Ulu öndər Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik ŞƏRH

Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq ulu öndər Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir. Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir. Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Ümummilli lider Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası ulu öndər Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”. Bu sözlər məhz ümummilli lider Heydər Əliyevə məxsusdur.

Xüsusi vurğulanmalıdır ki, müstəqil Vətənimizin sosial, iqtisadi, siyasi inkişafı, Cənubi Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində ulu öndər Heydər Əliyev dühasının yeritdiyi siyasi kurs - Azərbaycanın beynəlxalq aləmə geniş inteqrasiyasına rəvac verən bu tərəqqi yolu ölkəmizin sayılıb-seçilən dövlətlər arasında öz layiqli yerini tutmasına, ən əsası isə xalqımızın firavan və xoşbəxt gələcəyinə tam təminat vermişdir.

Təbii ki, 2003-cü ilə qədərki tarixi nailiyyət bu dövrə qədər keçən on ildə hüquqi dövlət quruculuğu, iqtisadi, sosial, humanitar və xarici siyasət sahəsində aparılan müdrik siyasi xəttin məntiqi nəticəsində qazanılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasına və keçid dövrünün mahiyyətindən doğan çətinliklərə baxmayaraq, bu müddət ərzində ulu öndər Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti demokratik təsisatların, vətəndaş cəmiyyətinin formalaşması prosesinə, ictimai-siyasi sabitliyin və güclü iqtisadi potensialın yaranmasına gətirib çıxarmışdır. Bərqərar olmuş ictimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit xarici sərmayələrin həcminin artmasına səbəb olmuşdur. Neft strategiyasının uğurla həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan vermiş, əhalinin sosial həyat şəraiti yaxşılaşdırılmış, yoxsulluğun səviyyəsinin azaldılması üçün mühüm işlər görülmüşdür. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir. Siyasi sistemin demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə ümumbəşəri dəyərlərin dərin kök salması Azərbycanın beynəlxalq aləmə sıx inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət kimi tanınmasına yol açmışdır. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etmişdir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradılmışdır. Bu dahi insan var qüvvəsi və bacarığını Azərbaycanımızın yüksəlişinə və böyük zirvələri qət etməsinə sərf etmişdir. Ulu öndər öz həyatının uğurlarını xalqına arxalanmaqda görərək demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da, mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Xilaskarlıq missiyasının banisi kimi tanınan ümummilli lider Heydər Əliyev XX əsrin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmişdir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. O dövrü bir anlığa xatırlayanda göz önünə, ilk növbədə, ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik və dərəbəylik gəlir.

Bütün bunlara son qoymaq, ictimai-siyasi prosesləri normal məcraya yönəltmək hər kəsin işi deyildi və bu missiyanı öz Liderlik və Xilaskarlıq səyi və bacarığı sayəsində əbədiyaşar ulu öndər Heydər Əliyev üzərinə götürdü, bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə, Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bəli, əsl həqiqətdir ki, bu böyük şəxsiyyət öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi. İndi Azərbaycan adı ulu öndər Heydər Əliyevin adı ilə qoşa çəkilir. Beləliklə, “Bu və ya digər xalqın böyüklüyü onun sayca çoxluğu ilə deyil, bəşəriyyətə bəxş etdiyi dühalarla ölçülür” - müdrik kəlamı təsdiqini tapır. Bu gün də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi ümummilli lider Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.

Onun xalqımız, Vətənizmiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi – cənab Prezident İlham Əliyevi yetişdirməsidir. Belə ki, cənab Prezident İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, ulu öndər Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi Ulu Öndərin siyasi varisi, layiqli davamçisı cənab Prezident İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu, bir reallıqdır ki, Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”. Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır.

Könül İbrahimova

YAP Yasamal rayon AMEA Fiziologiya institutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə