Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr günü-gündən inkişaf edir

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr günü-gündən inkişaf edir

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Daşkənddə 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır.
2004-cü il martın 23-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Səfər zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" də daxil olmaqla, altı mühüm dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır.
Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.

Azərbaycan Respublikası Prezidentinin Özbəkistana cari ilin 21 iyun tarixli səfəri, aparılmış danışıqlar və imzalanmış sənədlər də qardaşlığımızın əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir

Xəyalə Eminova

Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə