Azərbaycan-ABŞ strateji əməkdaşlığı keyfiyyətcə yeni mərhələdə TƏHLİL
Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Azərbaycan-ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradıldı. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. Dövlətlərarası diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndi. 1997-ci il 29 iyul tarixində Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfəri bu əlaqələrin möhkəmlənməsində əhəmiyyətə malikdir. Daha sonra 2003-cü il 23-27 fevral tarixlərində Ulu Öndərin ABŞ-a işgüzar səfəri əməkdaşlığın davamlığını əks etdirir. Heydər Əliyevin ABŞ-a tarixi səfərləri nəinki bu iki ölkənin strateji əməkdaşlığının möhkəmləndirilməsində keyfiyyətcə yeni bir mərhələ, habelə, bu əməkdaşlığın fundamental əsaslarının bir daha sınaqdan çıxmasında vacib əhəmiyyət daşıyan hadisə oldu. Əməkdaşlıq əlaqələri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətlərarası qarşılıqlı işgüzar görüşlər bu əlaqələrin davamlılığına söykənir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri də faydalı əməkdaşlığa əsaslanır. Birləşmiş Ştatların sabiq dövlət başçısı Barak Obamanın dəvəti ilə möhtərəm Prezidentimiz İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər etməsi və burada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlərin keçirməsi münasibətlərin daha da dəriləşməsini özündə əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a gerçəkləşən səfəri iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə impuls vermişdir.
Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən əməkdaşlığı da xüsusi olaraq qeyd etməliyik. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır. ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində rol oynayıb.
BAKI İLƏ VAŞİNQTON ARASINDAKI MÜNASİBƏTLƏRDƏ DÖNÜŞ NÖQTƏSİ
Dövlətlərarası münasibətlərdən söz açarkən xüsusi olaraq Amerikada fəaliyyət göstərən güclü erməni lobbisinin uzun müddət çalışsa da, qondarma "erməni soyqırımı" məsələsinin Konqresdə müzakirəyə çıxarılmasına nail ola bilmədiyini qeyd etməliyik. Bildiyimiz kimi, bu barədə qanun layihəsi hazırlanıb Konqresə təqdim olunsa da, son anda sabiq ABŞ Prezidenti Bill Klinton və sabiq dövlət katibi Kondaliza Rays bu qanun layihəsinin müzakirəyə çıxarılmaması ilə əlaqədar Konqresə müraciət etmiş və istəklərinə nail olmuşlar. Qeyd olunan qanun layihəsinə imza atan konqresmenlər belə sonradan öz imzalarından imtina etmişlər. Bu, əsl həqiqətin ətraflı öyrənilməsi ilə əlaqədar olmuşdur. Yeri gəlmişkən vurğulayaq ki, Corc Buş Administrasiyası iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə – siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə genişləndirilməsinə nail olmuş, "Azadlığı Müdafiə Aktı"na ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması nəticəsində ikitərəfli əlaqələrdə dönüş yaranmışdır. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı Azərbaycanın fəal iştirakı əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə "907-ci düzəliş"in dondurulması rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi. Xüsusi olaraq qeyd edilmişdir ki, beynəlxalq mübarizənin təşkilində, regionda sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycan böyük potensiala malikdir və bu potensialdan çox səmərəli istifadə olunur.
Onu da qeyd edək ki, ABŞ-ın 24-dən çox ştatı, o cümlədən Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya, Viskonsin ştatları Xocalı soyqırımını tanıyıb və pisləyiblər.
CƏNUBİ QAFQAZ ƏMƏKDAŞLIQ REGİONUNA ÇEVRİLƏCƏK
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul etməsi əməkdaşlığın yüksələn xətlə inkişafına söykənir. Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edilib və onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib. Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir. Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğulayıb.
Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığa malik olduğunu bir daha göstərir. Bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayan Azərbaycan ötən 30 il ərzində ABŞ-la da enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığa öz töhfəsini vermişdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB