Bakı konfransı Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatı oldu

Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı müzakirə etdiyi mövzunun aktuallığı baxımından diqqətdədir. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”nə çağırış edən qurum bununla, eyni zamanda, fəaliyyətinin əsas məqsəd və məramını açıqladı. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan, bütün məsələlərin bu prinsiplər əsasında çozülməsinə səy göstərən Qoşulmama Hərəkatının inkişafı istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər dəstək qazanır, reallıqda öz əksini tapır. Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü də ölkəmizə məxsusdur. Azərbaycan, həmçinin Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib ki, növbəti ayda Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Təkcə iki təşəbbüs Azərbaycanın gələcəklə bağlı hədəflərinə aydın şəkildə işıq salır.

Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli addımdır. Azərbaycan ölkələr arasında əlaqələrin inkişafında, hədəflərə zamanında və yüksək səviyyədə nail olmaqda parlamentlərin roluna xüsusi önəm verir. Bu nöqteyi-nəzərdən Azərbaycan, Türkiyə, Pakistan parlamentləri sədrlərinin Bakıda bir araya gəlmələrini və dünyaya səs salan Bakı Bəyannaməsinin imzalanmasını da qeyd edə bilərik. Sənəddə üç dost ölkə arasında əlaqələrin gələcək inkişafına xidmət edəcək bütün zəruri addımlar və icra mexanizmləri öz əksini tapıb.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında da “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi.

Azərbaycan dayanıqlı sülhün və inkiafın təşviqində parlamentlərin rolunun artırılmasına öz töhfələrini verməyə hazır olduğunu bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdı. Dövlət başçısı İlham Əliyev nitqində bildirdi ki, Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını bildirən ölkə Prezidenti İlham Əliyev bu əminliyi ifadə etdi ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu nəzərə alsaq Azərbaycanın qurumun institusional inkişafı üçün atdığı addımlara beynəlxalq dəstəyin əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19-a qarşı mübarizə tədbirləri ilə üst-üstə düşdü. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Ölkəmiz nəinki daxildə, həmçinin beynəlxalq səviyyədə həyata keçiridi tədbirləri ilə diqqətdə oldu. Qoşulmama Hərəkatının videoformatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan bunu 2020-ci ilin may ayında reallaşdırdı. Bu, pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin səfərbər edilməsi istiqamətində ilkin addımlardan biri idi. Bunun nəticəsində Azərbaycan 2020-ci ilin dekabr ayında keçirilən, COVID-19-la mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın Xüsusi Sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdü və bu istəyimiz də həyata keçirildi. Azərbaycan səylərini həmrəyliyin gücləndirilməsinə, dəstəyin təmin edilməsinə yönəltdi. Qeyd edək ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə edilib ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Azərbaycanın “peyvənd millətçiliyi”nə qarşı mübarizəsi də Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstək qazandı.

Göründüyü kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi biri-birindən mühüm addımları ilə diqqətdədir. Bu addımlar ölkəmizin dəyişməz mövqeyinin qazandırdığı uğurların da təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

İstər işğal, istərsə də Zəfər dövründə elə bir beynəlxalq tədbir yoxdur ki, Prezident İlham Əliyev dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etməsin. Bakı konfransında da bu reallıq bir daha diqqətə çatdırıldı ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

İşğal dövründə yaşadıqlarımızı unutmayaraq tarixi Zəfərimizin fonunda yeni səhifəni açaraq, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh təklifini etdik. Dünya gücləri Azərbaycanın sülh təklifini təqdir edir, Ermənistanla münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bakı konfransında məhz bugünümüzün reallıqlarına söykənərək Qoşulmama Hərəkatının daha da inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinə, vahid mövqedən çıxış etməyə çağırışlar edildi.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə