“Əgər erməni xalqı gələcəkdə mövcud olmaq istəyirsə,...” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan xalqının 44 günlük şanlı Vətən müharibəsindən sonra Ermənistanda həm cəmiyyət olaraq ictimaiyyətdə, həm də idarəçilikdə hədsiz dərəcədə xaos yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, onların ordusunun müdafiə sistemində belə çox ağır böhran yaşanır: “Çünki Nikol Paşinyanı erməni düşməni, Türkiyə və Azərbaycan casusu kimi qiymətləndirirlər. Müharibədə Azərbaycan qələbə qazandıqdan sonra Paşinyana qədər hakimiyyətdə olanlara fürsət düşüb ki, onu devirsinlər”.
Deputat sözlərinə belə davam edib: “Sonuncu prezident olaraq Serj Sarkisyan axırıncı seçkidə uduzdu. Bu məğlubiyyət rüsvayçılıqla baş verdi.
Ermənistanda durum hədsiz dərəcədə ağırdır. Serj Sarkisyan və onun davamçıları bilir ki, onlar hakimiyyətə gələ bilməsələr bir gün xalq qalxaraq onların hamısını nəinki ölkədən qovacaq, hətta törətdikləri əməllərə görə cinayət işi açılacaqdır. Ermənistanda Paşinyanın II Qarabağ savaşında məğlub olmasına baxmayaraq, xalqın sadə təmsilçiləri Qarabağda cinayət törətmiş bu qatillərə səs vermədi. Elə uduzmağının səbəbi də o oldu. Bu gün hələ də hakimiyyətin bütün qanadlarında, xüsusilə də, müdafiə, ordu, güc strukturlarında, parlamentdə Serj Sarkisyan və Koçaryanın adamları fəaliyyət göstərirlər. Onlar hər fürsətdə Ermənistanda xaos yaratmağa çalışırlar. Ona görə də Ermənistanda ictimai-siyasi mühit stabil deyil, hətta tez-tez iğtişaş da törədilir.
Məhz elə bu qüvvələrin təsiridir ki, Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında post-müharibə dövrü üçün imzalanmış sazişin və sülh müqaviləsinin imzalanması gecikir.
Hesab edirəm ki, Paşinyan mövcud reallığı dərk edir. O anlayır ki, Azərbaycan bölgənin lider ölkəsidir və möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə qalib ölkənin Müzəffər Ali Baş Komandanıdır və bölgədə yeni reallıqlar yaranmışdır. Bu reallıqda da gündəm Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir. Bütün bu problemlərə baxmayaraq, sazişdə əks olunmuş bütün maddələr süni yaradılmış müəyyən problemlər yaratsa da, tezliklə gerçəkləşdiriləcəkdir. Əks halda Ermənistan dövlətinin və xalqının taleyi sual altındadır. Əgər erməni xalqı gələcəkdə mövcud olmaq istəyirsə, Azərbaycan və Türkiyə konstruktiv əməkdaşlıq etməli, hər cür əsassız iddialardan əl çəkməlidirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB