Rusiya-Qərb toqquşmasında maraqlar nədən ibarətdir? - DEPUTAT MÖVQE BİLDİRDİ

"Rusiya və Qərb arasında qütbləşmənin dərin tarixi kökləri var və hətta SSRİ dövründə bu toqquşma formasiyaların mübarizəsinə çevrilmişdi. ABŞ da, Avropa İttifaqı da, Rusiya da nəhəng güclərdir və heç şübhəsiz ki, mübarizələrin kökündə siyasi və iqtisadi hegomonluq niyyəti dayanır. Hətta tarixin müəyyən dövrlərində bu qütbləşmənin açıq qarşıdurmaya da çevrildiyinin şahidi olmuşuq. Məsələn, Əfqanıstan, Suriya, Ukraynadakı müharibələri bu qəbildən misal göstərmək olar. Amma etiraf etməliyik ki, davam edən bu barışmaz ziddiyyətlərdən həmişə daha çox əziyyət çəkənlər tərəfsiz qalmaq istəyən, yaxud bu güclərin hər hansı birinin səfində yer tutan nisbətən kiçik dövlətlər olur". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, yenidən alovlanan qütbləşmə dövründə ən uğurlu mövqe tuta bilən dövlət Azərbaycan olub: "Prezident İlham Əliyevin şəxsi nüfuzu və çoxsaylı diplomatik gedişləri hesabına Azərbaycan bu savaşda nəinki təhlükəsiz bir mövqeyə çıxarmağa nail olub, üstəlik Azərbaycan qərblə Rusiya arasındakı rəqabəti Cənubi Qafqazda sülh və sabitlik uğrunda rəqabət müstəvisinə çıxara bilib. Yəni, bu gün həm qərb, həm də Rusiya Azərbaycanın yaratdığı yeni reallıqda Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunmasında daha çox rola malik olmaq istəyir".

Deputat sözlərinə belə davam edib: "Digər tərəfdən, 44 günlük savaşdan sonra özümüz fikri hesablaşılan gücə çevrilmişik. Biz Avropa İttifaqı ilə kifayət qədər yüksək səviyyəli münasibət qurmuşuq, Böyük Britaniyanın əsaslı ticari tərəfdaşlarından biriyik, ABŞ-ın təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində qlobal müttəfiqlərindənik, Rusiya ilə bütün sahələri əhatələyən strateji müttəfiqlik müqaviləmiz mövcuddur.

Eyni zamanda Vətən müharibəsi bizim hərbi güc kimi imkanlarımızı dünyaya nümayiş etdirdi, üstəlik bu imkanla bərabər, həm də dünyanın çox ciddi hərbi güclərindən biri sayılan Türkiyə ilə Şuşa bəyannaməsinə əsasən güclərimizi birləşdirmişik. Yəni, Prezident İlham Əliyev çox mürəkkəb hərbi-siyasi və diplomatik kombinasiyalarla hazırkı həssas dönəmdə, qütbləşmə prosesində Azərbaycanın sağlam bir mövqedə qərarlaşmasına, təhdidlərdən kənar, müstəqil güc kimi inkişaf yoluna davam etməsinə nail olub. Ən doğrusu və idealı da budur. Çünki qütblərin savaşında sadəcə oyunçu dəyişilə bilər, mübarizə həmişə var və davam da edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə