"Ermənistan baş prokurorunun suveren Azərbaycan ərazisi olan Qarabağa qanunsuz səfər etməsi cinayətdir. Bu hadisə bir daha göstərir ki, Ermənistan rəhbərliyində təmsil olunan şəxslər Azərbaycanla sülh danışıqlarına, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasına ciddi zərbə vurmaqda davam edirlər". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu məsuliyyətsiz davranışları ilə beynəlxalq hüququn norma və prinsiplərinə böyük hörmətsizlik edirlər: "Əlbəttə ki, bu qanunsuz addımlar dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq dairələr tərəfindən də sərt şəkildə pislənilməlidir. Azərbaycan dövləti Ermənistana sülh təklif edir, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi, münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması üçün davamlı səylər göstərilir. Amma çox təəssüf ki, Ermənistan rəhbərliyi, dövlətdə təmsil olunan rəsmi şəxslər qanunsuz əməlləri ilə sülh prosesinə mane olurlar. Əminliklə demək olar ki, Azərbaycan dövləti bütün imkanları ilə bu cinayəti törədən şəxslərin ciddi cəzalanmasına nail olacaq. Ermənistan baş prokurorunun, eləcə də digər bu kimi şəxslərin Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik etməsinə Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarının biganə qalması da böyük təəssüf doğurur. Sülhməramlıların konkret vəzifəsi Qarabağda sülh və təhlükəsizliyə nəzarət etmək, ərazidə baş verə biləcək hər hansı insidentlərin qarşsını almaq, cinayətkar əməllərlə mübarizə aparmaqdır. Lakin, görünən odur ki, sülhməramlılar öz fəaliyyətlərini düzgün qura bilmirlər. İstənilən halda baş verən proseslər pislənilməlidir və bu qanunsuz əməllərə son qoyulmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB