Avropa Ukraynanın qələbəsini niyə istəmir? - ANALİZ

Avropa Ukraynanın qələbəsini niyə istəmir? - ANALİZ

Yaxud, Qərbin çirkin Ukrayna planı nə vaxt bitəcək?

Bu gün Rusiyanın Ukraynada apardığı müharibə 119-cu gününə qədəm qoyub. Günün birinci yarısında Kiyevdə nahar, Lvovda isə şam yeməyini yemək arzusu Rusiya hərbi elitasının xirtdəyində sümük kimi ilişib qalıb. Nə çıxara, nə də uda bilirlər. Yəqin ki, müdafiə naziri Sergey Soyqunun Purinlə görüşünü xatırlayırsınız, birinci əməliyyatın uğurla başa çatacağını detalları ilə prezidentə izah etməyə çalışsa da, Putin adəti üzrə masadan yapışıb pəncəsini döşəməyə döyür, narahatlığını büruzə verməməyə çalışırdı. Amma kameralar bu anları diqqətlə çəkirdi, Putin Şoyquya qulaq assa da, başı ilə bəzi fikirlərini dəstəkləsə də, müharibənin tez başa çatacağına inanan adam təsiri bağışlamırdı…

Bəli, Putinin narahatlığa əsası var idi. Çünki o özü də bilirdi ki, Ukrayna Gürcüstan deyil. 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyanı separatçılardan təmizləmək üçün arapdığı əmliyyat özünün məğlubiyyəti ilə sonuclanmışdı. Həmin vaxt Rusiya sülhməramlılar adı altında Gürcüstanın əzəli torpağına qoşun yeritdi və faktiki olaraq bu ölkənin ərazilərini ilhaq etdi. Ukraynada isə vəziyyət Gürcüstan ssenarisi ilə tərtib oluna bilməzdi, həm ərazinin böyüklüyü, həm də Ukraynanın hərbi arsenalında olanlar, eyni zamanda xarici dəstək, məsələnin Kremlin planlarına uyğun həll ediləcəyi versiyasını alt-üst edirdi.

Xarici dəstək demişkən, əgər Qərbin Ukraynaya yardım etmədiyini desək, yalan olar. ABŞ və onun Avropadakı müttəfiqləri baxmayaraq ki, Ukrayna NATO və Avropa Birliyinin üzvü deyil, bu ölkəyə hərtərəfli hərbi və maliyyə vəsaiti ayırmağa hazır kimi görünürdülər. Hətta bəzi analitiklər artıq Rusiyanın məhv olacağı proqnozlarını verməyə başlamışdılar. Avropa mətbuatı Ukraynaya göndərilən yardım, hərbi dəstək barədə silsilə reportajlar hazırlayır, Kiyevi tək qoymadıqlarını bəyan edirdilər. Buna baxmayaraq Ukraynanın prezidenti, XİN rəhbəri və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ara-sıra Qərbin hərəkətlərini tənqid etməyə, yardımların lazımi səviyyədə olmadığından şikayətlənməyə başlamışdılar. Səbəb də çox aydın idi, Qərb ölkələri Ukraynaya lazımi silahların verilməsini ləngidir, bunu bəzi logistik problemlərlə əlaqələndirirdilər. Zelenski Qərb ölkələrinin rəhbərlərinə qırıcı təyyarə, tank və zirehli maşınlar, uzaqvuran toplar və qanadlı raketlər, həmçinin hava hücumundan müdafiə sistemlərini təcili vermək barədə dəfələrlə müraciət etsə də qarşı tərəf tərəddüd edir, müxtəlif bəhanələrlə həmin silahları verməkdən yayınırdılar. Böyük Britaniya və Polşa Ukraynaya hərtərəfli yardımlar etsə də, Almaniya, İtaliya, Slovakiya və Çexiya, o cümlədən Macarıstan və Hollandiya gözləmə mövqeyində idilər. Fransa isə gah Putinlə danışıqlara getməyi, gah Ukraynaya bəzi ərazilərindən sülh əvəzinə çəkilməyi məsləhət görməklə ikibaşlı oyunlar oynayırdı. Nəticədə isə Ukraynanın əraziləri Rusiya ordusunun əlinə keçir, əhalisi yurd-yuvasını tərk edir, şəhər və kəndləri xarabalığa çevrilir, infrastrukturu məhv edilir.

Bu gün isə yeni reallıqlar meydana çıxıb. Artıq Qərb ölkələrinin Ukraynaya dəstəyi bir o qədər də effektiv görünmür. ABŞ-ın ayırdığı 40 milyard dollarlıq paket əslində yardım yox, kreditdir. Ukraynanın indiki olmasa da, gələcək nəsilləri 40 milyard dolları ödəməli olacaq. Avropa İttifaqının bu yaxınlarda ayırdığı 9,5 milyard avroluq kreditin də ödənilməsi Ukraynalıların boynundadır. Amerikalı senatorun Ukraynaya ayrılacaq vəsaitin müzakirələri zamanı söylədikləri, yəqin ki, xatirinizdədir. Kentukki ştatından olan respublikaçı senator Rend Pol qanun layihəsinin sürətləndirilmiş qəbuluna mane olaraq bildirib ki, Ukraynaya ünvanlanan vəsaiti Amerikadakı ehtiyacı olanlara vermək, onların problemlərini həll etmək daha münasib olar.

Amma məsələ silah və para yardımının göstərilib, göstərilməməsi deyil. Burada maraqlar başqadır: Ukrayna Rusiya ilə müharibədə qalib gəlsin, ya yox. Əslində Avropanın tərəddüdünün episentrində dayanan “əmma”lar da budur. Rusiyanın qələbəsini Avropa istəmir, Ukraynanı da bu kateqoriyaya aid edir. Belə olan halda məğlub da olmayacaq. Bəs Qərbə, NATO-ya, ABŞ-a nə lazımdır? Belə görünür ki, Qərb dünyası Rusiyanı Ukraynada müharibəyə çəkməkdə böyük səhv edib. Onda təcrübəli kəşfiyyatçı olan Putin nəyə görə belə addım atdı, Ukraynada cəlb olunduğu müharibə toruna asanlıqla düşdü? Bəli, bu labirintdən çıxmaq yolları aransa da, çıxış yollarını tapmaq hələ də müşkülə çevrilib.

Bəzi Qərb dövlətləri narahatdırlar ki, Rusiyanın məğlubiyyəti ortaya gözlənilməz və planlaşdırılmamış reallıqlar çıxara bilər. Onlar bir tərəfdən Ukraynanın qələbəsini istəyir, digər tərəfdən də bu qələbinin miqyasının böyük olacağından qorxurlar. Əgər Ukraynanın qələbəsi Rusiyanın nüvə silahından istifadəsinə rəvac verəcəksə… Məsələnin kökündə də bu dayanır, yəni nüvə silahının tətbiqi. Təbii ki, belə olan halda Qərbin nüvə müharibəsini idarə etməsi mümkün olmayacaq və belə müharibənin qalibləri də olmur. Ona görə də Fransa və Almaniyanın liderləri Makron da, Şoltz da narahatdır. Bu əslində taktiki baxışdır. Strateji baxımdan isə çox təəssüf ki, Şoltz və Makron bir şeyi başa düşmür. Ukrayna-Rusiya müharibəsi necə qurtarmasından asılı olmayaraq yaxın gələcəkdə istər Almaniya, istərsə də Fransa Avropadakı əvvəlki təsir imkanlarını saxlaya bilməyəcək. O ki, qaldı Ukraynanın qələbəsinə. Bu qələbə rus imperiyasının süqutunu gətirəcək. Bu da dünyanın siyası landşaftını dəyişdirəcək. İndiki bəzi güclər o zaman siyasi səhnədəki yerini Ukrayna kimi qalib və böyük dövlətlərə verəcəklər.

Bu yaxınlarda Co Bayden maraqlı bir bəyanat vermişdi. Ki, “biz qabaqcadan Zelenskiyə müharibənin başlayacağını və uzun sürəcəyini söyləmişdik. O isə bizi eşitmədi”. Halbuki, müharibənin indiki həddinə çatacağını kimsə proqnozlaşdıra bilməsə də bu qarşıdurmanı tərtib edənlərə hər şey agah idi. Əlində bu qədər resurs olan ABŞ kimi bir dövlətin başçısının ehtimallarla danışması şübhələri bir az da artırır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, ölkənin şərqində və cənubunda vəziyyət ağır və sabit olaraq qalır. Donetski və Luqansk vilayətlərində davamlı döyüşlər gedir. Üstünlüksə tez-tez bu və digər tərəfin əlinə keçir. Əgər Qərbdən gözlənilən hərbi yardım qrafik üzrə Ukraynaya çatdırılsa Ukrayna ən qısa zamanda tam üstünlüyə yiyələnəcəyik. Əgər gözlənilən yardımlar olmasa onda vəziyyət heç də yaxşı olmayacaq. Rusların artileriya hücumları qarşısında ukraynalı əsgərlər çətin duruma düşəcək.

Bu gün həm ABŞ, həm də Rusiya beynəlxaq arenada mövqelərini gücləndirmək istəyir, ona görə də tərəflər maksimalist mövqe sərgiləyir və hələlik heç kim güzəştə getmək istəmir. Qərb Ukraynaya müəyyən silahlar verməklə hərbi dəstək görüntüsü yaratmağa çalışsa da Rusiyanı böyük müharibədən çəkindirə biləcək "Patriot" `hava hücumundan müdafiə sistemləri, "STEALTH" və digər müasir döyüş təyyarələri vermir. Hətta həmin silahları uzunmüddətli kreditlər ayırmaqla sata da bilərdi. ABŞ bəyan edirdi ki, Rusiya Ukraynaya hücum edəcəyi halda əvvəllər heç vaxt tətbiq olunmamış ağır sanksiyalar tətbiq edəcək və tərəflər bundan ciddi ziyan görəcək. Bu gün isə Rusiya Qərbin misli görünməmiş sanksiyaları ilə üzləşib. NATO Ukraynaya “Qapalı səma” hava hücumundan müdafiə (HHM) sistemi verə bilməzmi? Əlbəttə bu, nəzəri cəhətdən mümkündür. Amma NATO hələ də gözləmə mövqeyindədir. Halbuki, düşmən təyyarə və raketlərindən müdafiə üçün nəzərdə tutulmuş bir neçə sistemin toplusu adlanan “Qapalı səma” sistemi kontinental qalxan sayılır. Bura yüksək hündürlükdə daimi nəzarət aparan Lockheed Martin F-35 qırıcı-bombardmançıları daxildir. Təyyarələr yüksək həssaslığa malik radiolokasiya sistemləri (RLS) ilə təchiz olunub. Təsəvvür edin, cəmi bir neçə F-35 planetin bir yarımkürəsinə nəzarət etməyə, raketlərin buraxıldığı yeri qeydə almağa və onun trayektoriyasını müəyyənləşdirməyə bəs edir. F-35-lərin ötürdüyü məlumatlar yerdəki RLS-ə və idarəetmə mərkəzinə daxil olur. Dərhal da önləyici raketlər işə salınır. Avropada indinin özündə də geniş şəkildə istifadə olunan bu sistemlərin dəyəri bir neçə trilyon dollardır. Tək F-35 qırıcısının qiyməti isə milyard dollardan artıqdır.

Bəli Qərb hərbi nöqteyi-nəzərdən bütün hücum və müdafiə sistemlərini tam aktiv vəziyyətə gətirib. Rusiyadan qorunacaq Avropanın sərhədləri də cızılıb. NATO Ukraynanı bir halda müdafiə edər, o da Ukraynanın qiymətindən asılıdır. Qərbin kapitalist ruhu əvvəlcə bir malı almağa, sonra onu uzun müddət çeşidləməyə və bundan sonra onu qoruyub-qorumamaq barədə qərar verməyə alışıb. Hələlik, Ukrayna çeşidlənir, alınıb alınmayacağı gələcəyin işidir. O da asılıdır Ukraynanın qiymətindən, ödəyəcəyi bədəldən…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə