Qalib Xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu ŞƏRH

Qalib Xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu ŞƏRH

Artıq ikinci ildir ki, Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq kimi qeyd edirik. Ali Baş Komandan, Prezident İlham Əliyev ötən il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq kimi qeyd edirik: «Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.Bəli, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi.

ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV – “GÜCLÜ ORDU - GÜCLÜ DÖVLƏT” STRATEGİYASININ VƏ “DƏMİR YUMRUQ” SİYASƏTİ

Bu - Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev ötən il iyunun 26-da Silahlı Qüvvələr Gününün 103-cü ildönümü ilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq olaraq 30 illik həsrətə son qoyduq: «Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir»,-deyən dövlət başçısı vurğulayıb ki, bu tarixi nailiyyətdir.”Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi»,-deyən Ali Baş Komandan söyləyib ki, bu Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır: «Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik!... Çünki nəyi demişiksə, onu da etmişik".Dövlət başçısı çıxışı zamanı onu da bildirdi ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq".

Bəli, Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini özü bilirdi. Və bu gün müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü bərpa, sərhədlərimizin toxunlmazlığını təmin edən, üçrəngli bayrağımızı qanı və canı bahasına işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran Azərbaycan Ordusunu böyük Zəfərə aparan yolun başlanğıcı heç şübhəsiz ki, 1918-ci il iyunun 26-dan başlayır. Ancaq bu yol uzun çəkmədi - 23 aydan sonra, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qısa bir zaman əzində mövcud olmuş ordumuz da "sovetləşdirmə" prosesinin içərisində əridi, hərb sahəsindəki ənənələrimiz, vərəsəlik qırıldı. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra hərb sahənin bərpası prosesi isə başladı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyin əsası qoyuldu, azərbaycanlıların keçmiş SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərində, həm də ən müxtəlif ixtisaslar üzrə təhsil almaları təmin edildi. Və 1993-cü ildə ikinci dəfə xalqın təkidli tələbi ilə iyunnu 15-də siyasi hakimiyyətə müstəqil Azərbaycanın dövlət başçısı kimi hakimiyyətə gəlişindən sonra könüllü dəstələrin, silahlı qrupların dağıntıları üzərindən Azərbaycan Ordusunun formalaşdırılması prosesinə başlanıldı, qısa bir zaman ərzində ölkəmizdə nizami ordu formalaşdırıldı.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ORDU STRATEGİYASININ LAYİQLİ DAVAMÇISI – ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV

Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən 19 ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Və məhz 30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır!»mıza 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu və bir daha göstərdi ki, Azərbaycan ordusu regionda ən güclü orduya malik ölkə statusuna malikdir.Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər Paradında Prezident, Ali Baş Komandan bununla bağlı demişdir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.

Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 18 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Prezident İlham Əliyev: “Ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq”.“Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq”. Bunu Prezident İlham Əliyev fevral ayının 13-də Ağdama səfər zamanı çıxışında deyib. “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”, - dövlət başçısı vurğulayıb.Bu bir real faktordur ki, güclü ordusu olan dövlət güclüdür. Və bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.

İŞĞALÇI DÖVLƏT AZƏRBAYCANLA HƏRB MEYDANINDA MÜBARİZƏ APARMAĞA QADİR DEYİL

Bəli, Vətən müharibəsi bir daha onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Çünki qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə - bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Son 19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verməklə bir daha seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 19 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu gün dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı.

AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİ ÖZ DÖYÜŞ HAZIRLIĞINA GÖRƏ MDB MƏKANINDA ÖN SIRALARDA

Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 19 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Və bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir.

MÜSTƏQİLLİK TARİXİNİN ƏN BÖYÜK BÜDCƏSİ - 2022-Cİ İL ZƏFƏR BÜDCƏSİ

44 günlük Vətən müharibəsinin qalib dövlətinin 2022-ci il üçün hazırlanan iqtisadi konstitusiyasını zəfər büdcəsi də adlandıra bilərik. Çünki bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş bir ölkənin müstəqillik tarixinin ən böyük büdcəsidir. Əgər Vətən müharibəsi Azərbaycanın hərbi gücünün təntənəsi oldusa, gələn ilin büdcəsi isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirən reallıqdır. Çünki Azərbaycan son 18 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır. Həmçinin, bu ilin dövlət büdcəsi xərclərinin 15 faizi, yəni 4 milyard 490 milyon manat həcmində vəsait bu məqsədlər üçün nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılıb. Bütün hallarda aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Vətən savaşında Azərbaycan qarşısında diz çökən Ermənistan bu gün istənilən sahələrdə Azərbaycanla ayaqlaşmaq gücündə deyil və heç bir zaman da olmayacaq.Və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək, güclü dövlətin güclü ordusu çox tezliklə, Qarabağın işğal olunmuş ərazilərimizi də geriyə qaytaracaq!

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə