Son dərəcə ƏHƏMİYYƏTLI ZİRVƏ TOPLANTISI – TƏHLİL

Xəzər dənizində statusun müəyyən olunması məsələsinin uzun illər müzakirə predmeti olduğu bəllidir. Hətta bu zamana qədər statusun müəyyən olunmamasına görə bəzi hallarda Xəzəryanı dövlətlərarası münasibətlərdə gərginliyin olduğu da sirr deyil. Bu baxımdan, status məsələsinə aydınlıq gətirilməsi xüsusi önəm daşıyır və Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı Zirvə Toplantısı son dərəcə əhəmiyyətli hesab olunur.

Ölkə başçısı cənab İlham Əliyevin Türkmənistana səfəri və Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı Zirvə Toplantısında iştirakı xüsusilə diqqətə layiqdir. Belə ki, Xəzər dənizini əhatə edən beş dövlət arasında iqtisadi, siyasi, təhlükəsizlik, nəqliyyat, ekologiya, təbii resurslardan istifadə və digər sahələr üzrə qarşıya çıxan problemlərin həlli üçün ən effektiv format məhz sözügedən Zirvə Toplantısı hesab olunur. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycan nəqliyyat-logistika infrastrukturuna görə, Xəzər dənizinin ən inkişaf etmiş ölkəsi olması səbəbindən ölkəmizlə status məsələsinə aydınlıq gətirilməsi digər Xəzəryanı ölkələr üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir.

Doğrudur, Azərbaycanla Türkmənistan eyni dini və milli köklərə malik qardaş dövlətlərdir. Ölkələrimizi eyni tarixi və mədəni köklər birləşdirir və Azərbaycanla Türkmənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda hər zaman əməkdaşlıq edib və bu əməkdaşlıq yenə də uğurla davam etdirilir. Bununla belə, Xəzər dənizini əhatə edən beş dövlət arasında status məsələsinə aydınlıq gətirilməsi də hər zaman təxirəsalınmaz məsələ hesab olunub, aktuallığına görə də ön planda durub və bu mənada Zirvə Toplantısı həmin beş dövlət üçün ən arzuolunan, ən effektiv formatdır. Bu arada biz onu da diqqətə çatdırmalıyıq ki, 2018-ci ildə imzalanmış, “Xəzərin hüquqi statusu haqqında Konvensiya” bu istiqamətdə əldə olunan ən böyük nailiyyət hesab olunur.

Azərbaycanla Xəzəryanı ölkələr arasında nə Rusiya, nə də Özbəkistanla bu zamana qədər hər hansı problemlər, anlaşılmazlıq olmayıb, amma bəzən Türkmənistan və İranla müəyyən fikir ayrılıqları olub. Düzdür, bu fikir ayrılıqları da tərəflərin təşəbbüsləri, səyləri ilə aradan qaldırılıb və zamanla bu məsələlər də öz həllini tapmaqdadır. Məsələn, nəzərə çatdıraq ki, Türkmənistanla mübahisəli yataqların müştərək istismarı ilə bağlı keçən il müəyyən razılığa gəlinib. Hesab edirik ki, bizim tərəfimizdən “Kəpəz”, Türkmənistan tərəfindən isə “Sərdar” adlandırılan yataqlara “Dostluq” adının verilməsi bu razılığın nəticəsidir və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsinə töhfələrini verməkdədir. Əlbəttə ki, sözügedən Konvensiya İran parlamenti tərəfindən ratifikasiya olunduqdan sonra, qalan məsələlər də həllini tapacaq və sözün əsl mənasında Xəzər dənizi əsil dostluq, əməkdaşlıq meydanı olaraq Xəzəryanı ölkələrin xalqlarının rifahına daha böyük təvhələr verəcək.

Şübhəsiz ki, hər bir toplantıda, hər bir sammitdə ölkə rəhbərimizin iştirakı mövcud məsələlərin həllinə yönəlik addım kimi diqqətdən yayınmır. Eləcə də, sirr deyil ki, cənab Prezident İlham Əliyevin iştirak etdiyi hər bir tədbirdə irəliyə doğru addımlar atılır və həmin tədbir bu baxımdan öz vacibliyi ilə yadda qalır. Bu mənada ölkə başçısının Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı Zirvə Toplantısında çıxışı da diqqətə layiqdir və cənab Prezident İlham Əliyevin bu toplantıdakı çıxışında məhz Xəzər dənizində təhlükəsizlik, gəmiçilik, balıqçılıq, ekologiyanın, su ehtiyatlarının qorunması və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir, çünki son dərəcə əhəmiyyətli məsələlərin həllini əhatə edir.

Qeyd olunduğu kimi, Azərbaycan nəqliyyat-logistika infrastrukturuna görə, Xəzər dənizinin ən inkişaf etmiş ölkəsi olaraq tanınır və müxtəlif təyinatlı gəmilərə, donanmaya, limana, aşırma terminallarına sahibdir. Bununla yanaşı qeyd etmək yerinə düşərdi ki, ölkəmiz coğrafi mövqeyinə görə də əlverişli imkanlara malikdir. Beləki, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir və hətta son dövrlər məhz Rusiya-Ukrayna müharibəsi fonunda Xəzər dənizi vasitəsilə yükdaşımaların səviyyəsinin getdikcə artdığı da günün reallığıdır. Bu reallıqla yanaşı Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbən sonra yaratdığı reallıqlar da var. Həmin reallıqlar Zəngəzur dəhlizinin açılmasının, daha sonra isə, Türkiyə vasitəsilə Aralıq dənizi hövzəsinə çıxışın təmin edilməsi deməkdir. Bütün bunlar o deməkdir ki, Azərbaycanla əməkdaşlığın daha da yaxşılaşdırılmasında hər bir ölkə, xüsusən də Xəzəryanı ölkələr çox maraqlıdırlar və bu fonda da Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı Zirvə Toplantısı son dərəcə əhəmiyyətli hesab olunur.

Liderlərin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etdiyi Zirvə Toplantısının əhəmiyyəti bununla da bitmir və olduqca böyük olduğu nəzərdən qaçmır. Belə təmasların, dialoqun olması dövlətlərarası münasibətlər sistemində son dərəcə vacib hesab olunur. Məhz bütün bunlar, əldə olunan imkanlar onu deməyə əsas verir ki, Orta Asiyanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına çıxarılmasının yaxın zamanlarda şahidi ola biləcəyik. Ölkə rəhbəri cənab Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, uğurlu strategiyası nəticəsində reallaşdırılmış neft-qaz kəmərləri, digər transmilli layihələr Azərbaycanı regionun ən əhəmiyyətli ölkəsinə çevirib. İstər iqtisadi, istər siyasi, istərsə də coğrafi, yaxud hərhansı baxımdan Azərbaycanın əhəmiyyətinin artdığını görməmək mümkün deyil və bu baxımdan da bütün beynəlxalq platformalarda ölkəmizin qaldırdığı hər hansı məsələ həmişə öz həllini tapır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə