Zəngəzur dəhlizi regionda sülhün qorunması və davamlı olması üçün çox vacib məsələdir və bu baxımdan da gündəmdədir. Bu dəhlizin açılması məsələsi uzandıqca bölgədə sülhün bərqərar olmasının sual altında qaldığını politoloqlar da xüsusilə vurğulayırlar. Təbii ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün vacib hesab olunmur və münasibətlərin normallaşdırılması baxımından Ermənistan üçün də çox böyük əhəmiyyət kəsb edir, lakin ermənilər hələ də bu məsələni uzatmağa, ləngitməyə çalışırlar.
“Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”, deyə ölkə rəhbəri, cənab Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda bildirib və bu, əslində zamanında verilən bir mesajdır. Nəzərə çatdıraq ki, Ermənistan tərəfi yenə də məsələyə müxtəlif don geyindirmək üçün əlindən gələni edir. Elə baş nazir Nikol Paşinyanın ifadələri də eyni məqsədə xidmət edir. “Sülhə nail olmaq üçün ən önəmlisi Dağlıq Qarabağ məsələsidir”, deyən Paşinyan əslində, qondarma da olsa “Dağlıq Qarabağın statusu" iddiası ilə çıxış edir, amma böyük səhvə yol verir.
Bəzi erməni poitoloqları belə bir fikir irəli sürürlər ki, artıq Azərbaycan sülh danışıqlarından geri çəkilə bilməz. Onlar düşünürlər ki, bu məsələ Qərbin də, Rusiyanın da marağında olduğu üçün bu işdə geri çəkilmək mümkün deyil. Görünür, elə başda erməni baş nazir olmaqla erməniləri də çaşdıran budur və yəqin zənn edirlər ki, Zəngəzur dəhlizi məsələsini uzatmaqla nəyə isə nail ola bilərlər. Amma baş nazir Paşinyandan tutmuş, ən sadə ermənilyə qədər belə düşünən hər kəs yanılır. Əvvəla, Azərbaycan kimlərinsə marağına görə sülh barədə düşünmür, bölgədə sülhün möhkəmlənməsini və davamlı olmasını istəyir. Çünki Azərbaycan sülhsevər ölkədir və müharibədə qələbəsinə rağmən sülh təklifini də məhz Azərbaycan irəli sürüb. Digər tərəfdən də, Azərbaycanın geri çəkilmək kimi bir niyyəti, istəyi olmayıb və ölkəmiz hər işdə prinsipial mövqe nümayiş etdirir.
Məsələ burasındadır ki, Ermənistan tərəfinin mövqeyi yenə də fərqlidir və məqsəd məsələni uzatmaq, müxtəlif bəhanələrlə maneçilik üçün nəyə isə nail olmaqdır. Diqqətə çatdıraq ki, erməni baş nazir Nikol Paşinyanın “Əl-Cəzirə” telekanalına müsahibəsində dedikləri bunu deməyə bizə əsas verir. O, sözügedən telekanala müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı deyib ki, bu, onlar üçün artıq “qırmızı xətt” hesab olunur. Paşinyan öz müsahibəsində həmçinin, “bizim regionda üçtərəfli razılaşmaya əsasən, bir dəhliz var – Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi”, deyə bildirib. Paşinyan yenə də yalan danışır və əgər elə zənn edirsə belə, bərk yanılır, daxili auditoriyaya hesablanan fikirləri ilə özünü də, elə o auditoriyanı da aldadır.
Təbii ki, Ermənistan hakimiyyəti, başda elə baş nazir Nikol Paşinyan, bu ölkənin müxalifəti qarşısında özünü göstərmək üçün Zəngəzur dəhlizi ilə bağlı müəyyən absurd fikirlər səsləndirir, hansıki bunlar üçtərəfli danışıqların ruhuna belə ziddir. Məsələn, “Dağlıq Qarabağa status” barədə bar-bar bağıran erməni müxalifəti qarşısında Paşinyan da, onun hakimiyyəti də acizdir və bu acizliyin fonunda onun ortaya atdığı fikirlərin, verdiyi ifadələrin də nə məqsədə xidmət etdiyi bəllidir, çünki erməni müxalifəti artıq Ermənistan hakimiyyətinə bu məsələdə təzyiq də edir. Amma Azərbaycan tərəfi “status” məsələsini birmənalı şəkildə qəbul etmir və hətta "Dağlıq Qarabağ" deyilən bir inzibati bölgənin artıq olmadığını bəyan edir. Bu isə o deməkdir ki, yenə də ermənilərin iddiaları cəfəngiyyat kimi səslənir və heç bir məna kəsb etmir.
Maraqlıdır, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə həmin ölkənin ərazi bütövlüyünün tanınacağına özləri belə inanırlarmı? Dərk edirlərmi ki, “status” tələbi ilə çıxış etdikləri halda, Azərbaycan tərəfi də “Qərbi Zəngəzurda özü üçün status” tələb edə bilər? Anlamırlarmı ki, belə bir yanaşma onlar üçün çıxılmaz vəziyyət deməkdir? Görəsən bu çıxılmaz vəziyyətə Ermənistan tərəfi özü-özünü hazır hesab edirmi? Yaxud, hansısa qarşıdurma halının Ermənistan üçün nə demək olduğunu yəni bu ölkədə anlamayan varmı?
Nikol Paşinyan ötən həftə Parlamentdə çıxışı zamanı etiraf edib ki, geriyə yol bütövlükdə Ermənistanı məhvə aparır və onlar buna yol verə bilməzlər. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti vəziyyətin necə, nə yerdə olduğunun fərqindədir və bütövlükdə Ermənistanın məhv olma təhlükəsinin də fərqindədir. Yəni, qısa şəkildə desək, Ermənistan tərəfi, bu ölkənin hakimiyyəti düşünülməmiş bəyanatlar verəndə də, bunun ardınca da, indiki fikirləri səsləndirəndə də öz vəziyyətini yaxşı bilib və yenə də bilir. Belə çıxır ki, bu ölkə hakimiyyəti dolaşıq vəziyyətdədir.
Erməni cəmiyyəti zənn edir ki, 44 günlük müharibədən qabaq dırnaqarası “Qarabağın statusu” məsələsini irəli sürmək üçün Paşinyanın şansı, imkanı olub. Onlara görə, Paşinyan normal siyasi qüvvəyə və Rusiyanın dəstəyinə belə sahib olduğu halda, bundan istifadə edə bilməyib. Nəinki erməni müxalifətinin, ümumiyyətlə, Ermənistan ictimaiyyətinin fikrincə, bu gün həmin ölkə də, onun baş naziri də nə siyasi qüvvəyə, nə də Rusiyanın dəstəyinə artıq sahib deyil. Belə olan halda həmin ölkənin baş nazirinin fikirləri nəyə hesablana bilər? Axı, vəziyyətinin daha kritik olduğu bir məqamda Paşinyan, yaxud Ermənistan hakimiyyəti nəyə görə belə çıxış edir?
Sözsüz ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdığı təqdirdə hansı vəziyyətlə qarşılaşacağının fərqindədir. Ermənistan hakimiyyəti onun fərqindədir ki, Azərbaycan adekvat addımlar ata bilər. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı problem, yaxud yubanma ortaya çıxarsa ermənilər də Laçın dəhlizi ilə bağlı problemlə qarşılaşa bilərlər. Bu məsələnin məntiqi olduğunu indi nəinki Nikol Paşinyan, hansısa erməninin belə başa düşməyəcəyi inandırıcı görünmür. Əksinə, indi Paşinyan da, onun komandası da, həmin ölkənin müxalifəti də, sıravi vətəndaşları da bunun fərqindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB