşməndən geri aldıq. İtkilərimiz oldu, sağlamlıqlarını itirən qazilərimiz oldu. Lakin biz şərəfimizi qoruduq, canımız bahasına torpaqlarımızı geri aldıq.

Müharibə bitən kimi dərhal torpaqlarımızda quruculuq işlərinə başlanıldı. Bu gün Qarabağda miqyasına görə dünyaya səs salan işlər həyata keçirilir. Yol infrastrukturu isə azad torpaqlarımızda başlanan ilk iş oldu. Çünki abadlığa, inkişafa aparan yol bu yollardan keçməli idi. Ötən illərin ən gözəl, bənzərsiz yolu çəkildi Şuşaya- “Zəfər yolu”. Bu yol Qarabağın baş tacı olan Şuşaya 30 ilin hicranının üstündən çəkilən vüsal yolu oldu. Zəfərimizin, qələbəmizin, şərəfimizin yolu oldu. Bu yol Hacıqabul-Horadiz, Ağbənd-Zəngəzur magistral avtomobil yolunun 149-cu kilometrliyindəki Əhmədbəyli kəndində başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndindən, Çaxmaq meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından ibarət olan yol 2021-ci il oktyabrın axırlarında istifadəyə verilib.

Şuşaya digər avtomobil yolu Hacıqabul-Horadiz–Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrliyindən başlayır. Uzunluğu 81,6 kilometrdir, dörd-altı hərəkət zolağı var. Yol üzərində körpü və tunellər çəkilməsi nəticəsində yüksək sürət təmin olunacaq və “Zəfər yolu” ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.Bu gün Laçına, Kəlbəcərə, Zəngilana, Cəbrayıla, Füzuliyə, Ağdama, işğaldan azad edilmiş rayonlarımızın hər birinə yollar çəkilir. Çəkilir ki, bu yollar Böyük Qayıdışa şahid olsun.

Yol turizmdir

Azərbaycan özünün coğrafi mövqeyinə görə beynəlxalq aləmdə xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağında yerləşir. Buna görə də müxtəlif səbəblərdən ölkəmizə gələn insanlar buradakı turizm imkanlarından da növbəti səfərlərində yararlanmaq istəyirlər.

Yol isə həm də turizmdir, turizmin var olmasının, inkişafının, perspektivinin əsasıdır. Ölkəmiz hər il minlərlə turistin üz tutduğu ünvanlardan olduğu, həm də turizmə hər fəsil qoyun açdığı üçün illərdir ki, turistik bölgələrimizə gedən yollar abadlaşdırılır. Bu gün Şəkiyə, Şamaxıya, Qubaya, Qəbələyə və digər rayon və şəhərlərə abad yollar uzanır.

Biz insanlar belə bir psixologiyaya malikik ki, ən gözəl yerə abad yolla getmiriksə, bir daha səyahət üçün gözəlliyinə, səfalılığına baxmayaraq oranı seçmirik. Abad yolu olan başqa yerlər axtarırıq. Deməli, yol həm də turizmin özüdür. Turizm, ilk növbədə, yoldan başlanır, desək daha yerinə düşmüş olar. Turizm üçün məkan, hava, ətrafdakı istirahət mərkəzləri, xidmət sahələri nə qədər əhəmiyyətlidirsə, yol bütün bunlardan dəfələrlə əhəmiyyətlidir. Çünki biz rahatlıq tapa biləcəyimiz, istirahət edəcəyimiz yerlərə həmin yollarla gedirik. Və o yollar bizdə ilkin təəssüratları yaradır. O təəssüratlarla da gedəcəyimiz yerə növbəti dəfə də üz tuta və yaxud oradan birdəfəlik imtina edə bilərik. Ölkə başçısının sərəncamları ilə 3 istiqamətdə tikiləcək yeni avtomobil yolları da gələcəkdə turizmin inkişafına töhfələr verəcəkdir. Çünki bu yollar da Vətənimizin dilbər guşələrinə aparan yollardır. Yaxın gələcəkdə bu yerlərin sakinləri kimi, qonaqları da yolların abadlığına, gözəlliyinə heyranlıqla baxacaqlar.

Yol mədəniyyət, həm də həyatdır…

Mədəniyyətdir, ona görə ki, yol mənzil başından xəbər verir. Mənzilbaşı isə ölkələrdir. Yollar ölkənin iqtisadiyyatını ortaya qoyur. İnkişafından, tərəqqisindən söhbət açır. Yol ölkələrin rəhbərlərinin insan amilinə dəyərindən danışır…

Yol mədəniyyətdir, əgər abaddırsa. Yol mədəniyyətdir, əgər müasirdirsə… O yolda ki, təhlükə yoxdur, deməli, mənsub olduğu ölkədə böyük mədəniyyət vardır. Çünki insan amilinə dəyər verilir. Onların rahatlığı, təhlükəsizliyi diqqətdə saxlanılır. Avtomobil ötdükcə toz-duman qalxırsa, çala-çökəklərin üzərindən keçdikcə içəridə əyləşən insanlar narahat olursa, yol yol deyil, mədəni səviyyə isə yerində deyil, deməkdir.

Yol bir də həyatdır. Bəli, həyatdır. Evimizdən iş yerimizə, mağazaya, marketə, parka, metroya, məktəbə və sair yerlərə qədər məsafədən tutmuş dünyanın üz tutacağımız bütün ölkələrinədək yol həyatdır. Çünki bu həyatın içərisində biz insanlar varıq. Bizim rahatlığımız bir metrdən kilometrələrədək uzanır. Biz bir metrdə də, min kilometrdə də rahat, təhklükəsiz olmalıyıq. Buna haqqımız var, çünki insanıq. Həyatda rahatlıq, firəvanlıq şəraitində yaşamaq da haqqımızdır.Yol həyatdır. Təhlükəsizdirsə, bəli, həyatdır. Çünki evimizdən çıxıb hansısa yola üz tuturuqsa, o yol evə dönəcəyimizə təminat olmalıdır. Nə xoş bizə ki, Azərbaycan kimi ölkənin vətəndaşlarıyıq. Burada insan amilinə o qədər dəyər verilir ki, müharibədən cəmi 2 ilə yaxın çıxmış ölkədə budur, yeni yollar çəkilir. Həm də Qarabağda gedən quruculuq işləri ilə paralel şəkildə. Deməli, dövlətimizin siyasətində insan amili ən vacib prioritetdir. 15 gün ərzində yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı imzalanan 3 sərəncam buna bariz nümunədir.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə