Meymunçiçəyi həyəcan təbilini çalır TƏHLİL

Azərbaycan meymunçiçəyinə qarşı test dəstlərini əldə edən ilk ölkələrdəndir

COVID-19 pandemiyasının yaxın zamanlarda bitəcəyini düşünürdük. Hər gün yoluxma sayının azalması bizdə belə bir fikir yaradırdı. Gündəlik yoluxma rəqəmlərinin bir və iki rəqəmi arasında dəyişməsi, əlbəttə ki, pandemiyanın sonu olduğu deyil. Bu gün yoluxma sayının az olmasına baxmayaraq, ÜST COVID-19-un yeni variant və ştamlarını yaxından izləyir. Hazırda omikron ştamının da fərqli variantları üzə çıxır. Bu gün isə meymunçiçəyi xəstəliyi dünya ölkələrinin bir çoxunda baş qaldırıb. Avropada meymunçiçəyi virusuna yoluxanların sayı son iki həftədə üç dəfə artıb. Ümumilikdə dünyada 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb. Bu rəqəm və statistik göstəricilər artıq, həyacan təbilini çalır. Meymunçiçəyi virusuna yoluxanların 90 faizi Avropa regionunda qeydə alınıb. Yoluxma hallarının əksəriyyəti 21-40 yaş arasında olan insanlardır. Onların 99 faizi kişilərdir.
Azərbaycan ÜST-dən meymunçiçəyinə qarşı bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib. Bu vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Erkən diaqnostika bu səyin mühüm hissəsidir.

AZƏRBAYCANDA MEYMUNÇİÇƏYİ XƏSTƏLİYİNƏ YOLUXMA HALI MÜŞAHİDƏ OLUNMAYIB

Bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb. Mütəxəssislərin qənaətinə əsasən, təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı müəyyən qədər azdır. Lakin dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır. Xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya kimi hallardan hər hansı biri olarsa, gecikmədən mütəxəssisə müraciət olunmalıdır. Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb. Məlumdur ki, koronavirusun dünyada geniş vüsət aldığı bir zamanda Azərbaycanda tətbiq edilmiş karantin rejimi qaydalarına lazımı səviyyədə əməl olundu. Belə ki, maskadan lazımı, tələb olunan şəkildə istifadə edildi, sosial məsafə gözlənildi, qapanmalar tətbiq edildi, ictimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət olundu və s. qabaqlayıcı tədbirlər Azərbaycanın bu sahədə nümunəvi ölkə olduğunu təsdiqlədi.

VƏTƏNDAŞLARIN SAĞLAMLIĞININ QORUNMASINA XİDMƏT EDƏN BÜTÜN ZƏRURİ ADDIMLAR ATILDI

Əlbəttə ki, COVID-19-a yoluxma sayının azalması insanlarda arxayınlıq yaratmamalı və epidemioloji vəziyyət nəzarətdə saxlanılmalı, hər bir vətəndaş məsuliyyətli olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edərkən dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd edib. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 776 min 901, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 358 min 266, ikinci mərhələ üzrə 4 milyon 854 min 859, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 313 min 744, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 250 min 32-dir.
İndiyədək ölkədə ümumilikdə 793 min 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 501 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 287 nəfərdir. COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısını almış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar reallaşdı. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu.
Odur ki, pandemiyanın tamamən bitmədiyini bilməliyik. Əllərin yuyulması, tənəffüs gigiyenası kimi öyrəndiyimiz bütün qoruyucu tədbirləri davam etdirməyimiz lazımdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə