Qlobal Bakı Forumu beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformadır ŞƏRH

Qlobal Bakı Forumu beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformadır ŞƏRH

Öncə qeyd etmək lazımdır ki, Azərbaycanda təşkil edilən IX Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Daha dəqiq desək, əgər Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır. Nüfuzlu liderlərin Azərbaycanda olması, onların ölkəmizlə bağlı həqiqətlərlə yerində tanışlığı olduqca önəmlidir. Xüsusilə, postmüharibə dövründə aparılan sülh danışıqları ilə bağlı mövcud reallığın, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyinin daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Bakı Forumu əvəzsiz rola malikdir. Prezident İlham Əliyev bu nüfuzlu tribunadan yararlanaraq, öz çıxışında üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi zəruriliyini, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olmasını, bu tələblər icra olunmadığı təqdirdə, digər məsələlərin öz həllini tapmayacağı barədə dolğun informasiyaları və ölkəmizin mövqeyini bir daha bütün dünyaya çatdırdı. Azərbaycan Prezidenti bir yandan ölkəmizin sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyini, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması ilə bağlı mövqeyini ortaya qoydu, digər yandan isə status məsələsinin artıq tarixdə qaldığı, müzakirə mövzusu olmadığı, müharibədən sonra heç bir sənəddə bu ifadənin və ona işarə edən müddəanın əksini tapmamasını, həmçinin Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, ölkəmizin də Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacağını, bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar olduğu barədə tutarlı və tarixi arqumentləri nəzərə çatdırdı. Forumun keçirilməsi dünyanın sabit gələcəyi istiqamətində atılmış ciddi addım oldu. Ümumiləşdirsək, Forumun mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla bağlı gerçəklərin dünyaya yayılması imkanları genişlənir. Forum dünyanın aparıcı beyin mərkəzlərini, nüfuzlu isimləri, müxtəlif ölkələrin sabiq prezidentlərini, baş nazirləri, yüksək vəzifəli şəxsləri, tanınmış ictimai-siyasi xadimləri, diplomatları, politoloqları birləşdirən bir platforma kimi Azərbaycanın gördüyü işlərin beynəlxalq miqyasda təbliği baxımından müstəsna rola malikdir, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına, münaqişədən sonra yürüdülən informasiya siyasətinə mühüm töhfə olduğu şübhəsizdir.

Elnur Hüseynli

YAP Biləsuvar rayon təşkilatı 20 saylı şəhər ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə