“TEKNOFEST AZƏRBAYCAN” - DÜNYANI HEYRƏTLƏNDİRƏN «BİR MİLLƏT, İKİ DÖVLƏT» HƏMRƏYLİYİ TƏHLİL

“TEKNOFEST AZƏRBAYCAN” - DÜNYANI HEYRƏTLƏNDİRƏN «BİR MİLLƏT, İKİ DÖVLƏT» HƏMRƏYLİYİ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir”

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: “Can Azərbaycanın Prezidenti əziz dostuma təşəkkür edirəm”

Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, haqlı olduğumuz üçün haqq, ədalət, ərazi bütövlüyümüz bərpa oldu. Və bu gün qədim tarixlərin sınağından çıxmış, aforizm kimi dillər əzbəri olan “Azərbaycan-Türkiyə – Bir millət, iki dövlət” həmrəyliyinin nəticəsində Qələbə Zəfrinə nail olduq. O da təsadüfi deyildi ki, Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da fəxri qonaq qismində iştirak etdi, möhtəşəm qələbə qürurumuzu bizimlə birlikdə yaşadı, sevincimizi paylaşdı. Türkiyə Prezidenti işğaldan azad olunan ərazilərimizə də səfər edərək barbar ermənilərin o torpaqlarda törətdiyi vəhşiliklərə, tarixi, mədəni, dini irsimizə qarşı nümayiş etdirdiyi vandallığa əyani şahidlik etdi.Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılaraq bu torpaqlarda yalnız quruculuq-bərpa işlərinin aparılacağına, bu yerlərdə yalnız sülh və əmin-amanlıq olacağına dair dosta da, düşmənə də mesaj verdi. Azərbaycanın böyük qayıdışla bağlı həyata keçirdiyi irimiqyaslı işlərə hər zaman köməklik göstərəcəklərini nümayiş etdirdi. Bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər. Bu həmrəylik, sarılmaz qardaşlıq hələ 1918-ci il 28 may tarixində Tiflsdə elan edilmiş Azərbaycan Demokratik Respublikasının Milli məclisi açılana kimi Müvəqqəti Milli Şuraya rəhbərlik etmiş Fətəli xan Xoyski yeni müstəqil dövlətin ilk addımını 4 iyun tarixində - yəni 1 həftə sonra Türkiyə ilə əlaqələrlə atmışdır. Osmanlı imperatorluğu ilə Azərbaycan Milli Şurası arasında Batum Andlaşması rəsmi sənədinin 4-cü maddəsinə əsasən Türkiyə hərbi güc vasitəsi ilə Azərbaycanın Rusiyanın istilasından xilas olması, xalqın qorunması məqsədilə öz köməyini göstərməyə razılaşmışdı. Tarixi sənədi Türkiyə tərəfdən Ədliyyə naziri Xəlil bəy və 4.Kolordi komutanı Vehip paşa, Azərbaycan tərəfdən Məmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmməd Həsən bəy imzalamışlar.Azərbaycanda bolşeviklərə böyük dəstək verən ermənilərin Bakıda törətdikləri soyqırımın qarşısının alınması üçün Azərbaycan Demokratik Respublikasının Rəyasət Heyətinin sədri Məmməd Əmin Rəsulzadə və Dağıstan milli rəhbəri Heydər Mammat İstambula gəlmiş, Tələt və Ənvər paşa ilə görüşmüşlər və Türkiyə dərhal öz ordusunu Azərbaycana göndərmək üçün hazırlamışdır. Bax, hələ o vaxt Türkiyə –Azərbaycan birliyi, həmrəyliyi bu gün də də davam edir. Heç də təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev 1997-ci il 8 may tarixində Türkiyənin İş Adamları ilə Görüşdə söylədiyi nitqində Soyqırım illərində Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün Azərbaycana göstərdiyi böyük diqqəti yüksək qiymətləndirərək demişdir: ”... böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-ci ildə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda Azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq” .Və bu gün də 100 illik tarixi yenilənmədə yenə “bir millət, iki dövlət”-in birlik, həmrəylik həyat fəlsəfəsinin şahidi oluruq. Bu dəfə Azərbaycanın Müstəqil Dövlət kimi daha qüdrətli olması Türkiyənin mənəvi dəstəyi ilə Vətən torpaqlarımızı işğal etmiş erməni vandalları ilə təkbaşına mübarizə aparmasında bir daha təsdiqlənir.

PREZİDENT İLHAM ƏLİYEV: “AZƏRBAYCAN XALQI HEÇ VAXT BU QARDAŞLIĞI UNUTMAYACAQ”

Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla dostluğumuzun, qardaşlığımızın nə qədər sarsılmaz olduğunu, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də böyük öndərlərin bu fikirlərinin Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd olunub. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmli məqamlardır. Prezidentinin bu günlərdə Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində söylədiyi fikirlər də qardaş ölkələrimiz arasında münasibətlərin dünəninə, bugününə və gələcəyinə bir baxış kimi dəyərləndirilməlidir. “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi...İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir...Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq», söyləyən dövlət başçısı, həm də Türkiyənin gündən-günə gücləndiyini, sürətlə inkişaf etdiyini deyərək vurğulayıb ki, bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.

ŞAD GÜNDƏ DƏ, DAR GÜNDƏ DƏ HƏMRƏY OLAN QARDAŞLAR

Bəli, istər Azərbaycanın, istərsə də Türkiyənin xoö günlərində də, çətin günlərində də bir-birinin yanında olub, Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!

“TEKNOFEST AZƏRBAYCAN” - DÜNYANI HEYRƏTLƏNDİRƏN İKİ DOST, QARDAŞ, MÜTTƏFİQ ÖLKƏLƏR - AZƏRBAYCAN VƏ TÜRKİYƏ SARSILMAZ BİRLİKLƏRİ, HƏMRƏYLİKLƏRİ

Elə bu günlərdə Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etmələri iki dost, qardaş, müttəfiq ölkələr - Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə növbəti dəfə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Festivalda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı bu birliyin dünyaya bir daha nümayişi idi. Azərbaycan Prezidenti İlham Əliyev Festivalda çıxışı zamanı bildirdi ki, bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.Bəli, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

PREZİDENT İLHAM ƏLİYEV: “Müstəqillik günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olması bizim üçün ikiqat bayramdır”

“Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır”.Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST- Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 2 ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız bizim daim yanımızda olub. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir”, - deyə dövlətimizin başçısı qeyd edib.

AZƏRBAYCAN PREZİDENTİ: “Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”

Prezident İlham Əliyev sınaqlardan çıxmış qardaşlığımız, birliyimiz xalqımız üçün əsas yol istiqamətidir: “Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə və dünya üçün də çox önəmli faktordur”.Dövlətimizin başçısı deyib ki, Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik, güvənlik, sabitlik faktorudur. Türkiyə Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq: «Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

AZƏRBAYCAN PREZİDENTİ: “TEKNOFEST-Azərbaycan” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir”

“Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi, bu, bütün dünyaya verilən aydın mesaj idi. Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq»,-deyən dövləçtimizin başçısı keçən ilə Milli Qurtuluş Günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bir olmasına toxunaraq bildirib ki, bu bir daha qardaşlığımızın, birliyimizin nümayişidir: «Keçən il Milli Qurtuluş Günündə - iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı və bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış zamanı Azərbaycanın Müstəqillik Günündə bərabər olmaqdan böyük məmnunluq duyduğunu bildirib: «Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü səmimi qəlbdən təbrik edirəm. İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirəm»,- deyərək Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına səmimi qonaqpərvərlik üçün təşəkkür edib: «Xəzərin incisi Bakıda “Bir millət, iki dövlət, tək festival” şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST”i keçiririk. Əziz Səncər hocamıza bu qürur günümüzdə həyəcanımızı bölüşdüyü üçün yenə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın türkü söylədiyi diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əbədi və əzəli qardaşlığımızı Rəbbim daimi etsin».

RƏCƏB TAYYİB ƏRDOĞAN: “Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinədək uzanmaqdadır”

“Bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla dərk edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk”.Bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

RƏCƏB TAYYİB ƏRDOĞAN:”Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz”

Türkiyə Prezidenti çıxışı zamanı vurğulayıb ki, Türkiyə Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əslində də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq: «Eynilə Anadolu kimi, bura bizim də torpağımızdır. Eynilə Türkiyə kimi, bura bizim də Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura bizim də öz yurdumuzdur. Eyni ilə Türkiyənin hər bir qarışı da sizlərin Vətəninizdir, yurdunuzdur”.Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz. İki qardaşı heç bir məsafə ayıra bilməz, könüllərimiz arasında kimsə sərhəd çəkə bilməz.Bəli, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən dediyi kimi: «Bundan sonra Güclənən bir Azərbaycan, Güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Bir sözlə, iki güclü ölkənin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəmir siyasəti daha da möhkəmlənəcək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR! Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”Bu gün bir millət, iki dövlət - Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi tarixindəki ən yüksək zirvəyə yetişib. İndi Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə birgə iştirak edir, xoş gündə də, dar gündə də bir-birinin yanında olur, dayağını, dəstəyini göstərir. Bütün çətinliklərə, problemlərə qarşı çiyin-çiyinə mübarizə aparır və birgəliyin verdiyi əzmlə, güc ilə hər zaman qalib gəlir, bundan sonra da QALİB OLARAQ GÜCLƏNƏCƏK!!!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə