Anti-Azərbaycançı sayt və sosial şəbəkə istifadəçilərinin çirkin üzü TƏHLİL
Bu gün sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir. O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan, sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. Lakin təəssüf doğuran odur ki, hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də var.
Qeyd edək ki, bir neçə il əvvəl Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşdə söz və mətbuat azadlığı ilə bağlı ölkəmizə yönəlik iddiaları qətiyyətlə rədd edərkən demişdir: “Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə – “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!” Şübhə yoxdur ki, bu sözlərin deyilməsindən keçən müddət ərzində Azərbaycanda həm internet, həm də sosial şəbəkə istifadəçilərinin sayı bir qədər də artıb. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, Prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir. Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur. Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna da heç bir vəchlə biganə qalmaq olmaz.
“Sapı özümüzdən olan baltalar”....
Təəssüf doğuran odur ki, bu gün Azərbaycanın uğurlarını həzm edə bilməyənlər yenə də sosial şəbəkələrdə «sapı özümüzdən olan baltalar» yenə də həyasızcasına dövlətin, millətin maraqlarını heçə sayan antimilli ünsürlər Azərbaycan əsgəri, qazisi və nəhayət, Azərbaycan xalqı adından danışırlar. Bunu 44 gün ərzində əldə etdiyimiz Qələbə zamanı daha aydın gördük. Belə ki, 44 günlük Vətən müharibəsi, ölkə həyatı üçün çox böyük hərbi siyasi məna kəsb etdi, ölkə daxili siyasəti şərtləndirən əsas amilə çevrildi. Xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı. Qarabağı bizə qaytaran qəhrəman əsgər və zabitlərimiz haqq mübarizəmizdə igidlik göstərdi. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür. Və Vətən Müharibəsi zəfərini həzm edə bilməyənlər Paşinyan səviyyəsində irəli gedə bilməyənlər, erməni dəyirmanına su tökməklə abırsızlıqlarını nümayiş etdirən - Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və bu kimi məkrli niyyətlilər təcavüzkar ölkənin - özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanı və bu ölkənin olmayan «iqtisadiyyatını» sitat gətirənlərə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Son dövrlər isə onlar ölkənizə qarşı kampaniya vasitəsi kimi internet vasitələrindən – müxtəlif saytlardan və sosial şəbəkələrdən daha çox istifadə etməyə başlayıblar. Əsas hədəf isə yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vətəndaş qarşıdurması alovlandırmaq. Lakin bu gün sosial şəbəkələrdən şəxsi maraqları naminə açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tutanlar bilməlidirlər ki, fərdi iddialarını milli maraqlardan üstün tutmaq qətiyyən yolverilməzdir. Bütün narazılıqlar və tənqidlər qanuni vasitələrlə və əxlaq çərçivəsində ifadə olunmalıdır.
Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”
Bu yerdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Virtual Dünyada İnfodemiya və Saxta Xəbərlər” adlı panel sessiyasında çıxışı zamanı sosial media ilə bağlı dediyi fikirləri bir daha xatırlatmaq yerinə düşər: "Sosial media saxta xəbərləri böyüdür və süni intellekt bu problemi daha da gücləndirir". Hikmət Hacıyev onu da deyib ki, əslində, informasiya müstəvisində saxta xəbərlərin geniş yayılması yeni hadisə deyil. Bu çirkin tendensiya xüsusilə İkinci Qarabağ müharibəsi dövründə özünü büruzə verib. Sosial şəbəkənin erməni seqmentində Azərbaycan Silahlı Qüvvələrinin məğlub olmasına, texnikasının məhv edilməsinə, Azərbaycan hərbçilərinin guya cinayət törətməsinə, müharibədə Yaxın Şərqdən olan muzdluların Azərbaycan tərəfdən “iştirakına” dair kütləvi şəkildə foto, video və məlumatlar yayılıb. Saxta.info dəfələrlə sosial şəbəkənin erməni seqmentində və erməni mediasında yayılan bu cür saxta xəbərləri araşdıraraq ifşa edib.
QHT adı altında fəaliyyət göstərən qüvvələrin çirkin maraqları
Qeyd edək ki, bu gün Azərbaycan müstəqillik əldə etdikdən və demokratik inkişaf yolu tutduqdan sonra bu vaxta qədər Azərbaycana qarşı müxtəlif vasitələrdən də istifadə edilib. Belə ki, bu da danılmaz faktdır ki, müxtəlif güc mərkəzləri milyonlarla vəsait xərcləyərək bu QHT-lər vasitəsilə Azərbaycanda ictimai-siyasi vəziyyətin pozulmasına nail olmaq istəyir, müxtəlif tədbirlər həyata keçirirlər. Bu gün isə həmin QHT adı altında fəaliyyət göstərən qüvvələrin, qrupların hamısı sosial şəbəkələrə keçib və buradan öz çirkin kampaniyalarını davam etdirir, Azərbaycanda və başqa ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına cəhd edirlər. Ancaq bütün səylərə baxmayaraq, bunlar indiyədək heç bir nəticə verməyib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun .Bir sözlə, bu gün Azərbaycana qarşı “qara piar” aparan xainlərin fəaliyyəti mütləq araşdırılmalı, düşmən təxribatlarında iştirak edənlər qanun qarşısında cavab verməlidirlər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB