Avropalılar amerikalılardan nə tələb edirlər?
Hələ cari ilin may ayında ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq nəhəng yardım paketini təsdiqləmişdi. Bu məbləğin böyük hissəsi Rusiya qoşunlarını ölkədən çıxarmağa çalışan Ukrayna ordusunu silahla təmin etmək üçün istifadəsinə hesablanıb. Lakin sirr deyil ki, ABŞ buna qədər də Ukraynaya hərbi yardımlarını göstərib və son vaxtlar həmin yardımların azalması müşahidə olunmaqdadır.
Məsələ ondadır ki, Pentaqon Ukraynaya müxtəlif çaplı silah-sursatlar göndərməklə yanaşı, bu ölkənin silahlı qüvvələrini kəşfiyyat avadanlıqları, habelə yaxınmənzilli raketlər, tank və uçan aparatlar əleyhinə sistemlər də təchiz edir. Lakin hələ bir neçə ay əvvəl ABŞ Ukrayna ordusuna uzaq mənzilli raketlər göndərmək barədə düşünürdü, lakin bu qərar sonradan geri alındı. Məsələ ondadır ki, amerikalı hərbi strateqlər ukraynalıların həmin raketləri Rusiyanın ərazisinə atacağından ehtiyat etdilər, habelə Ukrayna tərəfi də bu addıma getməyəcəyinə zəmanət vermədi. Nəticədə amerikalılara məxsus uzaq mənzilli raketlər Ukraynaya təhvil verilməmiş qaldı. Əbəs deyil ki, Ukrayna prezidenti Vladimir Zelenski bu haqda danışarkən, ABŞ-n həmin qərarına qarşı məzəmmət xarakterli çıxışı ilə yadda qaldı, amerikalıların onları “yarı yolda qoyacağından” ehtiyat etdiyini bildirdi.
Avropanın hərbi-siyasi tərəfləri də yaxşı bilirlər ki, Rusiya Ukraynada gec də olsa uğur qazanarsa növbəti hədəf məhz onlar olacaqlar
Və ən maraqlısı budur ki, ABŞ-ın Avropa İttifaqı ilə elə də isti olmayan münasibətləri fonunda avropalılar da amerikalıları hədəfə aldılar, Ukraynaya hərbi yardımların sayının daha artırılması mühümlüyündən danışdılar. Artıq buradan belə bir nəticə də hasil etmək olar ki, bu ilin fevral ayında başlayan müharibənin başa çatdırılması yönündə yollar axtaran, yaxud buna cəhd edən ABŞ-a mane olan tərəf də məhz Avropa siyasi dairələridir. Bəlkə də belə yanaşma ciddi görünməyə bilər, amma proseslər də buna doğru inkişaf edir.
Çünki başqa yandan, Avropanın hərbi-siyasi tərəfləri də yaxşı bilirlər ki, Rusiya Ukraynada gec də olsa uğur qazanarsa növbəti hədəf məhz onlar olacaqlar. Buna misal olaraq Polşanı, Baltikyanı respublikaları göstərmək mümkündür. Xüsusilə, Litvanın Rusiyaya məxsus iqtisadi məqsədli yükləri öz ərazisindən buraxmaması, eləcə də Polşa ilə Ukrayna arasında sərhədlərin götürülməsi qərarının verilməsi Kremlin qıcıqlanmasına səbəb olmaqdadır.
Onu da qeyd edək ki, bir müddət əvvəl Ukrayna-Rusiya danışıqları təmin olunsa da, artıq bu mümkünlük də aradan qalxıb və burada da Avropa siyasi dairələrinin müəyyən müdaxilələrini hiss etməmək mümkün deyil. Düşündürücüdür ki, hazırkı dövrə qədər qəbul edilən sanksiyaların müqabilində Rusiya öz siyasi-hərbi ambisiyalarını davam etdirir, özü də kəskin israrlıq siyasəti ilə.
Qısa zaman kəsiyində Rusiyanın iqtisadi zəmində geriləməsini gözləmək də doğru olmaz
Beləliklə, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar paketi uzun müddətə hesablanıb. Buna görə də çox qısa zaman kəsiyində Rusiyanın iqtisadi zəmində geriləməsini gözləmək də doğru olmaz. Çünki Rusiyanın güclü iqtisadi ehtiyatları mövcuddur. Məhz həmin ehtiyatların müqabilində müharibə uzanır. Regional maraqları olan dövlətlər də öz maraqları təmin olunmayana qədər bu prosesdən çəkilmirlər. Ancaq sonuncu zərbə hələ vurulmayıb – bu zərbənin adı 6-cı sanksiyadır və həmin sanksiya tam mənada işə düşsə Rusiyanın iqtisadi cinahları zəifləyə bilər.
Məhz bu amildən çıxış edən Avropa siyasi dairələri ilk növbədə öz təhlükəsizliklərini təmin etmələri məqsədləri ilə müharibənin davamında maraqlı olduqlarını gizlətmirlər. Amma onlardan fərqli olaraq ABŞ-ın hərbi-siyasi dairələri artıq savaşın yekun həddə çatmasını istəyirlər, belə ki, bu gün Ukraynaya xərclənən milyardlarla dollarlar sabah-birigün ABŞ-ın özü üçün ciddi tələbata çevrilə bilər.
Avropa öz hayındadır və müharibənin davam etməsində maraqlıdır, amma ABŞ...
Əbəs deyil ki, Rusiya-Ukrayna qarşıdurmasında ABŞ-Aİ qarşıdurması da get-gedə artmağa başlayıb və məqsədlər də üst-üstə düşmür. Ən adi misal da gətirmək olar – müharibə artıq yarım ilə yaxındır davam edir və bu dövrdə Ukraynanı ABŞ rəsmilərindən cəmi bir neçə nəfər ziyarət edib, amma Avropa ölkələrinin demək olar ki, bir çox liderləri dəfələrlə Kiyevə gedərək öz dəstək mesajlarını göstəriblər. Belə olan halda, kimin hansı və necə münasibət göstərməsi də göz önündədir. Bəli, Avropa öz hayındadır və müharibənin davam etməsində maraqlıdır, amma ABŞ artıq əks fikirlərə daha çox istiqamət alır və bu gün-sabah amerikalıların anidən silah yardımlarını dayandırmaları, bunun üçün konqresdə veto qərarının verilməsi ehtimalları gerçəkləşə bilər. Hər halda proseslər də göstərir ki, 2022-ci ilin sonlarında müharibə başa çatmağına çatacaq, amma nə Rusiya, nə də Ukrayna istədiklərini əldə edə bilməyəcəklər. Daha dəqiq desək, “LDNR”in hansısa bir neçə ölkələr tərəfindən tanınması da rusarın maraqlarını, siyasi qalibiyyətlərini təmin edə bilməyəcək, hətta bu gün Xersonda, Xarkovda və s. zəbt olunmuş Ukrayna torpaqlarında mənzillənən, bu ərazilərdə Rusiya bayrağı qaldıran hərbçilərin də müqəddəratları qeyri-müəyyən olaraq qalır. Artıq tam olaraq sübuta yetirilib ki, siyasi maraqların kəsişmə nöqtəsinə çevrilən Ukraynada qaliblər indidən məlumdur – Avropalılar və amerikalılar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB