Azərbaycan Ordusunun yaradılmasının 104-cü ildönümü Varşavada qeyd edilib

Azərbaycan Ordusunun yaradılmasının 104-cü ildönümü ilə əlaqədar ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavanın Yuzef Polinski parkında tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Polşa milli ordusunda və “Armija Krajowa”da bu ölkə uğrunda mübarizə aparmış polkovnik, əslən azərbaycanlı olan Vəli bəy Yadigar və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun Baş Qərargah rəisi olmuş general, əslən polyak tatarı Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önündə keçirilən tədbirdə Varşavanın Cənubi Praqa bölgəsinin burmistri (bölgə rəhbəri) Tomaş Kuxarski, Polşa Xarici İşlər Nazirliyinin, Baş Qərargahının, Varşava Universitetinin, Polşa Tatarları Birliyinin, Varşava Qettosu Muzeyinin nümayəndələri, türkoloq alimlər, Polşa ictimaiyyətinin ziyalıları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan ziyalıları və səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Polşanın qəhrəmanları olan polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin abidəsi önünə əklillər qoyulub.

Sonra səfir Nərgiz Qurbanova çıxış edərək qonaqları və həmvətənlərimizi salamlayıb, Silahlı Qüvvələrin hər bir dövlət üçün olduğu kimi, Vətənimiz Azərbaycanın da müstəqilliyinin təminatçısı və müdafiəçisi olduğunu bildirib. Səfir ölkəmizdə Silahlı Qüvvələrin yaranmasını şərtləndirən çətin tarixi şərait, onun formalaşmasında və inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu, Heydər Əliyev dövlətçilik məktəbinin davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri ilə Ordumuzun möhkəmlənməsi, müasirləşməsi və dünyanın ən güclü ordularından birinə çevrilməsi barədə danışıb.

N.Qurbanova özünü etibarlı beynəlxalq tərəfdaş kimi təsdiqləyən Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində ölkə hərbi sisteminin NATO standartlarına uyğunlaşdırılmasının həyata keçirildiyini, ölkəmizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyini bildirib. Diplomat Azərbaycan hərbçilərinin dünyanın bir çox ölkəsində, o cümlədən Polşada uğurla təhsil alaraq peşəkar hərbçi kimi yetişdiklərini vurğulayıb. Otuz il ərzində Ermənistanın işğalı altında qalan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini fəxr hissi ilə diqqətə çatdıran səfir 44 günlük Vətən müharibəsində canlarından keçərək şanlı zəfər tariximizi yazan Azərbaycan qəhrəmanları olan şəhid əsgərləri və zabitlərimizi qürurla anıb.

Diplomat tədbirin keçirildiyi Yuzef Polinski parkında abidələri ucaldılmış, xatirələri həm Azərbaycan, həm də Polşa üçün əziz olan iki qəhrəman hərbçinin - Polşa tatarlarından olan, Azərbaycanın müstəqilliyinin ilk və çətin illərində ölkəmizi özünə Vətən seçmiş, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda vuruşmuş və məhz bu mübarizəsinə görə sovet ordusu tərəfindən qətlə yetirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Baş Qərargah rəisi general M.Sulkeviçin, həmçinin Azərbaycan və Polşa ordu sıralarında hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış polkovnik V.Yadigarın həyat və ölkələrimiz naminə şərəfli fəaliyyətlərindən danışıb, ölkələrimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş qəhrəmanlarımızın xatirəsinin hər birimiz üçün əziz olduğunu deyib.

Sonda səfir bu ilin Azərbaycan-Polşa münasibətlərində xüsusi yer tutduğunu, üç yubileyin - Azərbaycan-Polşa tarixi münasibətlərinin 550, diplomatik əlaqələrinin 30 və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamənin imzalanmasının 5 illiyinin bu il təntənə ilə qeyd edildiyini vurğulayıb. N.Qurbanova Azərbaycan Ordusunun yaradılmasının 104-cü ildönümü münasibətilə qonaqları və həmvətənlərimizi bir daha təbrik edib, Azərbaycan-Polşa münasibətlərinin inkişafı naminə uğurlar diləyib.

Tədbirdə Varşavanın Cənubi Praqa bölgəsinin burmistri T.Kuxarski çıxış edərək Azərbaycan Ordusunun yaradılmasının 104-cü ildönümü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. O, abidələri önündə dayandığı, həm Azərbaycan, həm də Polşada böyük ehtiramla anılan iki qəhrəmanın şücaətinin həm indiki, həm də gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.

Sonra polşalı tanınmış rejissor Yeji Lubax çıxış edərək Azərbaycanda həm dövlət, həm də hərbi quruculuqda polyakların rolundan danışıb, Azərbaycandan olan vətənpərvərlərin də Polşa uğrunda vuruşduqlarını diqqətə çatdırıb.

Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycanın milli mətbəxinin ləziz təamlarından dadıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...