Dmitri Solonnikov: “Bakı ilə sülh sazişi Paşinyan üçün ölüm-qalım məsələsidir” - MÜSAHİBƏ

Dmitri Solonnikov: “Bakı ilə sülh sazişi Paşinyan üçün ölüm-qalım məsələsidir” - MÜSAHİBƏ

Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- İrəvandakı etiraz bazasının səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, ölkədə mövcud hakimiyyətdə dəyişiklik təhlükəsi varmı?

- Ermənistanda etiraz bazasının səviyyəsi, gördüyümüz kimi, o qədər də böyük deyil. İrəvanın özündə etirazçıların sayı 2-3 min nəfəri ötmürdü, indi bu rəqəm daha da azalıb. Yəni etiraz bazasının səviyyəsi parlamentdəki iki müxalifət fraksiyasının dəstəyindən və Köçəryan və Sarkisyanın tərəfdarlarının hazırda sahib olduğu cəmiyyətdəki ənənəvi dəstəkdən o yana keçmir. Deməli, aksiyaların genişlənməsi yoxdur, amma biz vaxtaşırı erməni ekspertlərinin və siyasətçilərinin bəyanatlarını oxuyuruq ki, məhz meydanda erməni cəmiyyətini təmsil edən insanlar onun özəyini təşkil edir. Bəzi qəribə iddialar da var ki, Rusiya bu müqavilələrə əsasən indiki hakimiyyətlə danışıqlar apararkən erməni cəmiyyətindən mandat almır.

Təbii ki, bütün bu iddialar tamamilə cəfəngiyyatdır. Seçkilər göstərdi ki, Rusiya, Azərbaycan və Türkiyə ilə istənilən beynəlxalq danışıqların mandatı məhz indiki İrəvan hökumətidir. Meydanda isə guya cəmiyyəti təmsil edən kiçik bir ovuc insan real oyunun olmadığı halda piardan başqa bir şey deyil. Paşinyanın cəmiyyətin həyatındakı real sosial dəyişikliklərdən kənara çəkilməsi yalnız etiraz bazasını artıracaq. Axı onlar onu dəstəklədilər, ona görə də Qarabağda qarşıdurma bitdikdən sonra (10 noyabr 2020-ci ildə müqavilə imzaladıqdan sonra) dəyişikliklərin olacağı ilə bağlı gözləntiləri onunla əlaqələndirdilər. Türkiyə ilə ticarətdə, Azərbaycanla münasibətlərdə müsbət dəyişikliklər olacaq, Rusiya ilə ticarət əlaqələrinin intensivləşdirilməsi imkanları yaranacaq. Bütün bunlar üçün razılaşmalar həyata keçirilməli, nəqliyyat və logistika kommunikasiyaları açılmalıdır və bu, Ermənistanda həyatı nəzərəçarpacaq dərəcədə dəyişəcək. Və bu proses nə qədər uzansa, əhalinin Paşinyan dövründə bu dəyişikliklərin baş verəcəyinə inamı bir o qədər azalır. Hesab edirəm ki, etiraz bazası daha da böyüyə bilər, xüsusən də qarşıdan yay fəsli olduğu üçün, gənclərin nümayəndələrini küçə aksiyalarına cəlb etmək daha asan olduğu üçün.

- Ermənistan müxalifətinin revanşist əhval-ruhiyyəsini nəzərə alsaq, Qarabağda yeni hərbi toqquşma ehtimalını etiraf edirsinizmi?

- İndiki hökumət dövründə yox. Ermənistanla Azərbaycan arasında yeni hərbi toqquşma ehtimalı real deyil. Paşinyan heç bir hərbi toqquşmaya razı olmayacaq, çünki bu, onun siyasi karyerasının sonu demək olardı. Aydındır ki, toqquşmaların baş verəcəyi təqdirdə Ermənistanda sosial-iqtisadi vəziyyətdə heç bir yaxşılaşma olmadığı kimi, nəqliyyat və logistika ilə bağlı heç bir razılaşma həyata keçirilməyəcək. Paşinyan bir müharibəni uduzdu, digərini də uduzacaq. Bu ona heç bir baxımdan lazım deyil, ona görə də indiki hakimiyyətdə revanşist əhval-ruhiyyənin artdığını nəzərə alsaq belə, hərbi toqquşmalar baş verməyəcək. Amma Paşinyan müqavimət göstərməsə, Rusiyanı müharibəyə sürükləmək, çoxtərəfli münaqişə təşkil etmək üçün revanşist siyasətçilərin təxribat xarakterli hərəkətləri mümkündür.

- Moskva Ermənistana silah tədarükünü bərpa etməyi planlaşdırırmı?

- KTMT vasitəsilə Ermənistana silah çatdırılması mümkündür. Bununla bağlı Moskva İrəvanla bağladığı bütün razılaşmalara sadiq qalacaq, heç kim onların istər mövcud müqavilələr, istərsə də yeni sazişlər çərçivəsində hərbi-texniki əməkdaşlığını ləğv etməyib. Mümkündür, onda fövqəltəbii heç nə yoxdur. İndiki Ermənistan hakimiyyəti ordunun modernləşdirilməsini həyata keçirə bilər, dünyanın bütün dövlətləri bu və ya digər şəkildə ordunun modernləşdirilməsini həyata keçirə bilər. İndiki hökumətin dövründə bu silahlar heç kimə qarşı yönəlməyib, lakin KTMT-yə münasibətdə Ermənistanın müttəfiq ordusu bütün digər silahlı qüvvələrə aid olan bütün tələblərə cavab verməlidir.

- Yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını mümkün hesab edirsinizmi?

- Paşinyan üçün sülh sazişinin imzalanması ölüm-qalım məsələsidir. Əgər o, Bakı ilə sülh sazişi imzalaya bilməsə, o zaman İrəvanda vəziyyət daha da pisləşəcək. Paşinyanı çox çətin vəziyyətə sürükləməyə çalışırlar, müxalifət onun siyasət xəttini Ermənistanın milli maraqlarına xəyanət siyasəti kimi ifşa etmək istəyir ki, bu da təbii ki, bundan uzaqdır. O, hər şeyə rəğmən, bu siyasəti davam etdirməli və Bakı ilə sülh müqaviləsi imzalamalı, lazım gələrsə, hətta siyasi cəhətdən sərtlik nümayiş etdirməlidir. İnanıram ki, Paşinyan yaxın vaxtlarda sazişin imzalanmasını həyata keçirmək üçün böyük ehtimalla bu istiqamətdə gedəcək.

- Moskvanın Bakı və İrəvanla bağlı mövqeyini necə qiymətləndirərdiniz?

- Moskva onu qaranlıqda oynamağa çalışanda son dərəcə mənfi qəbul edir. Bunu qurmaq istəyəndə Rusiya ilə razılaşmadan, “sizinlə sakitcə masanın altında oynayacağıq” deyərək, ölkənin xarici siyasətindən kiminsə maraqlarına uyğun istifadə etməyə çalışırlar. Bu, son dərəcə qəbulediməzdir və bu baxımdan Ermənistan müxalifətinin nümayəndələri yanılırlar. Nə qədər Moskva ilə oynamağa çalışsalar, bir o qədər də onunla əlaqəni itirəcəklər. Aydındır ki, həm Köçəryanın, həm də Sarkisyanın Moskvada və Rusiya Federasiyasının rəhbərliyi arasında əlaqələri var və başqa cür də ola bilməz. Moskvada əlaqələrin olması, siyasətçilərin, lobbi təşkilatlarının, o cümlədən Köçəryan və Sarkisyanla əməkdaşlığa yönəlmiş qurumların olması, bütün bunlar mövcuddur. Amma öz hərəkətlərini onunla əlaqələndirmədən rəsmi Moskvadan istifadə etməyə davam etsələr, oradakı təsirləri getdikcə azalacaq. Odur ki, indiki erməni müxalifətinin Moskva amilindən istifadə etməsi və indiki erməni müxalifətinin getdikcə nəzərə çarpan Qərb tərəfdaşları ilə əlaqəsi Kremli qıcıqlandıra bilər.

Fransada siyasi proseslərin aktivləşməsi istər-istəməz Ermənistanda siyasi əhval-ruhiyyənin yüksəlməsinə gətirib çıxarır. Fransadan belə asılılıq, hətta gülüncdür! Əgər Köçəryan və Sarkisyan tez-tez rusiyapərəstliklərindən danışırlarsa, o zaman Makronun maraqları üçün oynamağa ehtiyac yoxdur. Bəli, Makron parlament seçkilərinə görə çətin vəziyyətdədir, yaxşı, gəlin onu nə iləsə dəstəkləyək və siyasi uğurlarını Ukraynada olmasa, heç olmasa Ermənistanda göstərək. Vallah, bu gülüncdür... Bu baxımdan Ermənistanın qeyri-sabitliyi rəsmi Kremldə heç bir ruh yüksəkliyi yaratmır. Bakı ilə sabit, sistemli və mütəşəkkil münasibətlər böyük ölçüdə qalib gəlir.

- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı həmkarlarınızın nikbinliyini bölüşürsünüzmü?

- Ümumiyyətlə, nikbinlik var. Paşinyan üçün bu, son dərəcə vacibdir. Və dediyim kimi, təxribatlara tab gətirə bilsə və hazırkı prosesləri normal şəkildə başa çatdıra bilsə, o zaman Ermənistan-Türkiyə münasibətləri bərpa olunacaq və Ermənistanla Azərbaycan arasında müqavilə imzalanacaq.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə