Veteranlar Təşkilatında Silahlı Qüvvələr Günü münasibətilə konfrans keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Ordusuna dəstək məqsədi daşıyan tədbirdə şəhid valideynləri, veteranlar, Vətən müharibəsi qaziləri, QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov konfransı giriş sözü ilə açaraq, Azərbaycan Ordusunun yaranma, formalaşma tarixindən, keçdiyi döyüş yolundan və hazırkı durumundan danışıb.

O vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əsl gücünü və döyüş qabiliyyətini işğalçı Ermənistana və bütün dünyaya göstərib: "İgid hərbçilərimiz düşməni diz çökdürdü və torpaqlarımızı azad etdi. Bu gün ermənilərin başqa şansı yoxdur. Onlar sərhədlərin delimitasiyasına razı olmalıdırlar. Belə də olacaq. Biz bu gün şəhidlərimizə, qazilərimizə minnətdarıq. Onlar müharibə dövründə bir metr da olsun geri çəkilmədilər".

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin 100 yaşlı veteranı Fatma Səttarova isə Azərbaycanın vətənpərvər oğul və qızları ilə fəxr etdiyini söyləyib: "Mən Rusiya torpağı uğrunda mübarizə aparmışam. Çox çətinliklər görmüşəm. Bizim oğul və qızlarımız Azərbaycan uğrunda vuruşub, canlarından keçiblər. Azərbaycan kiçik ölkə olsa da, hamının gözü bizdədir. Çünki Azərbaycan zəngin ölkədir, ləyaqətli dövlətdir. Mən lazım olarsa, bu gün də torpaqlarımız uğrunda əlimdən gələni etməyə hazıram".

Qarabağ qazisi Rey Kərimoğlu da Silahlı Qüvvələrimizin uğurlarından danışıb. O, Azərbaycan Ordusunun formalaşmasını tarixi baxımdan dörd mərhələyə bölüb. 2003-2020-ci illəri ayrıca bir mərhələ kimi qiymətləndirən qazi dövlət rəhbərliyinin orduya ayırdığı diqqət və qayğını xüsusi qeyd edib.

Tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə