Bu gün Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edirik

İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü hər il təntənə ilə qeyd edirik.
Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Cənab Prezidentimiz dəfələrlə demişdi ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.
Heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir.

Biz qalib ölkəyik. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Əziz hərbçilər, bu gün Silahlı Qüvvələr Gününü Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik. Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Samirə Qasımova

YAP-ın üzvü, hüquqşunas

Bütün xəbərlər Facebook səhifəmizdə