Şuşada keçirilən beynəlxalq konfrans dünyaya bir mesaj idi - SORĞU - PARTİYA FUNKSİONERLƏRİ DANIŞDI

Şuşada keçirilən beynəlxalq konfrans dünyaya bir mesaj idi - SORĞU - PARTİYA FUNKSİONERLƏRİ DANIŞDI

15 İyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə yanaşı həmçinin digər siyasi partiyaların nümayəndələri də iştirak etdi.

SİA partiya nümayəndələrinin konfransla bağlı fikirlərini öyrənməyə çalışıb:

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev: “15 iyun tarixində Şuşada YAP və qardaş Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının birgə təşkil etdiyi Şuşa bəyannaməsinin ildönümünə həsr olunmuş konfrans yüksək səviyyədə keçdi. Konfrans iştirakçısı kimi deyə bilərəm ki, mən ölkəmin və ölkəmin rəhbərinin adından qürur duydum. Konfrans yüksək səviyyədə təşkil olunmuşdu və burada 3 panel çıxış oldu. Çıxışlarda olduqca ciddi məsələlərə, regionda sülhün əməkdaşlığın inkişaf etməsinə, tərəqqi, sosial inkişaf və ölkələrarası münasibətlərin daha yüksək müstəviyə qaldırılması istiqamətində görüləcək işlər və perspektivlər, bütövlükdə türk dünyası ölkələri arasında humanitar-mədəni əlaqələrin, tarixi münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün təkliflər verildi.

Turizm, kənd təsərrüfatı, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni platformada təqdimatı istiqamətində çox maraqlı müzakirələr oldu. Konfransın ümumi qətnaməsi və gəldiyi nəticə bundan ibarət oldu ki, Azərbaycan və Türkiyə bölgənin aparıcı dövlətidir və bu iki ölkənin təşəbbüsü ilə bütövlükdə Cənubi Qafqaz bölgəsi, eyni zamanda Xəzər və Qara dəniz hövzəsi ətrafındakı ərazilərdə yerləşən dövlətlər arasındakı münasibətlər daha sıx inteqrasiya olunmalıdır. Azərbaycan və Türkiyə şərq-qərb Qədim İpək yolunun aparıcı bir halqası olaraq bundan sonra da dünya birliyinə inkişaf, sülh və qardaşlıq töhfəsini verəcəkdir.

Eyni zamanda bu konfrans Şuşa bəyannaməsinə bir daha tarixi qiymət verdi və qeyd etdi ki, Bəyannamə sadəcə Azərbaycan və Türkiyə üçün deyil, gələcək perspektivdə Böyük Türk Birliyinin qurulması üçün çox vacib bir sənəddir. Burada həm ölkələrin əmin-amanlığı, asayişin qorunması, iqtisadi əməkdaşlıq, mədəni əlaqələrin yüksək platformaya qaldırılması məsələləri və bütövlükdə bölgənin inkişafına töhfə vermək üçün lazım olan siyasi-hüquqi bünövrənin qoyulması çox vacibdir. Ötən bir il ərzində həm Qarabağda, həm bu bütövlükdə regionda görülən işlər, aparılan siyasət bu məqsədə xidmət etmiş oldu.

Eyni zamanda tədbirin Şuşada keçirilməsi, Şuşanın təkcə Azərbaycan üçün deyil, bölgə və türk dünyası üçün tarixi əhəmiyyətli olduğunu dünyaya bir daha bəyan etmiş oldu.

Konfrans iştirakçılarına cənab Prezident İlham Əliyevin göndərdiyi təbrik məktubu da bu konfransa daha yüksək qiymət verilməsinin ifadəsi idi. Təbrik məktubunda dostluq və qardaşlığımızın əbədi olması istiqamətində gərəkən addımların atılmasının vacibliyi vurğulanmışdı. Konfrans iştirakçıları buradan xoş təəssüratlarla ayrıldılar. Bu xoş təəssüratımıza rəng qatan Şuşanın xoş təbiəti və Şuşanın əbədi-əzəli sakinlərinə qaytarılmasından doğan fəxarət hissi idi”.

Vəhdət Partiyasının qurucusu və sədri, Milli Məclisin deputatı Tahir Kərimli: "Bildiyimiz kimi Şuşada “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Vəhdət Partiyasının sədri kimi mən də bu konfransda iştirak etdim. Konfrans yüksək səviyyədə keçirildi. Eyni zamanda Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlətlərinin səfirləri də bu konfransda iştirak edirdi. Konfransın mahiyyəti ondan ibarətdir ki, məhz Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında bağlanmış bəyannamə Qafqazda sülh və sabitliyin mənbəyidir. Azərbaycan tərəfi bölgədə sülh və sabitliyin olmasında maraqlıdır. Azərbaycan və Türkiyənin strateji müttəqifliyi Şuşa bəyannaməsi ilə daha yüksək səviyyəyə çıxdı. Azərbaycan və Türkiyə həmişə bir-birinə qarşı dost və qardaş olublar. Amma bu bəyannamə ilə bu qardaşlıq dostluq münasibətləri rəsmi, hüquqi səviyyəyə qalxdı. Türkiyə ilə Azərbaycan təkcə bir millət, iki dövlət deyil, eyni zamanda iki dövlət bir ordu anlamına gəlir. Tərəflərdən birinə hər hansı bir təcavüz olarsa, Azərbaycan və Türkiyə hərbi qüvvələri vahid bir şəkildə hərəkət edəcəklər.

Konfransda Binəli Yıldırım qeyd etdi ki, 4 milyon kvadrat kilometr ərazidə yerləşən, bir trilyon yarım daxili məhsulu olan və yarım trilyon ticarət əlaqələri olan türk dövlətləri şübhəsiz ki, gələcəkdə birləşməyə hazır olmalıdırlar. Bunun da təməlini əlbəttə ki, heç şübhəsiz Azərbaycan-Türkiyə müttəfiqliyi qoyur”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov: “Azərbaycan yenə də çox böyük beynəlxalq konfranslara və mötəbər tədbirlərə ev sahibliyi etməklə bir daha dünyanın diqqət mərkəzinə çevrilir. Xüsusən də bu onu göstərir ki, Azərbaycana dünyada böyük bir etimad, inam və hörmət var.

Bu tədbirlər özü bir daha göstərir ki, Azərbaycan həm regionda, həm də dünyada yeni təşəbbüslərlə çıxış edir və bölgənin, regionun sülh və əmin-amanlıq içində yaşaması üçün çox mühüm addımlar atmaqdadır. Eyni zamanda, bu, ölkəmizin mühüm bir aktora çevrildiyindən xəbər verir.

Növbəti belə mötəbər tədbirlərdən biri 15 iyun 2022-ci il tarixdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutdu. Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən bu beynəlxalq konfrans Yeni Azərbaycan Partiyası və qardaş Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Müzəffər Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi torpaqlarını azad etdi və Azərbaycan Vətən müharibəsi apararkən qardaş ölkə Türkiyənin, prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məhz müharibənin ilk dəqiqələrindən Azərbaycanın yanında olduqlarını dəfələrlə bəyan etmişdir. Bu əlbəttə ki, Azərbaycana əlavə güc verirdi.

Cənab İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubda bir çox vacib mesajlar verildi. Burada həm Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsinin çox müsbət nəticələri, müttəfiqlik haqqında imzalanmış bu sənədin Azərbaycanla Türkiyənin güclənməsinə xidmət etdiyi, töhvə verdiyi, o cümlədən bölgədə əmin-amanlığın, sülhün təmin olunması xüsusi qeyd olunmuşdur.

Konfransda hər iki ölkədən yüksək vəzifəli şəxslər, nazirlər, nazir müavinləri, tanınmış icatimai-siyasi xadimlər iştirak edirdilər. Azərbaycanda fəaliyyət göstərən çoxlu sayda digər siyasi partiyalarının rəhbərlərinin də burada iştirakı vacib məqamlardan biri idi ki, bu da son illər ərzində Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə məhz ölkəmizdə çox uğurla həyata keçirilən siyasi dialoqun məntiqi nəticəsi və milli həmrəyliyin təntənəsidir.

Şuşa bəyannaməsinin imzalanması ümumilikdə müstəqil siyasət yürüdən hər iki ölkənin milli maraqlarıan xidmət edən tarixi bir sənəddir. Beynəlxalq konfransın böyük bir siyasi çəkisi var idi. Burada ilk növbədə Azərbaycan-Türkiyə birliyinin bir daha dünyaya nümayiş olunması, o cümlədən də Azərbaycan-Türkiyə birliyinin türk dünyasının əməkdaşlığına, tərəqqisinə xidmət edir. Bəyannamə Qafqazın və regionun bütövlükdə sülhün və sabitliyin bir qarantıdır. Əlbəttə, sülh və sabitlik olduğu yerdə inkişaf və tərəqqidən də danışmaq mümkündür.

Bütövlükdə tədbirdə müxtəlif panellər keçirilməklə Şuşa bəyannaməsinin bir il ərzində Azərbaycan və Türkiyə işbirliyi, müttəfiqliyimizin nəticəsində, əldə olunan uğurlar, gələcək perspektivlərdən geniş söhbət açıldı. O cümlədən, bir daha beynəlxalq konfrans və bu günə kimi həyata keçirilən tədbirlər və qarşıda müttəfiqlik haqqında sənəddə nəzərdə tutulan müddəaların icrasından danışılarkən bir daha onu göstərdi ki, Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək səviyyəyə çatdıraraq daha da möhkəmləndirib. Panel müzakirələrdə qeyd edildi ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər Azərbaycan Prezidenti cənab İlham Əliyev və qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi böyük işlərin məntiqi nəticəsidir və Azərbaycan-Türkiyə birliyi, yaxınlığı, yüksək səviyyəli münasibətləri, qardaşlığı bu günə kimi heç vaxt olmadığı qədər ən yüksək səviyyədə formalaşmışdır.

Digər bir tərəfdən Şuşa bəyannaməsi və Azərbaycan-Türkiyə birliyi artıq Azərbaycan-Türkiyə sərhədlərini aşaraq bütövlükdə region, Qafqaz üçün sülh və əmin-amanlıq, tərəqqi və inkişaf, türk dövlətlərini yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən, birləşdirən tarixi bir sənəddir.

Bu gün dünyada baş verən qlobal hadisələr fonunda bir daha bütün dünya əmin olur ki, Azərbaycan və Türkiyə liderlərinin vaxtında və zamanında atdığı addımın nəticəsi olaraq Şuşa bəyannaməsini imzalaması Azərbaycan və Türkiyə birliyini bütövlükdə beynəlxalq güc mərkəzinə çevirmişdir”.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev: “Şuşada keçirilən və Şuşa bəyannaməsinin bir illiyinə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti çox böyükdür. Burada həm Türkiyə, həm də Azərbaycanın müxalifət partiyaları iştirak edirdi. Bu çox xoş əhval-ruhiyyə yaradan birlik nümayiş etdirən bir məqam idi. Çünki zaman-zaman həm Azərbaycan, həm də Türkiyədə müxalifəti iqtidara qarşı qoymaq, başqa məqsədlər üçün alətə çevirmək cəhdləri olur. 44 günlük Vətən müharibəsində Azərbaycanda siyasi partiyalar vahid mövqedən çıxış etdilər. İqtidar və müxliafət bir araya gəldi və birlik göstərdi. Bir daha nümayiş etdirildi ki, bu birlik sarsılmaz və dönməzdir.

Şuşa bəyannaməsi Azərbaycanın suverenliyini, müstəqilliyinin və Qarabağın Azərbaycana aid olduğunun zəmanətidir. Şuşa bəyannaməsi bizə daha rahat siyasət aparmağı kömək edir. Azərbaycan ilə Türkiyəni konkret olaraq hərbi-siyasi səviyyədə təkcə sözdə yox, əməldə də birdirlər. Bu baxımdan “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransın Şuşada keçirilməsi bütün dünyaya bir mesaj oldu ki, Qarabağ Azərbaycanındır, Azərbaycanın ərazi bütövlüyü parçalana bilməz”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans çox əlamətdar bir konfrans idi. Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi kimi mühüm bir sənəddir. Şuşa bəyannaməsini Prezident İlham Əliyevin uğuru kimi hesab edirəm. Konfransda Yeni Azərbaycan Partiyası ilə yanaşı digər partiyalar da iştirak edirdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, sektor müdirlərinin təşkilatçılığı ilə belə bir böyük konfrans keçirilib. Konfrans çox yüksək səviyyədə keçirildi. Şuşa bəyannaməsi bir daha onu göstərdi ki, Azərbaycan xalqı Prezidentin ətrafında birləşmiş bir xalqdır".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: ““Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdim. Moskva, Qars müqavilələri nə qədər əhəmiyyətlidirsə, Şuşa bəyannməsi də o qədər əhəmiyyətlidir. Şuşa bəyannaməsində bütövlükdə Azərbaycanla bağlı çox ciddi müddəalar var. Ona görə də, bu bəyannamə Türkiyə və Azərbaycan arasındakı münasibətləri siyasi və hüquqi cəhətdən ən yüksək səviyyədə təmin olunub. “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans dünyaya mesaj idi. Azərbaycan ilə Türkiyə bir yerdədir. Bu bəyannamə Türkiyə Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə çatdıracaq və bölgədə sabitlik gətirəcək”.

Ayşən Vəli

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə