"Özbəkistan prezidenti Azərbaycan xalqının yanında olduğunu göstərdi" - DEPUTAT ŞƏRH ETDİ
"Özbəkistan əhalisinin sayında görə Türk dünyasında ikinci sırada olan və çox böyük ərazi göstəricilələrinə görə isə ümumilikdə Asiya regionunun ciddi iqtisadi potensiala malik subyektlərdəndir. Özbəkistanla bağlı bizim üçün ən vacib olan məqam isə bu ölkənin Sovetlər Birliyi dağıldıqdan sonrakı dövrdə istisnasız olaraq Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla prinsipial şəkildə dostluq mövqeyi sərgiləməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, üstəlik, bu ölkədə çoxsaylı erməni yaşamasına baxmayaraq hələ də Ermənistan və Özbəkistanın qarşılıqlı səfirlikləri fəaliyyət göstərmir: "Bundan başqa, Özbəkistan BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməni dəstəkləyən yeganə Mərkəzi Asiya ölkəsi olmuş, eyni zamanda 2010-cu il Daşkənd Bəyannaməsində bu ölkə açıq şəkildə bizim ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dəstək verərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinun ən qısa zamanda icra olunması zərurətini bəyan etmişdi".
Deputat sözlərinə belə davam edib: "Özbəkistan hakimiyyətinin ilk gündən sərgilədiyi bu ədalətli və haqqa əsaslanan mövqe 2016-cı ildən, cənab Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra da davam etdirilmiş, Ermənistanla soyuq təmaslara üstünlük verilmiş, cənab Mirziyoyev, eyni zamanda da Müstəqil Dövlətlər Birliyinin sədri olduğu bir dövrdə Vətən müharibəsində cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə münasibətilə nümayişkaranə şəkildə Azərbaycan xalqını təbrik etmişdir.
Hətta ötən ilin noyabr ayında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Füzulidə qardaşlığın rəmzi olan 960 yerlik məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında quruculuq və bərpa prosesinə əməli dəstəyini ifadə etmişdi. Aydındır ki, Azərbaycanın imkanları kifayətdir ki, bütün işləri özü reallaşdırsın, lakin Özbəkistan Prezidenti bu nəcib addımı ilə bir daha iradə nümayiş etdirərək Azərbaycan xalqının yanında olduğunu göstərdi. Təbii ki, bu xoş münasibət birtərəfli deyil.
Nəzərə almalıyıq ki, Azərbaycan da həm Ümummilli Lider Heydər Əliyev, həm də cənab İlham Əliyevin hakimiyyəti illərində Özbəkistanla əməkdaşlığın bütün səviyyələrdə inkişafına diqqət yetirmiş, beynəlxalq səviyyədə bu ölkəyə daim açıq dəstək ifadə olunmuşdur. Xüsusən cənab İlham Əliyev də Türk dünyasının, o cümlədən də Özbəkistanın mənafelərini həmişə bütün səviyyələrdə müdafiə etmiş, türkdilli dövlətlərlə, o cümlədən qardaş özbək xalqı ilə münasibətlərin daha üst səviyyəyə çatması üçün bütün imkanları səfərbər edərək ciddi səylər ortaya qoymuşdur. Eyni zamanda Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq cənab İlham Əliyevin Türk dünyası üçün açdığı imkanlar fonunda Özbəkistan üçün də Qərb istiqamətində yeni potensial formalaşmış oldu. Xüsusən Zəngəzur dəhlizinin açılması istiqamətində işlər, o cümlədən Özbəkistanın özünün Hind Okeanına və Şərqi Asiyaya uzanan nəqliyyat layihələri onu deməyə əsas verir ki, Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını kommunikasiya arteriyasına çevirəcək. Bu məsələlərdə Özbəkistan və Azərbaycan Prezidentlərinin üst-üstə düşən mövqeyi və əzmləri indidən ciddi perspektivlər vəd edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu mənada yalnız iki ölkə arasında münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda ciddi regional siyasi hadisə hesab edilməlidir. Xüsusən münasibətlərimizdə yeni səhifə açan son səfər zamanı imzalanmış çoxsaylı sənədlər, o cümlədən Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığı strateji səviyyəyə yüksəldən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” bütövlükdə regionun taleyini dəyişə biləcək siyasi, bölgədə güc nisbətini köklü təsir edə biləcək əməkdaşlıq və sülhün qarantına çevrilən yeni və müstəqil güc mərkəzinin formalaşmasından xəbər verir. Bu o deməkdir ki, İlham Əliyevin təşəbbüskarlığı, əzmi ilə artıq Türk dünyası üçün yeni bir dövr başlayır və bu prosesdə bizim ən yaxın müttəfiqlərimizdən biri məhz Özbəkistandır.
Bu məqamda bir haşiyəyə çıxmaq yerinə düşər.
Xatırlayırsınızsa müstəqilliyin ilk 2 ilində türk kəliməsi Azərbaycanda ən populyar ifadə idi, hətta, Azərbaycan dili dərsliyinin adını da "Türk dili" kimi yazmışdılar, amma təcrübədə nə yaşanırdı? Türk həmrəyliyinin real mənzərəsi nə idi? O dövr hakimiyyəti hətta bizə ən yaxın olan qardaş Türkiyə ilə belə normal münasibət qurub 2 helikopter ala bilməmişdilər. Yaxud, AXC-Müsavat hakimiyyətinin aşkar səriştəsizliyi və populizmi ucbatından Özbəkistanla aramızda elə bir gərginlik yaranmışdı ki, Heydər Əliyev kimi şəxsiyyət yalnız 2 il sonra Bakı ilə Daşkənd arasında diplomatik münasibətləri bərpa etməyə nail oldu. Cənab İlham Əliyev isə artıq bu gün qan qardaşımız Özbəkistanı strateji müttəfiqimizə çevirib. Yəqin ki, cənab prezidentin dövlət səfəri başa çatarkən, diqqət etdiz, heç bir protokolda nəzərdə tutulmayan bir qardaşlıq təntənəsi yaşandı, cənab Şavkat Mirziyoyev prezident İlham Əliyevi təyyarə pilləkəninə qədər yola saldı. Baxın, yalnız Özbəkistanla münasibətlərin timsalında görün hardan hara yol qət etmişik. Baş verənlərin isə bir izahı var, cənab İlham Əliyev Türk dünyasına yönəli çalışmaları, Türki dünyasının ideya və siyasi birliyi yolunda həlledici addımları ilə Azərbaycanda illərdir, "Türk" kəliməsini istismar edənlərə ustad dərsi keçməkdədir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB