Azərbaycanda sosial rifah, tərrəqi və iqtisadi güc bərqərar oldu ŞƏRH
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən 53 il ötür. 1969-cu ilin 14 iyul tarixinin Azərbaycanın tarixində müstəsna yeri və rolu danılmazdır. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökm sürdüyü bir zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın tarixində böyük dönüşün başlanğıcı oldu. 1969-cu ilin iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda yekdilliklə verilən qərarından sonra Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı bildirmişdir: "Bu vəzifəyə keçməklə mən üzərimə düşən məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və çətinliyini başa düşərək əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlarımdan istifadə edəcəyəm. Bununla mən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bütün tərkibinə, MK-nın büro üzvlərinə, Respublikamızın bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməkliyinə və müdafiəsinə arxalanıram və ümid edirəm. Hesab edirəm ki, birgə səmimi fəal işimiz bizim gələcək müvəffəqiyyətlərimizin rəhni olacaqdır".
Həqiqətən də, Ulu Öndərin Azərbaycanda rəhbər kimi fəaliyyətə başladığı tarixdə Azərbaycanın iqtisadi vəziyyəti acınacaqlı idi. Təbii ki, Vəli Axundovun səhhəti ilə əlaqədar istefaya gedib, AMEA-nın vitse-prezidenti seçilməsi sadəcə dotasiyadan asılı duruma düşən Azərbaycanın vəziyyətini yaxşılaşdırmaq üçün nicat yolu Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Ulu Öndər Azərbaycan Kommunist Partiyası MK-nın Birinci Katibi seçilən vaxt Azərbaycanın iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsinə qədəm qoymuşdu. Ümumilikdə son 10 ildə iqtisadiyyatın inkişafında mənfi meyllər müşahidə olunurdu. Bir sıra müvafiq obyektiv və subyektiv səbəblərə görə Azərbaycanın sosial-iqtisadi inkişafdan geridə qalması artıq nəzərə çarpacaq dərəcədə müşahidə edilirdi. Bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə görə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə görə, ictimai əməyin məhsuldarlığına görə, ümumittifaqın orta göstəricilərindən geriləmə müşahidə edilirdi. Azərbaycan SSR milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsiz aparılması pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Kənd təsərrüfatının istehsal səviyyəsi aşağı düşməkdə davam edirdi. Meliorasiya və dəmyə torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsində nöqsanlar var idi. Kənd təsərrüfatında taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi. Bunları qeyd etməkdə məqsədim odur ki, Ümummilli Lider hər iki halda, yəni 1969 və 1993-cü ildə hakimiyyətə dəvət olunanda Azərbaycanda vəziyyət ürəkaçan deyildi və bu durum Ulu Öndərin hakimiyyətə gəlməsini şərtləndirirdi. Və hər iki dövrdə Ümummilli Lider qısa müddətə Azərbaycanın hər tərəf inkişafını və sabitliyi təmin etdi. İqtisadi inkişaf və anti-korrupsiyaya qarşı apardığı mübarizə çərçivəsində ümumi Sovet məkanında lider dövlətlərindən birinə çevirdi. Azərbaycanda 1975-ci ildə o dövr üçün innovativ sayılan kondisioner zavodunun tikilməsinə və 60-dan çox ölkəyə kondisoner ixracını təmin edirdi. Minlərlə gənc Ulu Öndərin hakimiyyəti dövründə SSRİ-nin aparıcı universitetlərində təhsil almaq imkanı qazandı. Həmin tarixdən başlayaraq, respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu və gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin inkişafına yollar açıldı. Ötən əsrin 70-ci illərində respublika inkişaf tempinə görə keçmiş İttifaq miqyasında öncül sıralara çıxdı. O zamandan başlayan böyük tarixi mərhələdə Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı inkişafa doğru apardı.
Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB