“Azərbaycan növbəti dəfə Ermənistanı cəzalandırıb sülhə məcbur edə bilər” MÜSAHİBƏ

“Azərbaycan növbəti dəfə Ermənistanı cəzalandırıb sülhə məcbur edə bilər” MÜSAHİBƏ

Politoloq Anar Əliyevin "Səs" qəzetinə müsahibəsi

- Anar müəllim, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar geniş xarakter ala bilərmi?

- Son günlər Ermənistan-Azərbaycan sərhədində erməni təxribatları davamlı xarakter almaqdadır. Burada bir necə vacib istiqamət var: Əsas hədəf Ermənistanın daxilində baş verən hakimiyyətə qarşı etiraz dalğalarının ölkə daxilindən ölkə sərhədlərinə və xaricinə çıxarılması ilə bağlı cəhdlərdir. Bu, həm də mövcud Ermənistan hakimiyyətinin bir növ öz hakimiyyətini qorumaq üçün instinktiv bir davranışı kimi qiymətləndirilə bilər. Ermənistan üzərindən Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək və Ermənistan-Azərbaycan arasında birbaşa münasibətlərin qurulmasının qarşısını almaq istəyən qüvvələrində maraqları kifayət qədər bu məsələdə genişdir.

- Rusiyanı nəzərdə tutursunuz?

- Bəli, xüsusilə şimal qonşumuzu nəzərdə tuturam. Rusiyada bəzi dairələr var ki, onlar təəssüf ki, Ermənistan - Azərbaycan arasında münasibətlərin sürətli tənzimlənməsi və xüsusilə də birbaşa ünsiyyətin, əlaqələrin qurulmasının əleyhdarıdır. Bu münasibətlərin qurulmasını Rusiya Cənubi Qafqazda Rusiyanın maraqlarına zidd və əks kimi qəbul edir. Təxribatların baş verməsində orduya kifayət qədər təsiretmə mexanizmlərə sahib olan keçmiş prezidentlər Koçaryan, Sarkisyan və onların tərəfdarlarının da rolu ola bilər. Onlar bununla Ermənistan və Azərbaycan arasında atıla biləcək addımları sabotaj etmək və mümkün qədər bu proseslərin qarşısını almağa çalışırlar. Məsələ ondadır ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistana və Ermənistan xalqına, mövcud hakimiyyətinə Azərbaycanla münasibətlərin tənzimlənməsinin onlar üçün yeganə çıxış yolu olduğunu bəyan edib və ən yüksək səviyyədə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində biz dəfələrlə bəyan etmişik ki, qalib tərəf olaraq Azərbaycanın Ermənistana məğlub tərəfə uzatdığı sülh və barış əlini Ermənistan adekvat reaksiya verərək dəyərləndirməlidir. Əks halda bu sülh təklifləri davamlı və əbədi olaraq masada olmayacaqdır və bir gün Azərbaycan Ermənistanı beynəlxalq hüququn Azərbaycana tanıdığı imkanlardan istifadə edərək sülhə məcbur etmə əməliyyatlarına başlaya bilər. Bu beynəlxalq hüquqda proses of kuveşın adlanır. Yəni tərəfi sülhə məcburetmə əməliyyatı.

- Yəni beynəlxalq hüquqa əsaslanmaqla Azərbaycan antiterror əməliyyatları apara bilər?

- Bu, beynəlxalq hüququn Azərbaycana tanıdığı imkanlardır. Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycanın problemi sülh yolu ilə həll etmək istiqamətində atdığı bütün cəhdlərin sonunda hansı addımları ata bildiyini, nəyə qadir olduğunu 44 günlük müharibə ilə çox aydın şəkildə görüb. Bundan sonra da Azərbaycanın səbri ilə Ermənistan hakimiyyəti və xalqı oynamamalıdır. Yəni onlar qəbul etməli və bilməlidirlər ki, bir anda Azərbaycan dövləti növbəti dəfə erməni təxribatlarına daha sərt reaksiya verərək Ermənistanı cəzalandırıb sülhə məcbur edə bilər.

- Azərbaycanın şəhəri Xankəndidə erməni separatçıları qondarma “festival” keçirməyi planlaşdırırlar. Rus sülhməramlıları niyə buna imkan verirlər?

- Xankəndidə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni separatçı qüvvələrinin “festival” keçirməklə bağlı cəhdləri Ermənistan Azərbaycan arasında Cənubi Qafqazda sülh prosesinin tənzimlənməsi ilə bağlı atılan addımlara daban-dabana ziddiyyət təşkil edir. Burada məqsəd heç də bölgəmizdə sülhün, əməkdaşlığın, birgə yaşayışın təmin olunması deyil, əksinə, konfrantasiyanın daha da qızışdırılmasıdır. Azərbaycan dövləti və Prezidenti İlham Əliyev dəfələrlə ərazimizdə hər hansı bir qüvvəyə hər hansı bir əlahiddə statusun hüquqların verilməyəcəyini bəyan edibdir. Bu, Azərbaycan dövlətinin və xalqının birmənalı qətiyyətli mövqeyidir və bunu qarşı tərəf birmənalı şəkildə dərk etməli və buna uyğun davranmalıdır. Eyni zamanda, Ermənistan tərəfdən Laçın, Kəlbəcər və digər sərhəd bölgələrimizdə törədilən təxribatların nəticəsinin yalnız və yalnız Ermənistan xalqı və dövləti üçün növbəti faciələrə gətirib çıxaracağını bilməli və buna uyğun reaksiya verməlidirlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə