“Heydər Əliyev bizə hər zaman düzgün olan yolu göstərirdi“ - DEPUTAT ŞƏRH ETDİ

“Heydər Əliyev bizə hər zaman düzgün olan yolu göstərirdi“ - DEPUTAT ŞƏRH ETDİ

“15 İyun- Qurtuluş Günü çox əhəmiyyətli bir gündür. Bu gün Azərbaycan xalqının həyatında, taleyində silinməz bir iz buraxmış yeni Azərbaycanın təməlinin qoyulduğu mühüm gündür. Bu tarixdə Azərbaycan xilas oldu, məhv olmaqdan, yox olmaqdan qurtuldu”. Bu fikirləri SİA-ya açıqlamasında Millli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu elə bir zaman idi ki, xalq olaraq ölüm-qalım mübarizəsi aparırdıq: “Tarix onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Biz bunu yaxın keçmişdə də gördük. 1991-ci ildən sonra Azərbaycan həm daxildən, həm xaricdən xaosla qarşılaşıb. Daxildə vətəndaş müharibəsi həddinə gəlmiş bir üsyan, xaricdə isə qondarma Qarabağ münaqişəsi ilə Azərbaycan qarşı-qarşıya qalmışdır. Ölkə iqtisadiyyatı, büdcəsi, sənayesi, ordusu tamamilə yox olub, talanmışdır. Ölkə şimaldan, cənubdan parçalanmaq təhlükəsi yaşayırdı. Azərbaycanda dövlətçilik və millətçilik mexanizmləri demək olar ki, yox olmaq üzrə idi. Belə bir vaxtda xalqın Ulu Öndər adını verdiyi Heydər Əliyev xalqın istək və tələbi ilə hakimiyyətə gəldi. Bununla da Azərbaycanın qurtuluşu baş verdi. Ötən illər ərzində Azərbaycan öz kimliyini isbat etmək üçün, dünya ölkələri sırasında öz layiqli yerini tuta bilməsi üçün böyük bir mübarizəyə qalxdı. Bu mübarizənin başında Ümummilli Lider Heydər Əliyev dayanırdı. Ötən illər onu bizə göstərdi ki, bu millətin böyük bir ataya, liderə ehtiyyacı var idi. Heydər Əliyev bizə hər zaman düzgün olan yolu göstərirdi. Bu gün biz sadəcə qurtuluşumuzu qeyd etmirik, eyni zamanda Şuşalı, Qarabağlı vətənimizin qurtuluşunu qeyd edirik.

Birmənalı olaraq demək lazımdır ki, ötən ilin bu tarixində Şuşada imzalanan Şuşa Bəyannaməsi, Türkiyə ilə Azərbaycan arasında imzalanan tarixi bəyannamə öz kökünü məhz 29 il bundan əvvəlki qurtuluşumuzdan alır. Böyük Qurtuluşdan başlayan yolumuz bu gün Şuşa Bəyannaməsi ilə davam etdirilir. Biz bu yolda xilaskar Prezident Ali Baş Komandan İlham Əliyevlə inamla irəliləyirik. Bu gün Azərbaycanın böyük müttəfiqi, qardaşı, dostu olan Türkiyə ilə birlikdə Azərvaycan Cənubi Qafqazın və dünyanın durmadan parlaq ulduzuna çevrilir və çevrilməkdədir. Başda ölkə başçısı cənab İlham Əliyev olmaqla xalqımızı Qurtuluş günü və Şuşa Bəyannaməsinin 1 illiyi münasibəti ilə təbrik edirəm”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə