Azərbaycan ZƏFƏRİ ilə milli irsinə sahib oldu ŞƏRH

Azərbaycan ZƏFƏRİ ilə milli irsinə sahib oldu ŞƏRH

30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanlar artıq vətən torpağının ətrini duyurlar. 44 günlük Vətən müharibəsi bu insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə artıq sahibdirlər. Aylarını, illərini bir gün yenidən doğma yurdlarımıza qaydıcağıq ümüdi ilə yaşayan doğmalarımız bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi işğaldan azad olunan torpaqlarımıza qovuşublar. Bundan gözəl nə ola bilər?!
Bu tarixi bölgədə vaxtilə orta əsrlərdə tikilmiş türbələr, məscidlər xalqın inam, etiqad yerinə çevrilib. Qarabağdakı türbə və məscidlər, Şuşa şəhərindəki məscid kompleksləri tarixi məkanlar olmaqla orta əsrlər fikir tariximizin daha dərindən araşdırılması baxımından mükəmməl abidələr hesab olunur.
Əlbəttə ki, 30 il erməni işğalında qalan ərazilərimizdə erməni vandalların törətdikləri vəhşiliklərin nəticəsində yurd yerləri dağdılmış, viran qoyulmuşdur. Əqli mülkiyyətimizə, maddi mədəniyyət abidələrimizə böyük ziyan dəymişdir. Bunu dünyanın istənilən bir ölkəsindən gələn və Qarabağa səfər edən dinindən, irqindən asılı olmayaraq, insanlar görmüş oldu. Bu gün də işğaldan azad olunan ərazilərimizə edilən səfərlər zamanı hər qarışda rast olunan vandallığa insanlar qəzəb və nifrəti ifadə edirlər.
Qarabağ, eyni zamanda, onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış, talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrimiz əlbəttə ki, tədricən bəpra və təmir olunur və olunacaqdır. Birinci Qarabağ müharibəsində ermənilər azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdılar. Ermənilər təkcə Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır. Hələ 2005-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının araşdırma missiyası Füzuli şəhərinə səyahət etdikləri zaman şəhərin xarabalıq olduğunu bildirmişdilər.
Məlumdur ki, İslam Konfransı Təşkilatının qətnaməsində üzv dövlətlərin "işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin (İslam abidələri də daxil olmaqla) talan və məhv edilməsindən" narahat olduqları bildirilmişdir. Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə Azərbaycan məscidlərinin və digər İslam ziyarətgahlarının tamamilə və vəhşicəsinə məhv edilməsinin insanlığa qarşı cinayət olduğu bir daha təsdiqlənmişdir. Qətnamədə Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində Ermənistanın İslam irsinə təcavüzü nəticəsində, o cümlədən nadir qədim əsərlərin və İslam sivilizasiyasının, tarix və memarlıq abidələrinin, məscidlər, türbələr, məzarlar, arxeoloji qazıntılar, muzeylər, kitabxanalar, rəsm sərgi salonları və hökumət teatrları və konservatoriyalar, çoxlu miqdarda qiymətli xəzinələrin və milyonlarla kitabın və tarixi əlyazmanın məhv edilməsi və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması işğal olunmuş Azərbaycan ərazilərində İslam irsini tamamilə məhv etmək cəhdi kimi tanınmış və Azərbaycanın özünə vurulan ziyana görə adekvat təzminat almaq hüququ təsdiqlənmişdir. Burada həmçinin, Ermənistan Respublikasının bu cür əməllərə görə təzminat ödəmək məsuliyyəti olduğu qeyd edilmişdir.
İşğal dövründə məscidlər, kitabxanalar, tarixi abidələr də daxil olmaqla Azərbaycan irsinə daxil olan abidələrin ermənlər tərəfi tərəfindən dağıdılmışdır. Şuşa qəbiristanlıqları və mövcud olmuş 67 məsciddən 65-i məhv edilmişdir.
Qədim tarixə malik onlarla memarlıq və incəsənət abidələri dağıdılıb, təhqir edilib və yaxud tarixi saxtalaşdırılıb. İlk yaşayış məskəni kimi eramızdan əvvəl I minillikdə yaranan Ağdam şəhərində bəzi tarixi abidələrin tarixi eradan əvvələ gedib çıxır.
Üçoğlan kəndindəki abidələrin çoxu eneolit dövrünə aiddir. Bundan başqa, Ağdamda 14-cü əsrə aid bir sıra türbələr mövcuddur. 10-dan çox kənddə isə alban tarixini əks etdirən abidələr var. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1868-70-ci illərdə iki minarəli və iki mərtəbəli Ağdam Cümə məscidi, XVIII əsrə aid Pənah xanın imarəti, Şahbulaq kəndində XVIII əsrə aid iqamətgah, Karvansara və bürc qalaları tarixin Ağdama bəxş etdiyi memarlıq abidələridir. Hesablamalara görə, Ağdamın tarix və mədəniyyətinə 4 milyard dollardan çox ziyan dəyib. Bu məbləğin artacağı istisna edilmir.

DAĞIDILAN MONASTRLAR

Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüş, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmiş, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılmışdır. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardman edilməsi zamanı ciddi zədə almışdır. 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılmışdır.
XIII əsrə aid Gəncəsər monastrı 1990-cı illərdə erməni silahlı birlşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edilmiş və monastrın fasadına qismən zərər dəymişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir. 1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırı 1999–2000-ci illərdə əsaslı təmir edilmiş, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edilmişdir. 2020-ci il atəşkəs bəyanatına əsasən Laçın rayonu ərazisini tərk edən ermənilərin monastrın həyətində yerləşən VI–IX əsrlər və sonrakı dövrlərə aid bədii təsvirli daşlar və xaç daşları aparmalarını əks etdirən fotolar sosial mediada yayımlanmışdır.

YEGANƏ QƏDİM YAŞAYIŞ YERİ ÜZƏRLİKTƏPƏ

Dünya əhəmiyyətli tarix-memarlıq abidələri arasında ən çox ziyan çəkəni e.ə. II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi işğal dövründə mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır. Mil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. 1954-cü ildə Üzərliktəpədə arxeoloji qazıntı işləri aparılıb. Qazıntılar nəticəsində məlum olub ki, hazırda yüksəkliyi 6-7 m. olan Üzərliktəpə təxminən eradan əvvəl II minilliyin sonunda cəmi 3,5 m hündürlüyündə olmuşdur. Həmin dövrdə Üzərliktəpənin üstündə yerli sakinlər yaşayış məskəni salmışdılar.
Mənbələrdən məlumdur ki, 1965-ci il qazıntıları zamanı Üzərliktəpədən "hərəkət edən ocaq", yəni gildən düzəldilmiş və bir yerdən başqa yerə aparılması mümkün olan manqalvarı kürəcik də tapılmışdır. Buradan aşkar edilmiş maddi mədəniyyət qalıqları içərisində gil qablar xüsusilə çoxluq təşkil edir. Üzərliktəpədən aşkara çıxarılmış daha bir tapıntı elmi baxımdan son dərəcə maraqlı olub, sakinlərin dini ideologiyasını öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Bu tapıntı qadın bütüdür. Üst təbəqədə daşdan düzəldilmiş ocağın içərisidən tapılmış büt, yerli əhali arasında bütpərəstliyin yayıldığını sübut edir. Ümumiyyətlə, Azərbaycan ərazisində hələ Eneolit dövründə müşahidə edilən bu dini təsəvvür sonralar inkişaf edərək antik dövrdə bir növ hökmran rol oynamışdır. Bu dövrdə qadın bütləri çoxluq təşkil edir ki, bu da ananın nəsilartırma rəmzi və ya ona həyatın başlanğıcı kimi baxılması ideyasından irəli gəlmişdir. Arxeoloqlar müəyyən etmişlər ki, Üzərliktəpədə yaşayış eradan əvvəl I minilliyin sonunda kəsilmişdir.
Tariximizin daş yaddaşı olan bu və ya digər abidələrimiz erməni təcavüzkarlığı nəticəsində dağıdılıb, təhqir edilsə də, Azərbaycan öz milli irsinə sahibi olduğunu Zəfəri ilə dünyaya bəyan etdi. Yaxın gələcəkdə bütün tarixi abidələrimiz öz görkəmini alacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə