“Bu, Prezidentdən Silahlı Qüvvələrin 104-cü ildönümünə ən böyük hədiyyədir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göygöl, Kəlbəcər, Laçın rayonlarına səfəri zamanı tikinti işləri yaxından tanış olması, həmçinin Kəlbəcərdə komando hərbi hissəsinin açılışını etməsi Silahlı Qüvvələrimizin 104-cü ildönümünə ən böyük hədiyyədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.


Onun sözlərinə görə, ötən ildən başlayaraq Azərbaycanda komando üsulu hərbi hissələr açılır: “Bu, Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşməsinə və müasir tələblərə cavab verməsinə bir işarədir. Ali Baş Komandanın məhz Silahlı Qüvvələrin 104-cü ildönümündə Kəlbəcərdə belə bir hərbi hissənin açılışını etməsi, əsgərlərin, zabitlərin qarşısında çıxış etməsi, Kəlbəcərdən Ermənistana xüsusi mesajlar ötürməsi, onlara reallıqları təkrar başa salması Azərbaycanın post-münaqişə dönəmində çox uğurlu daxili və xarici siyasət yürütməsini bir daha sübut edir. Prezident İlham Əliyev bir daha şəhidlərimizi, qazilərimizi yad etdi, gənclərimizin vətənpərvər ruhda yetişdirildiyini vurğuladı və Azərbaycanın güclü dövlət olduğunu səsləndirdi, həmçinin Ermənistanın yeni reallığı anlamağı və bu reallıqlar fonunda hərəkət etməyinin vacib olduğunu bildirdi”.

Deputat qeyd edib ki, ötən müddət ərzində həm Kəlbəcərdə, həm Laçında sürətli quruculuq, abadlıq işləri yerinə yetirilməkdədir: “Kəlbəcərə və Laçına rahat gedə bilmək üçün xüsusi tunellər salınır və Toğanalı-Kəlbəcər yolu ən müasir tələblərə cavab verəcək şəkildə inşa edilir. Bu isə bizi sevindirir, həm də qürurlandırır. Bununla yanaşı ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatının həyata keçirilməsi ilə üçün Su Elektrik Stansiyaları (SES), yarımstansiyalar, ötürücülər tikilir və Azərbaycanın elektrik şəbəkəsinə qoşulur. Bu isə çox vacib amillərdən biridir. Burada istehsal olunan enerji ekoloji cəhətdən təmizdir və bu da ərazilərin yaşıl enerji konsepsiyasına uyğun gəlir. Kəlbəcər Azərbaycan üçün çox önəmli rayondur və böyük turizm potensialı var. Cənab Prezident İlham Əliyev tərəfindən İstisu sanatoriyasının təməlinin qoyulması onu deməyə imkan verir ki, ən qısa zamanda turizm infrastrukturunu da bərpa edəcəyik, bütün dünya da cənnət məkan ərazilərə axın edəcək. Maraqlı faktlardan biri də odur ki, artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan Hava Limanının istifadəyə verilməsinə isə çox az bir müddət qalıb. Cənab Prezident, daha əvvəl həmçinin Laçında da beynəlxalq hava limanının təməlini qoymuşdu. Bu səfər zamanı isə tikinti prosesi ilə yaxından tanış oldu və ən qısa zamanda Laçında da beynəlxaql hava limanının istifadəyə veriləcəyinin şahidi olacağıq. Bu, birbaşa olaraq həm quru, həm də hava məkanının işə düşməsi deməkdir. Biz artıq Kəlbəcərə və Laçına təyyarə vasitəsilə səfərlər edə biləcəyik. Bu da oranın həm turizm potensialını artıracaq, həm də hava limanının təhlükəsizlik məsələlərində çox böyük rolu və önəmi olacaq.”

Naqif Həmzəyev sözlərinə görə, Prezident hərbi hissənin açılışı zamanı əsgərlərin, zabitlərin qarşısında çıxış edərkən bildirib ki, Azərbaycan bütün sərhədboyu möhkəmlənir və burada nəzarət tam olaraq Azərbaycanın əlindədir: “Düşmən “dəmir yumruğ”un hər zaman hazır olduğunu unutmalı deyil. Biz fəxr edirik ki, Ali Baş Komandan Cənab Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir və quruculuq, abadlıq, yenidənqurma işlərinə şəxsən nəzarət edir, keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtması üçün təxirəsalınmaz işlər həyata keçirilir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə