PREZİDENT İLHAM ƏLİYEV: “Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır!” TƏHLİL
“Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”. Bu fikirləri Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib. Azərbaycanın iqtisadi cəhətdən müstəqil ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.
QÜDRƏTLİ ORDU, GÜCLÜ İQTİSADİYYAT, BEYNƏLXALQ ARENADA ÖNƏMLİ MÖVQE, MÜSTƏQİL XARİCİ SİYASƏT VƏ QALİB ÖLKƏ
Öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları: qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. 19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 19 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 19 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb. Bütün bunlarla yanaşı, son 19 ildə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 50 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir. Həmçinin, bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Qoşulmama Hərəkatının Zirvə görüşündə isə dövlətimizin başçısı BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs də beynəlxalq birlik tərəfindən dəstəkləndi.
PREZİDENT İLHAM ƏLİYEVİN QURDUĞU ORDU 30 İL DAVAM EDƏN İŞĞALA 44 GÜNDƏ SON QOYDU
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra ulu öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu idi. Bu istiqamət Prezident İlham Əliyevin də güclü dövlət konsepsiyasının tərkib hissəsi oldu. Peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı. Həmişə olduğu kimi, yenə də işğalçı Ermənistan 2020-ci ilin sentyabrın 27-də növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın, Azərbaycan Prezidenti İlham Əliyevin «İRƏLİ!» əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
“BİZ GÜCLÜ OLMASAQ, İSTƏDİYİMİZ KİMİ YAŞAYA BİLMƏRİK”
“Bəli, bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də”.Prezidenti İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsi ilə bağlı bildirib və güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”. Prezident İlham Əliyev onu da vurğulayıb ki, bütün bunlara 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır: “Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq”.
“SİYASİ VƏ İQTİSADİ MÜSTƏQİLLİK İMKAN VERDİ Kİ, BİZ ÖZ HƏYATIMIZI BİLDİYİMİZ KİMİ QURAQ”
Azərbaycan Prezident ionu da vurğulayıb ki, siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq: “Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər”. “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”,-deyən dövlət başçısı bildirib ki, biz iqtisadi cəhətdən müstəqilik: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir”.Bir sözlə 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək regionun daimi sülh və əmin-amanlıq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Və bu baxımdan da Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Və qalib ölkənin qalib lideri Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: “Ermənistan istəsə də, istəməsə də...”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə