Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir ŞƏRH

18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyini və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açmışdır. Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. Azərbaycan BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir.

İyunun 26-da Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası işə başlayıb. BMT-nin Yaşayış Məskənləri Proqramı tərəfindən hər iki ildən bir sürətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək.BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. BMT-nin Yaşayış Məskənləri Proqramı 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.

Azərbaycanın bu qurumla əməkdaşlığı işğaldan azad olunan ərazilərin bərpasına müasir səviyyəli mütəxəssislərin cəlbi, ərazilərdə məskunlaşma zamanı müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-i Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışında xüsusi qeyd edib. Bildirib ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Azərbaycan hökuməti ölkədə urbanizasiya problemini həll etmək, böyük şəhərlərdə əhalinin rahat yaşam şərtlərini təmin etmək üçün mühüm işlər görüb. Xüsusilə ən böyük şəhər, həm də paytaxt olan Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub: “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir”. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində yaşayış məskənlərinin bərpası kimi çox böyük və əsaslı bir prosesi həyata keçirir. Bu zaman əsas diqqət azad olunan ərazilərdə şəhərlərin ən müasir texnologiyalar əsasında salınması, ərazinin tamamilə yaşıl enerji ilə təmin olunması kimi istiqamətlərə yönəldilir. Cənab Prezident xüsusi vurğulayıb ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir: “Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib”.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...