14 iyul 1969-cu il: Azərbaycan gəncliyinin qayıdış günü ŞƏRH

14 iyul 1969-cu il: Azərbaycan gəncliyinin qayıdış günü ŞƏRH

Misilsiz xidmətləri ilə Azərbaycanın ən parlaq və şanlı tarixini yaratmış dünya şöhrətli siyasi xadimin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın, o cümlədən, Azərbaycan gəncliyinin tarixi taleyində misilsiz rola malikdir. Məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır.

Ümummilli Lider Heydər Əliyevin 53 il öncə - 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. O öz vətənini, millətini ürəkdən sevən bir Şəxsiyyət, Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin söylədiyi hər bir sözü biz gənclərin yol xəritəsidir. Belə ki, dahi şəxsiyyət Heydər Əliyev dediyi bu fikir biz gənclərin dövlətinə, Vətəninə, xalqına, torpağına məhəbbət hissini artırır: «Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır».

Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15000-dən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərildi. 1982-1985-ci illər ərzində bu say 3500-ə qədər çatmışdı. Ölkə daxilində də gənc nəslin yetişdirilməsi istiqamətində işlər ən yüksək şəkildə davam etdirilirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi. 1988-1993-cü illərdə ölkədəki xaos vəziyyəti gənclər siyasətinə də ağır zərbə vurmuşdu. Gənclərin potensialından lazımınca istifadə edilmir, gənclər müxtəlif qruplaşmaların üzvlərinə çevrilir, təhsil müəssisələri dağılırdı. Ümummilli lider 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə gənclərlə iş ölkədə prioritetlərdən birinə çevrildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Gənclərimiz bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Elə son günlərdə Cəbrayıl və Zəngilan rayonunda səfərdə olan ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncini və onların müharibə dövründəki fəaliyyətini belə şərh edib: “Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”

Dövlət başçımızın dediyi bu sözlər biz gənc nəslin öz dövlətimizə, Vətənimizə dərin duyğularla bağlı olmağımıza, vətənpərvər, milli-mənəvi dəyərlərlə, Heydər Əliyev ideyalarına sadiq gənclər kimi formalaşmağımıza köməklik edir. Bu uğurlarımızla hər birimiz qürur duymalı, Prezidentin həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etməli, onun həyata keçirilməsinə öz töhfəmizi verməliyik. Bu siyasətə qara yaxmaq istəyən insanlara layiqli cavab verməliyik. Çünki Azərbaycanın bu uğurlarını görüb bundan məyus olan insanlar da vardır. Bu mənada hər birimizin vəzifəsi ondan ibarət olmalıdır ki, bu inkişafı, əzəməti hər birimiz qiymətləndirək, onu qoruyaq, daha da möhkəmlənməsi üçün səylər göstərək, ən əsası Prezident İlham Əliyevin ətrafında sıx birləşək. Xüsusilə, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə ulu öndər Heydər Əliyev kursunun, Prezident İlham Əliyev siyasətinin təntənəsidir.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə