IX Qlobal Bakı Forumu ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi ŞƏRH

IX Qlobal Bakı Forumu ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi ŞƏRH

Doqquzuncu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. İlk öncə onu qeyd etmək lazımdır ki, belə mötəbər, tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edən Forumun Azərbaycanda keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir. IX Qlobal Forumunda dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak ediblər. Ötən illər ilə müqayisədə bu kifayət qədər yüksək göstəricidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forumun budəfəki mövzusu qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzular olub.

Prezident İlham Əliyevin Forumda çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Forumda ölkə başçısı həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Dövlətimizin başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Dövlətimizin başçısı bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.

Prezident İlham Əliyev Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Ümumiyyətlə, ölkə başçısının Forumda səsləndirdiyi fikirlər, sadəcə Azərbaycan üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər.

Forumda Prezident İlham Əliyev enerji bazasındakı vəziyyətə də toxunub: “Gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil.” 05 may 2022-ci il tarixində keçirilmiş “OPEC plus” ölkələri nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. İyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barrel artırılaraq 695 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barrel həcmində olması nəzərdə tutulur. Azərbaycanın qazandığı təcrübə, keçdiyi uğurlu yol, torpaqlarını işğaldan azad etməsi və hazırda Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik olması siyasi mütəxəssisləri və ekspertləri yaxından maraqlandırır. Belə ki, Qlobal Bakı Forumunda dünyada mövcud olan ən aktual məsələlər fəal müzakirə olunub, eyni zamanda, problemlərdən çıxış yolları axtarılıb. Həmçinin dünyada böyük nüfuza malik olan şəxslərin müxtəlif təklif və tövsiyələrlə çıxış etməsi də müşahidə olunub. Qeyd edək ki, Forumda dəyərli təklifləri dinləmək və icra etmək üçün yaxşı imkanlar formalaşdırılır. Axır vaxtlar Bakı ilə yanaşı, mədəniyyət paytaxtımız Şuşa da beynəlxalq diskussiya platformasına çevrilib. Qeyd etmək lazımdır ki, Albaniya, Bolqarıstan, Gürcüstan və çoxsaylı ölkələrin dövlət başçılarının, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. fəaliyyətdə olan rəhbərlərinin iştirakı onu göstərir ki, IX Qlobal Bakı Forumuna maraq çox böyükdür və dünyanın böyük transformasiyaya qədəm qoyduğu bir dövrdə Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə edilib.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə