“Müxalifət təkamülçülük və islahatlar yolundan xeyli uzaqdır” AÇIQLAMA
“Hazırda Ukraynada Qərb koalisiyası və Rusiya arasında getdikcə güclənməkdə olan hərbi qarşıdurma dünya bazarlarında ərzaq və qeyri-ərzaq məhsullarının, habelə enerji daşıyıcılarının kəskin şəkildə qalxmasına səbəb olmuşdur. Təbii ki, bu ölkəyə gətirilən və idxal olunan məhsulların qiymətlərinə təsirsiz ötüşmür, üstəlik, bəzi "işgüzar dairələr" bu şəraitdə süni qiymət artımına gedirlər ki, bu da haqlı olaraq sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ciddi narazılığına səbəb olur. Əlbəttə, bütün bunlar hakimiyyətin nəzarətindən qaçmır, müvafiq qurumlar süni qiymət artımının qarşısını almaq üçün qanunvericilik səviyyəsində tədbirlər görürlər”. Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədrinin müavini, politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, hələlik inflyasiya şəraitində əmək haqlarının indeksləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsində hökumətin qəbul etdiyi qərarlar vəziyyəti əhəmiyyətli şəkildə dəyişə bilməyib: “Qarabağın bərpası üçün 4 milyard 740 milyonda artıq sərf edilmiş vəsait hökumətin sosial layihələrə ayırdığı vəsaitləri kifayət edəcək qədər artırmağa imkan vermir, üstəlik Ermənistanla münasibətlərdəki gərginlik, habelə bölgədə regional Təhlükəsizliklə bağlı problemlər silahlı qüvvələr və digər güc strukturlarını gözlənilən təhlükələri dərhal dəf etmək üçün müvafiq səviyyədə saxlamağa sövq edir ki, bu da kifayət qədər vəsait tələb edir, bununla belə dünya bazarında neftin istehlak qiymətlərinin kifayət qədər yüksəlməsi və neftin ixracatından Azərbaycanın proqnozlaşdırılan gəlirlərlə müqayisədə bir neçə dəfə artıq gəlirlər əldə etməsi hökumətə sosial sferaya ayrılacaq vəsaitləri bir neçə dəfə artırmağa imkan verəcək”.
E.Manafov onu da bildirdi ki, müxalifətin məlum kəsiyi mövcud duruma münasibətdə alternativ inkişaf proqramlarını ortalığa qoymur: “Təkamülçülük və islahatlar yolundan xeyli uzaq olan bu qüvvələr inqilabi indiki durumda hakimiyyətə yiyələnmək üçün yeganə vasitə bilirlər, bu da anlaşılandır, zamanında onlar ölkədə legitim hakimiyyəti də məhz konstitusiyanı bərpa etmək" devizi ilə yıxmışdılar. Bu gün də “rəngli inqilablar”ın həyata keçirilməsi üçün müvafiq şərait və imkanların yetişdiyi qənaətinə gəliblər. Bulanıq suda balıq tutmaq həvəsində olan qüvvələr unudurlar ki, axan çayda ancaq bir dəfə çimmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB