Şəhid ailələrinə və qazilərə qayğı dövlət siyasətinin prioritetidir - TƏHLİL

Şəhid ailələrinə və qazilərə qayğı dövlət siyasətinin prioritetidir - TƏHLİL

Prezident İlham ƏLİYEV: "Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq"

Bəli, bu gün hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.

Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib bir daha bildirib ki, bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə: "Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi”.
Lakin son günlər qazi adından sui-istifadə edənlər var ki, bu da qazi adına ləkə gətirir.

QAZİ ADINDAN SUİ-İSTİFADƏ ETMƏK YOLVERİLMƏZDİR

Son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etmələri yolverilməzdir. Çünki ölkəmizdə qazilərə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərildiyi hamıya məlumdur. Əminliklə söyləmək olar ki, Azərbaycan bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqətə görə dünyanın ən qabaqcıl dövlətidir. Şəhid ailələri və qazilərə olan bu qayğı “Azərbaycan modeli” kimi bir çox dövlətlər tərəfindən öyrənilməkdədir. Lakin qazilərə, şəhid ailələrinə qayğı göstərmək, sadəcə, dövlətin deyil, hər bir vətəndaşın borcudur və sevindiricidir ki, Azərbaycan cəmiyyəti bu baxımdan üzərinə düşən məsuliyyəti lazımınca dərk edir.

Təəssüf doğuran odur ki, bütün müsbət tendensiyalara rəğmən, bəzən mənfi təzahürlərə də rast gəlinir. Bunlardan da biri bəzi şəxslərin özünü heç bir əsas olmadan qazi kimi təqdim etməsi ilə bağlıdır. Təəssüflər olsun ki, bəzən heç bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış edən insanlara da rast gəlinir. Cəmiyyəti aldadan, eyni zamanda, dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar. Bu gün cəmiyyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir. Əgər onlar hansısa problemlə üzləşiblərsə, bunun həlli üçün əlaqədar dövlət qurumlarına müraciət etməli, problemin qanuni şəkildə həlli üçün hüquqi imkanlardan yararlanmalıdırlar. Və qazilər onu da unutmamalıdırlar ki, irəli sürülən hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir.

“Mən bütün qaziləri, veteranları 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram”, - deyən polkovnik vurğulayıb ki, uğura gedən yolumuz birliyimizdən, həmrəyliyimizdən keçir və bu birliyi qorumaq bizim üçün hər şeydən vacibdir. Ancaq təəssüf doğuran odur ki, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış edirlər. Hansısa qanunsuz təklif və təmənna ilə çıxış etməyin qazi adına, qazi statusuna yaraşmamaqla yanaşı, bu məsələyə hər kəs həssas yanaşması vacibdir.

MÜHARİBƏ, SƏNGƏR GÖRMƏYƏN ŞƏXSLƏR VAR Kİ, ÖZLƏRİNİ “QAZİ” KİMİ TƏQDİM EDİB PUL QAZANMAQ İSTƏYİRLƏR

Bu da bir reallıqdır ki, qələbəmizdən bir il 7 ay keçməsinə baxmayaraq 44 günlük müharibə bitdikdən sonrakı dövrdə Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə, qazilərə hərtərəfli dəstək göstərilir. Onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Amma təəssüf ki, bu gün bəzi şəxslər özlərini qazi kimi təqdim edərək, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj edir, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirməyə cəhd göstərirlər. Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallar ictimaiyyət tərəfindən də qınaqla qarşılanır.

FƏZAİL AĞAMALI: "Şəhid ailələri, qazilər adından istifadə edənlər tərbiyəsizlik, qanun pozuntusudur. Bu cür şəxslərə qarşı çox sərt və hüquqi addımlar atılmalıdır"

Millət vəkili Fəzail Ağamalı bildirib ki, şəhid ailələri, qazilər adından istifadə edənləri tez-tez görürük: “Bu, tərbiyəsizlik, qanun pozuntusudur. Bu cür şəxslərə qarşı çox sərt və hüquqi addımlar atılmalıdır. Şəhid ailələrinin, qazilərin hər birinə bizim rəğbətimiz, hörmətimiz var. Ayrı-ayrı adamlar pul qazanmaq üçün bu müqəddəs addan istifadə edirlər. Onlara qarşı çox sərt, hüquqi addım atılmalıdır. Belə hallar baş verərsə, bu cür insanlara heç bir halda güzəşt etmək olmaz. Elə adlar, elə statuslar var ki, müqəddəsdir, onu gəlir mənbəyinə çevirmək olmaz. Məhz şəhid ailələri və qazilər bu qrupdan olanlardır. Bu cür fırıldaq əməllərə əl atanlar qanun qarşısında çox sərt şəkildə cəzalandırılmalıdır”.

Millət vəkili qeyd edib ki, bu cür halların qarşısını almaq üçün bir neçə yol var: “Onlardan birincisi ictimai qınaqdır. İctimai qınaq bu cür halların qarşısını amaq üçün ən yaxşı vasitədir. İkincisi isə qanundur. Dələduzluq maddəsi ilə dövlət, hökümət və xüsusi statusa malik olan şəxslərin adından etmək kimi müddəalar var. Həmin adamlar bu şəkildə cəzalandırıla bilər”.

MUSA QULİYEV: "Həm dövlətimiz, həm cəmiyyətimiz onlara böyük diqqət və qayğı göstərir"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyevin dediyinə görə, şəhid ailəsi, müharibə əlili, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızı işğaldan azad edən qazilərin mövqeyi cəmiyyətdə hər zaman öndə tutulur: “Həm dövlətimiz, həm cəmiyyətimiz onlara böyük diqqət və qayğı göstərir. Əlbəttə, onların da böyük haqları var. Burada iki məsələni bir-birindən ayırd etmək lazımdır: həqiqətən şəhid ailəsi və Qarabağ əlili olan şəxslərə münasibət və saxta, qondarma veteran və yaxud Qarabağ əlili vəsiqəsi əldə edən, bu addan istifadə edərək özünə müəyyən imtiyazlar qazanan və cəmiyyətə qarşı hörmətsizlik göstərən adamlar. İkinci qrup sırf cinayətkardır. Buna qarşı hüquq-mühafizə orqanları tədbir görməli və vaxtaşırı cəmiyyətə məlumat verməlidir”.

ÇİNGİZ QƏNİZADƏ: "Təəssüflə deyir ki, müqəddəs qazi adından istifadə edən yaramaz, dələduz insanlar az deyil"

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə təəssüflə deyir ki, müqəddəs qazi adından istifadə edən yaramaz, dələduz insanlar az deyil: “Postmüharibə dövründə biz bir çox halda bunun şahidi olduq. İnsanlara müəyyən vədlər verməklə qazi ailələrini, şəhid ailələrini aldadan şəxslər, qazilərimizin və şəhid ailələrimizin adlarından sui-istifadə edərək xoşagəlməz davranışlar sərgiləyən saxtakarlar çox oldu. Halbuki belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə yaxından-uzaqdan bir əlaqəsi var. Qazi adından istifadə edib dilənən, gəlir əldə edən insanlara aramızda və cəmiyyətdə yer olmamalıdır. Bir ayağını itirmiş qazi timsalında küçədə dilənən bir yaramazın polis orqanları tərəfindən ifşa olunması və onun əlilliyinin saxta olmasının görüntülərlə sübut olunması hüquqi aspektdən alqışalayiqdir. Amma ölkəmizdə, xalqımızın arasında bu cür vicdansız adamların olması, saxta qazilərin peyda olması mənəvi baxımdan çox ağrılı məsələdir. Bu, sadəcə, qazi adından sui-istifadə deyil. Bununla həm də ölkəmizdə şəhid ailələrinə və qazilərə “qayğı göstərilmədiyi” rəyini yaradaraq dövlətin imicinə zərər vururlar. Bu, bir növ müqəddəs qazi adının kiçildilməsidir. Yəni dövlət qazilərin qeydinə qalmır, görürsünüz nə gündədir və sair. Bu baxımdan, bunu adi cinayət hesab etmirəm və məncə, həmin şəxs çox sərt formada cəzalandırılmalıdır. Hər birimiz görürük ki, ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarətdir. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. Bu hadisələr fonunda hansısa bir dələduzun qazi adı ilə dilənçilik etməsini özünü əks etdirən görüntülər xoşəgələn deyil. Ölkəmizə gələn xarici qonaqlar, turistlərin Bakı küçələrində dilənən “qazi” görməsi dövlətin öz qazilərinə diqqət və qayğı göstərmədiyi görüntüsünü yarada bilər. Sözsüz ki, bu əməli törədən saxtakar inzibati məsuliyyətə cəlb olunacaq, amma onlara qarşı ictimai rəy formalaşdırmaq üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir”.

Bəli, bu gün qazi olmadan, yəni müharibə görməyən, səngər görməyən şəxslər var ki, özünü qazi kimi təqdim edir. Bunlara qarşı da dövlət də, cəmiyyət də öz sözünü deməlidir.

Mehdi Mehdiyev: "Qazi, şəhid ailəsi adından sui-istifadə, eləcə də qazi olmayan bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi utancvericidir"

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyevin sözlərinə görə, qazi, şəhid ailəsi adından sui-istifadə, eləcə də qazi olmayan bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi utancvericidir. Çünki bu kimi hallar müharibədə döyüşən şəxsləri, şəhid ailələrini ciddi şəkildə narahat edir. istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində iştirak edən həqiqi döyüşçülər heç vaxt qazi adına ləkə gətirməz: “Təəssüf ki, qazi adından istifadə halları da müşahidə olunur. Hətta müharibəyə aidiyyatı olmayanlar arasında dələduzluq yolu ilə bu statusa yiyələnmək istəyənlər var. Ya da statusu olmadan sağlam biri hərbi geyim geyinib, əlil arabasına oturaraq bu addan istifadə edənlər olur. Qazi, şəhid ailəsi adından sui-istifadə yolverilməzdir. Belə halların qarşısının alınması üçün ciddi cəza tədbirlərinin görülməsi məsləhətdir. Yalnız bu halda digərlərinə örnək olmaq olar. Dövlətin hərtərəfli dəstəyi, diqqət və qayğısı fonunda qanunazidd əməllər ictimaiyyət tərəfindən qınanılmalıdır. Çalışırıq ki, belə şəxsləri tənbeh edərək yollarından çəkindirək”.
Birlik sədrinin sözlərinə görə, bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdləri yolverilməzdir və belə halların qarşısı qətiyyətlə alınmalıdır: “Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallarla bağlı ictimaiyyət nümayəndələri də qəti addımlar atmalıdır”.

“BİZ BUNU HEÇ YERDƏ GÖRMƏMİŞİK, BU TƏCRÜBƏNİ HEÇ YERDƏN GƏTİRMƏMİŞİK”

Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: "Bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq".

Dövlət başçısı, eyni zamanda, şəhid ailələrinin sosial təminatı ilə də bağlı fikirlərini bildirib: "Eyni zamanda, şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq".

Belə olan halda bu uğurları görə bilməyən, gələcək nəsillərə pis nümunələr qoymaq istəyən satqınlar cəzalandırılmalıdır. Çünki bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdləri yolverilməzdir, həm də qazi adına ləkə gətirənlər müharibədə döyüşənləri, şəhid ailələrini narahat edir. Ona görə də hamılıqla, belə qazi kölgəsi altında araqarışdıranlara qarşı dövlət də, cəmiyyət bir olmalı, öz sözünü deməlidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə