TARİXİ ŞUŞA BƏYANNAMƏSİ - Bir millət iki dövlətin birliyi ilə sevincini, kədərini bölüşməsinin göstəricisidir TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir”
“Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir”. Bunu Prezident İlham Əliyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib. Dövlət başçısı bildirib ki, bir il əvvəl - 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir. Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
ŞUŞA BƏYANNAMƏSİ – QARDAŞLIĞIN YENİ TARİXİ MƏRHƏLƏSİ
2021-ci il iyunun 15-i Azərbaycan tarixində növbəti əlamətdar tarixi gün - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanmasının birinci ili. Bu mənada Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun-Milli Qurtuluş günüdürsə, ikincisi onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmasıdır. Əgər 29 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı. Bəyənnamənin əhəmiyyəti ilə bağlı mətbuata bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.
Bəli, bu qətiyyətin və birliyin təcəssümünü elə bəyannamənin mətni ilə tanış olarkən aydın görmək mümkündür: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”. Bir il öncə Şuşa Bəyannaməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan Milli Qurtuluş Günündə Qarabağımızın tacı olan Şuşa şəhərində belə bir tarixi hadisənin reallaşması ilə qardaşlığın, dostluğun strateji xarakter alması, müttəfiqlik səviyyəsinə çatması ilə yanyşı, həm də müasir tariximizin zirvədə dayanan ən şanlı bayramlarından biri olaraq xalqımız tərəfindən hər il qeyd olunacaqdır. Və bu gün bir illiyi qeyd olunan Bəyannamənin imzalanması strateji xarakter daşıyır, əməkdaşlığın artıq strateji bir müstəviyə keçməsindən xəbər verir və bu, çox vacib məsələdir. Azərbaycan tarixində uzun illər ən yaddaqalan hadisələrdən biri kimi əbədi yaşayacaqdır.
ŞUŞA BƏYANNAMƏSİNİN İMZALANMASININ BİR İLİNİN ÖLKƏMİZDƏ QEYD EDİLMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN YENİ MƏRHƏLƏDƏ YENİ QİYMƏTİDİR
Təbii ki, Azərbaycan müstəqillik qazanandan bu günə qədər Türkiyə-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub. Ulu öndər Heydər Əliyev 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da, bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə, bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən, Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi.Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də türk dünyasi, region və dünya üçün tarixi hadisədir. 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Həmçinin, elə bu günlərdə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”da hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
ŞUŞA BƏYANNAMƏSİNİN BİRİNCİ İLDÖNÜMÜNÜN KEÇİRİLMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞINI, BİRLİYİNİ BÜTÜN DÜNYAYA BİLDİRƏN BİR MESAJDIR
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans bir millət, iki dövlət qardaşlığını, birliyini bütün dünyaya bildirən bir mesajdır. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyənın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmət Böyükataman, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri və digərləri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı videoçarx nümayiş olunub.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı konfrans iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.
“QARS MÜQAVİLƏSİNDƏN 100 İL SONRA İMZALANMIŞ ŞUŞA BƏYANNAMƏSİ ORTAQ TARİXİMİZƏ ƏSASLANMAQLA YANAŞI, MÜASİR REALLIQLARI ƏKS ETDİRİR”
Müraciətdə bildirilir ki, bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir: «Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir". Müraciətdə o da bildirilir ki, Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir: «Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir".
“QÜRURVERİCİ HALDIR Kİ, AZƏRBAYCAN VƏ TÜRKİYƏ DÜNYA MİQYASINDA MƏNƏVİ-SİYASİ CƏHƏTDƏN BİR-BİRİNƏ ƏN YAXIN ÖLKƏLƏRDİR”
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətində bildirilir ki, qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir: «Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər. Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır. Əminəm ki, xalqlarımızın sarsılmaz etimadını qazanmış Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda müttəfiqliyimizin daha da gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir. Həmçinin ümidvaram ki, konfrans Türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də öz layiqli töhfəsini verəcəkdir. Sizi bir daha ürəkdən salamlayır və fəaliyyətinizdə uğurlar arzulayıram". Konfrans çərçivəsində panel müzakirələr aparılıb. Birinci panel müzakirəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının Baş katibi İsmət Böyükataman, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala və AK Parti sədrinin birinci müavini Binəli Yıldırım çıxış ediblər.Panel müzakirəsində çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün çoxəsrlik dövlətçilik tariximizin şanlı Zəfər dövrünün mühüm hadisəsinə, daha bir qürur anına, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığına və əbədiliyinə növbəti dəfə şahidlik edirik. Xalqımızın milli mübarizə ruhunu, həmrəyliyini, dövlətimizin gücünü əks etdirən Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri müstəsna əhəmiyyətə malik növbəti tədbirə ev sahibliyi edir, dünya isə Azərbaycan-Türkiyə qardaşlığı fonunda tarixi anlara şahid olur. “Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun - Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaradır, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir. “İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibətlər istənilən siyasi hadisə, məsələ və prosesin fövqündədir”, - deyə YAP Sədrinin müavini qeyd edib.Onun sözlərinə görə, bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir.“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Bəli, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. İstər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycanın yanında olması sevindirici və qürurverici olmaqla yanaşı, ölkələrimizin tarixin mühüm anlarında – taleyüklü məqamlarda birlikdə olduqlarını, çətin və mürəkkəb sınaqlardan əzmlə, ləyaqətlə və şərəflə çıxdıqlarını təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ölkələrimiz tarixi sınaqlardan şərəflə və başı uca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır”.Bizim müştərək Qələbəmiz olan Qarabağ Zəfəri təkcə ölkəmizin ərazi bütövlüyünün deyil, eyni zamanda, milli qürurun bərpası, milli mənəviyyatın yenilənməsidır, həmçinin regionda yeni geostrateji reallıqların yaradılması baxımından mühüm əhəmiyyətə malikdir”, - deyə Tahir Budaqov diqqətə çatdırıb.
O bildirib ki, ölkələrimiz ortaq siyasi iradə və birgə strateji fəaliyyət əsasında yeni reallıqlar yaratmaqla bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırıblar. Yeni mərhələdə Azərbaycan və Türkiyənin təşəbbüsləri, o cümlədən kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. İki qardaş ölkə regionda rifah və inkişaf tərəfdarıdır. Birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsinin imzalanması təkcə Azərbaycan və Türkiyə üçün tarixi hadisə deyil, bu, eyni zamanda, yeni reallıqlar fonunda türk dünyası coğrafiyasında inkişafa, təhlükəsizliyə və əməkdaşlığa etibarlı zəmin yaradan amildir.“Regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd kimi Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, müttəfiqlik əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə - yeni mərhələyə yüksəlməsini təmin edib. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, “biz dostuq, qardaşıq və rəsmən müttəfiqik”. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına güclü təkan və önəmli töhfədir.Zəfər dövrünün reallıqları, Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin fonunda iki qardaş ölkənin dost partiyaları olan YAP-AK Parti əlaqələri də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini nümunə götürərək dostluq və əməkdaşlıq əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi mühüm hədəf və prioritet kimi müəyyənləşdirmişik. Tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və biz ortaq hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətimizi ardıcıl olaraq davam etdiririk”, - deyə YAP Sədrinin müavini vurğulayıb.“Şübhəsiz ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq hədəflər, milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər”, - deyən T.Budaqov diqqətə çatdırıb ki, hakim siyasi partiyalar da bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Yeni Azərbaycan Partiyası ilə AK Parti tərəfindən təşkil olunan bugünkü konfrans da Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının bariz nümunəsi, əyani ifadəsi və növbəti nümayişidir. O bildirib ki, 29 il əvvəl bu gün – 1993-cü il 15 iyun tarixi Azərbaycanın siyasi təqviminə Milli Qurtuluş Günü kimi düşüb. Ümummilli lider Heydər Əliyev Azərbaycanı xaosdan və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başlayıb, nəticə xalqımızın Qurtuluşu, dövlətimizin dirçəlişi və inkişafı olub.“Heydər Əliyev irsi və ideyaları ilə bağlı olan Qurtuluş məfkurəsi bizi tarixi Zəfərə apardı - əzəli və əbədi torpaqlarımız Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının və tərəfdaşlığının gücü sayəsində düşmən əsarətindən Qurtuldu – azadlığa qovuşdu. 15 iyun 2021-ci il tarixində iki qardaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla dünyaya xalqlarımızın iradəsini, dövlətlərimizin gücünü, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını nümayiş etdirdilər. Bu əlamətdar və tarixi hadisənin birinci ildönümünü müştərək qələbəmizi siyasi müstəvidə möhkəmləndirərək, yeni nailiyyətlər qazanaraq və yeni zirvələr fəth edərək şərəflə, ləyaqətlə, inamla, əzmlə və qürurla qeyd edirik. Əminliklə söyləmək olar ki, Azərbaycan ilə Türkiyə bundan sonra da bütün platformalarda birlikdə, çiyin-çiyinə addımlamaqla tarix yazacaq, tarixə yeni möhtəşəm uğurlar və qələbələr yazdıracaqlar”, - deyən Tahir Budaqov fikirlərini yekunlaşdırıb.
İSMƏT BÖYÜKATAMAN: “ŞUŞA BƏYANNAMƏSİNİN İMZALANMASI, NƏİNKİ TÜRKİYƏ VƏ AZƏRBAYCAN ARASINDA DAVAM EDƏN SIX TƏRƏFDAŞLIĞIN ARTIRILMASI, HƏMÇİNİN REGİONDA VƏ TÜRK DÜNYASINDA YENİ ƏLAQƏLƏRİN QURULMASINI HƏDƏFLƏYİR”
Sonra Türkiyə Milliyyətçi Hərəkat Partiyasının Baş katibi İsmət Böyükataman çıxış edərək bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması, nəinki Türkiyə və Azərbaycan arasında davam edən sıx tərəfdaşlığın artırılması, həmçinin regionda və türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir. O, bu bəyannamənin hər iki dövlətin öz hüquqları çərçivəsində imzalandığını qeyd edib, iki ölkənin davamlı müttəfiqlik əlaqələrinin olması baxımından bu bəyannamənin önəmli rol oynadığını diqqətə çatdırıb. İ.Büyükataman Şuşa Bəyannaməsinin imzalanması və təsdiq olunması ilə Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin başlanıldığının rəsmi olaraq qəbul edildiyini vurğulayıb.Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir il öncə bugünkü tarixdə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalandığını, bu tarixi sənədin Azərbaycan-Türkiyə qardaşlığının həm siyasi, iqtisadi, hərbi, həm də mənəvi simvolu olduğunu bildirib. Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi sonluğudur. Şuşa Bəyannaməsi işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük mənəvi-siyasi dəstəyin ifadəsidir.
BİNƏLİ YILDIRIM: “2021-Cİ İLDƏ ÖLKƏLƏRİMİZ ARASINDA İMZALAN ŞUŞA BƏYANNAMƏSİ TÜRK DÜNYASINDA BİRLİKDƏ İŞ GÖRMƏNİN ÖNÜNÜ AÇAN GENİŞMİQYASLI BİR SƏNƏDDİR”
Daha sonra AK Parti sədrinin birinci müavini Binəli Yıldırım iki ölkə arasındakı əlaqələrin maraq üzərində qurulmadığını, bunun qardaşlıq, dostluq əlaqələri olduğunu qeyd edib. O bildirib ki, ölkələrimiz arasındakı əlaqələri ümummilli lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə ən gözəl şəkildə ifadə ediblər.“İndiyədək Ermənistan-Azərbaycan münaqişəsinin həll tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin sözdə diplomatik yollarla həll ediləcəyini desə də, bu problemin həllinin uzadılmasına şərait yaratdılar”, - deyə B.Yıldırım qeyd edib. O diqqətə çatdırıb ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb. Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını söyləyib. “Otuz il davam edən işğal sona çatıb, qədim Şuşa işğaldan azad olunub. Bu gün birinci ildönümünü qeyd etdiyimiz, 2021-ci ildə ölkələrimiz arasında imzalan Şuşa Bəyannaməsi türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir. Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və türk dünyasında yeni dönəmin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib. Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əskikliklərin tamamlanması qəbul olunub”, - deyə B.Yıldırım diqqətə çatdırıb.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrin daha da dönməz və sarsılmaz olduğunu, Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinə, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” şüarına yaraşan yanaşma olduğunu bildiriblər. Sonra ikinci panel müzakirəsi keçirilib. Müzakirələrdə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Bursa Uludağ Universitetinin professoru, Siyasi, İqtisadi, İctimai Tədqiqatlar Vəqfinin elmi araşdırmaçısı Ferhat Pirinççi çıxış ediblər.
ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNƏ MÖHÜRÜNÜ VURDU
Bir sözlə, Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalandığı 15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri olaraq yaddaşlarda qalacaq. Və Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıcı oldu. Həmçinin, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Bundan sonra da Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Beləliklə, bir il öncə imzalanmış Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət edir. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. Dövlət başçımızın dediyi kimi: «Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB