Ali Baş Komandan İlham Əliyevin Komando hərbi hissəsinə döyüş bayrağının verilməsi mühüm rəmzi məna daşıyır ŞƏRH
26 iyun Silahlı Qüvvələr Günündə Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsi olduqca mühüm rəmzi məna daşıyır. Belə ki, 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bütün bunlar onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Məhz bu, bir daha Azərbaycan ordusunun gücünün və dəmir yumruğunun sarsılmazlığının nümayişi idi.
Qeyd edək ki, Azərbaycan xalqı hər zaman Silahlı Qüvvələrimizlə fəxr edir. Sevinirik ki, artıq 2 ildir xalqımız 26 İyun tarixini müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirdi. Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Silahlı Qüvvələrimizlə qürur duyur. 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında idi. Bu müddət ərzində xalqımız beynəlxalq hüququn işləmədiyinin, ədaləti bərpa etmək üçün güc amilinin hər şeydən daha vacib olduğunun şahidi oldu. Bu gün hər birimiz görürük ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Əlbəttə ki, beynəlxalq hüququ bərpa etmək üçün Azərbaycan güc toplamalı idi. Ötən dövr ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan güc topladı və beynəlxalq təşkilatlar qarşısında Azərbaycan özünün haqlı mövqeyini uğurla nümayiş etdirdi. Bütün bunların nəticəsi olaraq tarixi qələbəmiz daha da yaxınlaşdı. Nəticədə Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığı sayəsində Azərbaycan tək başına beynəlxalq hüququ bərpa etdi. Çox böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün biz qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Müzəffər Azərbaycan Silahlı Qüvvələri tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyasını uğurla icra etdi. Qazanığımız tarixi Qələbə daim bizim tariximizdə olacaq və biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Bu gün bütün dünya Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq və bərpa işlərini heyranlıqla izləyir. Görülən bütün bu işlər ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, qurub-yaradan xalq olmağımızın da göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin çıxışında dediyi kimi, “Azərbaycan xalqı qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur”. Azad olunmuş ərazilərimizdə artıq, yeni həyatın təzahürləri görünür. İşğaldan azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Geniş miqyaslı və hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bütün bunlar onun göstəricisidir ki, biz bu torpaqların sahibləriyik. Və torpaq sahibində olanda canlanır, çiçəklənir.
Fərid Mustafayev
YAP Yasamal rayonu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB