"Baydenin səfəri mühüm əhəmiyyətə malikdir" - POLİTOLOQ DANIŞDI

"Baydenin səfəri mühüm əhəmiyyətə malikdir" - POLİTOLOQ DANIŞDI

“Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Yaxın Şərq ölkələrinə səfər edəcək və bir müddət öncə Baydenin uzaq şərqə də səfərləri baş tutmuşdur. Bu səfərləri Rusiya, eləcə də Çinə qarşı səfərlər kimi qiymətləndirmək mümkün idi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O bildirib ki, məhz uzaq şərqə səfər zamanı Şimali Koreya yeni raket sınaqlarını həyata keçirdi: "Bu regionda da təhlükələrin və təhdidlərin olması mənzərəsi formalaşdı. Hazırda isə Bayden yaxın şərqə səfər edəcək. ABŞ prezidentinin İsrail, İordaniya və Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Səfər tarixi 13-16 iyul dövrünə təsadüf edir. Səfər çərçivəsində həm də Baydenin Fələstin dövlətinin başçısı Mahmud Abbas və Səudiyyə Ərəbistanın vəliəhd şəhzadəsi Məhəmməd İbn Salmanla da görüşü gözlənilir.

Xüsusilə vurğulamaq lazımdır ki, son dövrlər İsrailin ərəb dünyası ilə yaxınlaşması siyasəti həyata keçirilir və bu israil tərəfindən böyük uğur kimi qələmə verilir. Məlumdur ki, İsraillə ABŞ arasında da çox sıx və möhkəm münasibətlər vardır. Baydenin bu səfərindən sonra İsrailin ərəb dünyası ilə əlaqələri inkişaf edəcəkdir. Çünki İsrail dövləti ABŞ-ın regionda maraqlarının əsas təmsilçisidir. Digər bir əsas qüvvə isə Türkiyə Cümhuriyyətidir. Bu regionda təhlükəsizliyin qorunması baxımından da Türkiyə ilə İsrailin maraqları üst-üstə düşür. Bu konteksdə biz İsrail-Türkiyə münasibətlərinin yaxınlaşdığını deyə bilərik. Digər önəmli məsələ isə ABŞ-ın Rusiya ilə mübarizəsidir və bu mübarizə məkanı Ukrayna ərazisidir. Bu baxımdan da ərəb dünyası ilə ABŞ arasında anti-rusiya əhval-ruhiyyəsinin gücləndirilməsi siyasəti də tətbiq olunur. Çünki ərəb dünyası bu proseslərdən özünü kənar tutmağa çalışır. Lakin dünyanın bölüşdürülməsi kontekstində ABŞ ərəb dünyasının yanında durmağa çalışır. Ərəb dünyası ilə münasibətlər daha çox rəsmi Vaşinqtonun siyasəti ilə öz geosiyasi vektorunu müəyyənləşdirən dövlətlər arasında baş verir. İlk növbədə yaxın şərqdə inkişaf etmiş və böyük neft-qaz resurslarına malik olan dövlətlər hər zaman ABŞ-ın yürütdüyü siyasətə uyğun addımlar atır. Bu addımlar ABŞ tərəfindən də dəstəklənir. Bu baxımdan Baydenin səfəri mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Fələstin dövlətinin başçısı ilə keçirilən görüşlər həm də son dövrlər İsraillə Fələstin arasında gərginləşən münasibətləri soyutmaq mahiyyəti güdür. Daha öncə Trampın hakimiyyəti dövründə çoxillik siyasi nizamlanmaya hesablanmış bir planı var idi. Təəssüflər olsun ki, bu planı həyata keçirmək mümkün olmadı. Bu planın başında Trampın kürəkəni dayanırdı. Bu siyasətin yeni formada davam etdirilməsinin təşəbbüskarı da Baydendir. Bayden yaxın şərqdə siyasi, sosial, iqtisadi, hərbi münasibətlərin nizama salmaq üçün öz səylərini gücləndirir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə